Başımızın üstündəki şər

basimizin-ustundeki-ser-
Oxunma sayı: 920

Anlamışdım ki, müəllimlərimiz «Məlikməmmədin nağılı»ndan və Azərbaycan ədəbiyyatından başqa heç nə oxumadıqlarından hər zaman xeyirin şər üzərində təntənəli qələbəsini axtarır və bunu balaca beynimizə həyatın labüd fəlsəfəsi kimi yeritməyə çalışırlar. Mən isə belə anlarda yekə çıxmasın, məsələn, Cek Londonun «Tonqal»ının qəhrəmanının nəyə görə o qədər mübarizədən sonra öldüyü haqda düşünürdüm… Yeri gəlib, yazıram, dördüncü sinifdə oxuyanda ədəbiyyat müəllimimdən Əbdürrəhim bəy Haqverdiyevin «Odabaşının hekayəti» silsiləsindən «Fərman və Gövhərtac»ın taleyi ilə «Leyli və Məcnun» arasındakı oxşar və fərqli cəhətləri soruşmuşdum, bilməmişdi və dərsdən kənar sual verdiyim üçün mənə acıqlanmışdı. Kiçik bir hekayə haqqında məlumatı olmayan bir müəllimin ilk öncə Qorbaçovun, sonra Əbülfəz Elçibəyin, daha sonra Heydər Əliyevin şəklini başının üstündən asması da yadımdadır…

Görsəydim, soruşardım ki, ay müəllim, bizə sovet hakimiyyətinin süqutunu da xeyirin şər üzərində qələbəsi kimi təqdim etdin, qulağımızı çəkə-çəkə müstəqilliyə aid şeirlər əzbərlətdin, deyə bilərsənmi, müstəqillik gününü bayram ovqatı ilə axırıncı dəfə nə vaxt qeyd etmisən?..

Oxucuları inandırım ki, mən müəllimlərimdən vurma cədvəlindən başqa heç nə öyrənə bilmədim. Və elə buna görə də müəllimlik sənətini seçdim. Universitetdə oxuduğum zaman getdiyimiz təcrübi məşğələlərdə uşaqlara başlarının üstündən hərəsi bir ideologiya daşıyıcısı olan prezidentlərin şəkillərini asan müəllimlərinə çox da inanmamağı tövsiyə etdim. Və ağın qara, gündüzün gecə, xeyirin şər üzərində qalibiyyət fəlsəfəsini təbliğ edən müəllimlərinin «süpürgə pulu» fəlsəfəsinin mahiyyətini açıqlamağı özümə borc bildim. Bizim məşğələlər başa çatanda 25 şagird artıq çiçəklənən ölkədə yaşayan müəllimlərinin «süpürgə pulu» adı ilə dilənçilik etməsini xeyirin şərə məğlubiyyəti kimi dərk edirdilər…

…Başımın üstündə prezidentlərin şəklindən «qalereya» yarada bilməyəcəyimi dərk etdiyimdən heç vaxt müəllim işləmədim. Arzum ürəyimdə qaldı. Müəllim olmaq üçün çəkdiyim əziyyətə elə heyfim gəlir ki… Tikintisinə, təmirinə bu qədər vəsait sərf olunan Azərbaycan məktəbləri mənə bu gün həbsxana təsiri bağışlayır…

***

Yezuit Partiyasının görkəmli üzvlərindən olan Paul Zivekin əsərlərində Neotomizm fəlsəfəsində şər anlayışı hərtərəfli şərh olunub. «Şərin fəlsəfəsi» adlanan və amerikalı kardinal Spelmanın dəstəklədiyi bu əsərdə filosof, şərin bu dünyada təsadüfi hadisə olmadığını bildirir: Məzmununa görə «məhrumiyyət» olduğu bildirilən şər həqiqətən də qaçılmazdır. Şərin zəruri rifah elementi kimi xarakterizə edilməsinə diqqət yetirək: «Yalnız əzablara rəğmən şərin qəbul edilməsi və insanın özünü qurbanlıq kimi təqdim etməsi nəticəsində o, özünün tam reallaşmasına nail olur. Öz idealına maksimum yaxınlaşır və son dərəcə mükəmməl varlıq olur».

Yak Maritenin sözləri ilə desək, şər nə varlıq, nə təbiət, nə forma, nə də mövcudatdır; şər mövcudatın yoxluğudur və bu yoxluq sadəcə yoxluq, yaxud inkar deyil, o, məhrumiyyətdir, şeylərdə mövcud olması nəzərdə tutulan xeyirin məhrumiyyəti…

Və o, hər yerdədir… Bəzən ürəyimizdə, bəzən qarşımızda, bəzən isə… başımızın üstündə… Sözün hər mənasında…