Baş redaktor səfirdən borc istədi

bas-redaktor-sefirden-borc-istedi
Oxunma sayı: 683



“Hörmətli cənab səfir!

2011-ci il oktyabrın 19-da Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinin əməkdaşları «Xural» qəzetinə gələrək Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Prezident Administrasiyası İşlər İdarəsinin «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov və müğənni Nüşabə Ələsgərlinin müxtəlif vaxtlarda qəzetimizə qarşı maddi təzminat iddiaları ilə bağlı ümumilikdə 19.000 (on doqquz min) min manat məbləğində cərimələri əsas gətirərək, «Xural» qəzetinin əmlakını siyahıya aldılar.

19 oktyabr tarixində 7 saat müddətində siyahıyaalma aparan məhkəmə icraçıları axşama doğru Nərimanov rayon məhkəməsinin qərarını redaksiyaya təqdim edərək (qərardadın surəti məktuba əlavə olunur) «Xural» qəzetinin bütün intellektual əmlakını müsadirə etdilər.

Lakin bu qərarlar Azərbaycan Respublikasının qanunlarına zidd olaraq aparılıb. Həmin qanunsuzluqlar bunlardır:

1. «Xural» qəzeti «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun iddiası üzrə cərimə qərarını yerinə yetirib və cəriməni məhkəmədən dərhal sonra ödəyib (cərimənin ödəniş qəbzi əlavə olunur);

2. Müğənni Nüşabə Ələsgərlinin qəzetimizə qarşı 200 (iki yüz) manatlıq maddi təzminat da ödənilib (pulun ödənilməsini təsdiq edən icra vərəqəsi əlavə olunur). Lakin məhkəmə ödənişi gecikdirdiyimizə görə, qəzet redaksiyasını əlavə olaraq 3.000 (üç min) manat dövlət büdcəsinə ödəmək şərtilə təkrar cərimələyib. Bu cərimənin müğənni N.Ələsgərliyə heç bir aidiyyatı yoxdur və bu qərar hakimiyyətin siyasi sifarişi ilə çıxarılıb.

3. 19 oktyabr 2011-ci ildə Nərimanov rayon məhkəməsi «Xural» qəzetinin əmlakının müsadirə ilə bağlı qərar çıxararkən qarşı tərəfə 10 gün ərzində qərardaddan şikayət etmək üçün müddət tanıyıb. Ancaq Nərimanov rayon məhkəmə icraçıları bu müddəti gözləməyərək və bizim şikayətimizə fürsət verməyərək dərhal müsadirəni həyata keçirib.

4. Azərbaycan Respublikasının məhkəmə qərarlarının icrası haqqında qanunun 17-ci maddəsində göstərilir ki, məhkəmə qərarı dərhal icra olunursa məhkəmə mütləq İcra vərəqəsi verməlidir. 19 oktyabr 2011-ci ildə Nərimanov rayon məhkəməsi tərəfindən belə bir qərar verilməyib, əksinə, «Xural» qəzetinə 10 gün müddət tanıyıb. 10 gün müddət tamamlanmadan Nərimanov rayon məhkəməsinin bu qərarı hüquqi qüvvəyə minmir. Nərimanov məhkəmə icraçıları oktyabrın 19-da məhkəmə qərarı hüquqi qüvvəyə minmədən «Xural» qəzetinin əmlakını müsadirə edib.

5. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası üzrə «Xural» qəzetinin 10.000 (on min) manat cərimə ödənişinin dayandırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik və hazırda iş baxılması üçün icraata alınmışdır. Məhkəmə baxışı keçirilməsi gözlənilən bir işin icraya yönəldilməsi qanunsuzluqdur. Buna baxmayaraq, 19 oktyabr 2011-ci ildə Nərimanov rayon məhkəməsinin qərarında Ramiz Mehdiyevin iddiası əsasında qəzetin əmlakının müsadirə olunması da göstərilib (qərarın surəti əlavə olunur).

6. «Xural» qəzetinin əmlakı siyahıya alınarkən redaksiyanın müqavilə əsasında kirayələdiyi 50 kv metrlik sahədə olan 7 kompüterin hamısı, o cümlədən redaksiyanın yaxınlığında yerləşən «liberal.az» saytına məxsus 2 kompüter qeyd olunub. «Liberal.az» saytının «Xural» qəzetinə heç bir aidiyyatı olmamasına və redaksiyanın kirayələdiyi ərazidən kənarda, özünün müqavilə əsasında kirayələdiyi otaqda olmasına baxmayaraq, onun da əmlakı müsadirə olundu.

7. Redaksiyanın bütün əmlakı – 7 kompüter, 2 printer, 2 skaner və «liberal.az» saytına məxsus 2 kompüter müsadirə olunub. Müsadirə prosesi aparılarkən, qanunvericiliyin əksinə olaraq, redaksiyanın «zəruri ehtiyac hiss etdiyi» heç bir əmlak saxlanılmamışdır. Hətta redaksiyanın qızdırılması üçün istifadə edilən 2 elektrik qızdırıcısının hər ikisi, zəruri olan yeganə diktafon aparılmışdır (Müsadirə olunan əmlakla bağlı protokolun siyahısı məktuba əlavə olunur).

Hörmətli cənab səfir!

Diqqətinizə çatdıraq ki, 19 oktyabr 2011-ci ildə Nərimanov Rayon Məhkəməsi qanunsuz bir qərar çıxarmaqla və məhkəmə icraçıları dərhal qərarı icra etməkdə siyasi hakimiyyətin məqsədi əslində daha bir tənqidçi və müstəqil medianı – «Xural» qəzetini bağlamaqdır. Təsadüfi deyil ki, əmlakının müsadirə olunmasına baxmayaraq, redaksiya əməkdaşlarının evlərindən gətirdikləri şəxsi «noutbuk»lar hesabına «Xural» qəzetinin 20 oktyabr 2011-ci il tarixli sayının işıq üzü görməsindən sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəxsi iradəsi ilə qəzetimizin çap olunduğu «Ekspress servis» mətbəəsinə təzyiq edildi və mətbəə qəzetimizin çap olunmasından heç bir ciddi əsas olmadan, ikitərəfli müqavilənin şərtlərini kobudcasına pozaraq imtina etdi.

Hörmətli canab səfir!

Nərimanov rayon məhkəməsi ödədiyimiz, həmçinin məhkəmə prosesi gedən cərimələri də əlavə etməklə, qəzetimizi 19 min manat cəriməsi olduğunu bildirir və bu fakt «Xural» qəzetinin nəşrinə maneə kimi göstərilir. «Xural» qəzetinə qarşı bu qanunsuz iddialar bir daha Azərbaycanda insan haqlarının, söz və ifadə azadlığının boğulmasını göstərir. Azərbaycanın siyasi hakimiyyətini təmsil edən ən yüksək çinli dövlət məmuru Ramiz Mehdiyev bir tənqidçi medianı susdurmaq üçün məhkəmələri alətə çevirir və bunlardan siyasi təzyiq kimi istifadə edir.

Hörmətli cənab səfir!

Demokratiyanın beşiyi hesab olunan Amerika Birləşmiş Ştatları dəfələrlə bəyan edib ki, söz və mətbuat azadlığı, insan haqları heç bir halda heç bir ölkənin daxili işi deyil və bu, beynəlxalq məsələdir. ABŞ on illərlə yürütdüyü siyasətdə demokratiyanın və insan haqlarının dəstəkçisi olduğunu sübut etmişdir. Təsadüfi deyil ki, ABŞ bütün dünyada demokratiyanın və insan haqlarının qarantı olan ölkə kimi tanınır.

«Xural» qəzeti olaraq Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə 10 min manat, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərliyə 5 min manat, dövlət büdcəsinə 3 min manat və «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərova yenidən və əlavə olaraq 1000 manat ödəmək üçün Amerika Birləşmiş Ştatları dövlətindən 19 min manat BORC PUL istəyirik. Bu BORCUN yaxın aylardan başlayaraq, hissə-hissə ABŞ dövlət büdcəsinə qaytarılması məsuliyyətini üzərimizə götürürük.

Hörmətli cənab səfir!

Ümid edirik ki, Siz bu müraciətimizi dəyərləndirəcək və ABŞ Dövlət Departamentinin rəhbərliyi və şəxsən cənab prezident Barak Obamanı Azərbaycanın dövlət rəhbərlərinin bir gündəlik qəzeti boğmaq üçün maddi təzminat tələblərindən xəbərdar edəcəksiniz və ABŞ dövləti analoqu olmayan səviyyədə iqtisadi inkişaf yolu ilə irəliləyən və demokratiya sahəsində iri addımlar atan Azərbaycandakı bir gündəlik nəşrə öz qayğısını göstərəcək.


Əlavə olunur:
1. Nərimanov rayon məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli, 19 min manat cərimənin olduğu səbəbindən «Xural» qəzetinin əmlakının müsadirəsinə hökm verən qərarının surəti;
2. AR PA rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında çıxarılan 02.07.2010-cu il tarixli, № 2(005)-254-2010 saylı qərarının surəti;
3. Nərimanov rayon icraçılarının məhkəmə qərarına əsas təşkil edən təqdimatının surəti;
4. Prezident yanında KİVDF-nin sədri Vüqar Səfərlinin iddiası üzrə Nərimanov rayon məhkəməsinin 24 aprel 2008-ci il tarixli qərarının surəti”.