Baş nazirin adı ilk dəfə qadın alverində - hesabat

bas-nazirin-adi-ilk-defe-qadin-alverinde-hesabat
Oxunma sayı: 685

Hesabata görə, Azərbaycan Özbəkistan və Qazaxıstandan olan qadınların fahişəliklə məşğul olmaq üçün göndərildiyi ölkələrdən biridir. Həmçinin Orta Asiya respublikasından olan qadınlar Azərbaycandan tranzit kimi istifadə edərək digər ölkələrə göndərilirlər. Sənədə görə, Azərbaycanda Çindən olan ucuz işçi qüvvəsi geniş yayılıb, çinlilər ucuz işçi qüvvəsi kimi əsasən tikintidə və digər ağır işlərdə işləyirlər. Çinli qadınlar isə Azərbaycandakı küçə ticarəti ilə məşğuldur.

Dövlət Departamenti bildirir ki, Azərbaycan hökuməti trafikinqin qarşısının alınmasına dair minimum standartları yerinə yetirmir. Xüsusən də hökumət işçi qüvvəsinin alveri ilə bağlı halların araşdırılmasına, günahkarların cəzalandırılmasına dair kifayət qədər uğurlar əldə edə bilməyib. Ona görə də Azərbaycan artıq dördüncü ildir ki, dalbadal insan alverinə qarşı kifayət qədər mübarizə aparmayan ölkələrin siyahısına (2-ci siyahı) daxil edilir. Baxmayaraq ki, hökumət insan alverinə qarşı minimal standartları təmin etmək barədə yazılı plan təqdim edib. Hesabatda deyilir ki, bu plana baxmayaraq işçilərin məcburi əməyə cəlb edilməsi halları ilə bağlı günahkarlar cəzalandırılmayıb. “Bundan əlavə qadın alveri ilə məşğul olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair faktların da son vaxtlar azaldığı müşahidə edilir” deyə, hesabatda bildirilir.
Dövlət Departamenti Azərbaycan hakimiyyətinə tövsiyə edir ki, işçilərin məcburi əməyə cəlb edilməsi hallarını aşkar etmək üçün səyləri artırsın, bu alverin qurbanlarının müdafiəsinə yönələn milli mexanizmləri formalaşdırsın, təminat verilsin ki, haqı ödənilməyən məcburi əməyə cəlb edilən işçilər hökumətin insan alveri qurbanlarına yardımlarından bəhrələnəcək. Həmçinin hakimiyyətdən tələb olunur ki, insan alverinə qarışan məmurların, o cümlədən regional polis məmurlarının cəzalandırılmasını təmin etsin, insan alveri qurbanlarının polisə formal ərizə ilə müraciət etməsini gözləmədən onlara ilkin yardım göstərsin. Hesabatda deyilir ki, Azərbaycanda insan alverinə qarşı qanunvericilikdə bu əməllə məşğul olanlara qarşı sərt cəzalar nəzərdə tutulur. Lakin hökumət ötən il insan alverinə görə həbs edilənlərlə bağlı informasiyaları təqdim etməyib. Rəsmi statistikada isə deyilir ki, ötən il insan alverinə görə 28 nəfər həbs edilib. Müqayisə üçün göstərilir ki, 2009-cu ildə 58 belə cinayətkar həbs edilmişdi.
Dövlət Departamenti bildirir ki, hakimiyyət 2009-cu ildə yüzlərlə bosniyalı serbin ölkədə qul kimi işlədilməsinə dair faktla bağlı araşdırma aparmayıb. Həmçinin sənəddə deyilir ki, bir çox hallarda fahişəxanalar kimi fəaliyyət göstərən motellərin, sauna və barların arxasında ayrı-ayrı polis məmurlarının dayandığına dair iddialar da araşdırılmayıb. Ümumiyyətlə, insan alverinə adı qarışan hökumət məmurlarının heç biri barəsində araşdırma getmir. Hesabatda hökumətin gördüyü tədbirlərdən də bəhs edilir və göstərilir ki, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı proqram var. Məsələn, Polşada aşkarlanan və uzun müddət qul kimi işlədilən üç insan alveri qurbanına hökumət tərəfindən yardımlar edilib, yaşayış yeri ilə təmin edilib. Həmçinin trafikinqin qurbanı olan 319 qadına müvafiq proqram çərçivəsində yardım göstərilib.

Xatırladaq ki, ötən həftə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini general Vilayət Eyvazov da parlamentdə hesabatla çıxış etmişdi. Hesabatın təqdimatı zamanı nazir müavini demişdi ki, bəzi QHT-lər ölkədə insan alveri ilə bağlı həqiqətəuyğun olmayan faktlar yayır və bu faktlar xarici ölkələrdə hazırlanan hesabatlarda əksini tapır. Parlamentin bəzi üzvləri də ad çəkmədən Azərbaycana dair hesabatlar hazırlayanları pisləmişdi. Aydın idi ki, söhbət ABŞ-dan və onun insan alverinə qarşı hər il açıqlanan hesabatlarından gedir.
Bu arada Dövlət Departamentinin hesabatında ilk dəfə baş nazir statusunu daşıyan şəxsin adı da qadın alverində çəkilir. Söhbət İtaliyanın baş naziri Silvio Berluskonidən gedir. Hesabatın İtaliyaya dair hissəsində bu ölkədə insan alverinə adı qarışan şəxslərin konkret siyahısı yer alır və onların arasında Berluskoni də var. Hesabatda göstərilir ki, əslən Mərakeşdən olan Kərimə Məxluq adlı qız 16 yaşında olarkən Berluskoni tərəfindən cinsi istismara məruz qalıb, bu barədə qızın məhkəməyə verdiyi ifadələrə də hesabatda yer verilir. Bundan əlavə Berluskoni azyaşlıların fahişəliyə cəlb olunmasını himayə etməkdə də suçlanır. İtaliya müxalifəti baş nazirin adının bu hesabatda yer almasını ölkə üçün “rüsvayçı fakt” adlandırıb.

musavat.com