Baş nazirin müavini Şəhidlər Xiyabanındakı sürüşmə haqqında açıqlama verdi - Fotolar, yenilənib

bas-nazirin-muavini-sehidler-xiyabanindaki-surusme-haqqinda-aciqlama-verdi-fotolar-yenilenib
Oxunma sayı: 684

"Çatlar baş verən ərazi gillə doldurulacaq, bərkitmə işləri aparılacaq, torpağın üst hissələri izolyasiya olunacaq ki, dərin qatlara su keçməsin, su axan kanalların sayı artırılacaq", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə əraziyə gəlmiş Şərifov bildirib.

Onun sözlərinə görə, həmçinin ərazidə 30-40 metr dərinliyə beton svaylar basdırılacaq, həmçinin ərazidəki yaşayış yerlərinə içməli su istisna olmaqla bostan üçün verilən su azaldılacaq.

Baş nazirin müavini qeyd edib ki, təşvişə ehtiyac yoxdur.

"Buranın sürüşmə zonası olması hamıya bəllidir, on illərdir ki, buranın sürüşmə zonası olduğunu hamı bilir. 2000-ci ildə bu ərazidə ən böyük sürüşmə baş vermişdi", - o deyib.

Abid Şərifov bildirib ki, hər rüb Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Bayılın yamacında baş verən dəyişikliklərlə bağlı Nazirlər Kabinetinə məlumatlar verilir.

"16 avqustda verilən məlumatlarda gördük ki, bu ərazidə dəyişikliklər var. Bu səbəbdən gəldik baxaq ki, dəyişikliklər nədən ibarətdir və daha böyük sürüşmənin qarşısını almaq üçün tədbirlər görülsun", - Şərifov deyib.


Gülüstan sarayından 50-60 metr aralıda Şəhidlər Xiyabanının aşağısından Bayıla doğru çat əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin ərazidə olan əməkdaşı bildirib ki, çat 2000-ci ildə burda baş verən sürüşmə trayektoriyası boyuncadır. Təxminən 12 gün əvvəl müşahidə olunub. Bir neçə santimetrlik çatlar yaranıb.


Hazırda sürüşmə bölgəsindən 500-600 metr aralıda tikinti işləri gedir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı sürüşməyə tikintinin səbəb olduğunu istisna edib.

Sürüşmə təhlükəsi ilə əlaqədar Bayıl yamacı istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Azadlıq Radiosunun əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov hadisə yerindədir. FHN-nin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.