Baş prokuror hesabat verdi

bas-prokuror-hesabat-verdi
Oxunma sayı: 684

Əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa az ağır zərər vurma, seksual xarakterli zorakılıq hərəkətləri, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 24 min 263 cinayətin 82,9 faizinin açılması təmin edilib. Daxili işlər orqanları ilə birlikdə aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayətlərin üstü açılıb. Keçmiş illərdə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətinin, o cümlədən, Daxili İşlər nazirliyi və Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin əməliyyat qurumları ilə əlaqəli şəkildə Gəncə şəhər sakini B. Nəsirovun 2 iyul 2006-cı il tarixdə Göygöl rayonu Çaykənd kəndi ərazisində, habelə 1 mart 2008-ci il tarixdə A. Juravlyovun Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində qəsdən öldürülmələri kimi ağır cinayətlərin açılması təmin edilib və hər iki iş üzrə istintaq yekunlaşdırılmaqla təqsirləndirilən şəxslər məhkəmə məsuliyyətinə verilib.

2011-ci ildə Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsas istiqamətlərindən olan istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin aparılan islahatlara müvafiq olaraq yeni müstəvidə təşkili istiqamətində görülən işlərin müsbət nəticələri olub, il ərzində bütün istintaq orqanları üzrə 15 min 661 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9650 iş məhkəmələrə göndərilib, ümumi müddət pozuntusu ilə istintaq olunma faizi 7,7-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyan ödətdirilməsi ilə əlaqədar səmərəli tədbirlərin həyata keçirilməsi, istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi təmin edilib.

Eyni zamanda, 2010-cu ilin sentyabrında Lənkəran rayonunun Qumbaşı kənd sakini Elşən Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsi və digər şəxsə xəsarətlər yetirilməsi, 2011-ci ilin iyul ayında «Azər-Ross» MTK-nın həmtəsisçisi Ə. Piriyevin öldürülməsi və mühasibin qəsdən öldürülməsinə cəhd edilməsi faktları üzrə də idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub.

Bakı şəhər prokurorluğu orqanları tərəfindən də fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması və cinayətkarlığa qarşı kəsərli mübarizənin təmin olunması istiqamətində məqsədyönlü tədbirlərin görüldüyü, Nərimanov rayonu ərazisində ər-arvad Əkbərovların qətlə yetirilmələri, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin meyitinin Xızı rayonu ərazisində aşkar edilməsi kimi xüsusilə ağır cinayətlərin açıldığı, konkret cinayət işləri üzrə peşəkarlıq səviyyəsində istintaq aparıldığı müsbət hal kimi dəyərləndirilib. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində İlyas Vahabovun yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən öldürülməsi, Siyəzən rayonu ərazisində naməlum kişi meyitinin aşkar edilməsi, Şirvan şəhərində Azər Məmmədovun və Xaçmaz rayonunda Dövlət Reyestr Xidmətinin rayon şöbəsinin əməkdaşı Cümşüd Xudaverdiyevin qəsdən öldürülmələri hadisələrinin açılması və başlanmış cinayət işlərinin peşəkarlıq səviyyəsində istintaqının aparılması xüsusi vurğulanıb.