BAXCP-dən “Eurovision-2012” və mitinq açıqlaması

<b>BAXCP-dən “Eurovision-2012” və mitinq açıqlaması</b>
Oxunma sayı: 396

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, BAXCP-nin əsil vətəndaş mövqeyi ifadə edən çağırışı Azərbaycanın maraqlarına düşmən kəsilən bəzi qüvvələrin himayəsində olan qrupların qəzəbinə tuş gəlib. Partiya bəyan edib ki, tarix və Azərbaycan xalqı qarşısında məsuliyyətlərini dərk etməyən bəzi qruplar ölkəmiz üçün çox önəmli perspektivlərə yol aça biləcək “Eurovision-2012” mahnı müsabiqəsinin üzərinə öncədən kölgə salmaq məqsədilə hərəkətə keçiblər. Bəzi mətbuat orqanları isə sifarişli yazılarla gündəmi zəbt etməyə çalışır, “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin qarşısının alınacağı barədə iddialarda bulunurlar.

Qeyd olunanlarla bağlı BAXCP-nin mətbuat xidmətinə münasibətini açıqlayan partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli bütün cəhdlərə baxmayaraq, “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunacağına və keçiriləcəyinə əminliyini bildirib: “Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olan bir müsabiqədə qələbə çalmasına və "Eurovision" müsabiqəsinin ölkəmizə gətirilməsinə sıradan bir hadisə kimi yanaşmaq, yaxud bu önəmli hadisənin gözdən salınmasına cəhd göstərmək qərəzin, qeyri-obyektivliyin və milli maraqlara düşmən münasibətin göstəricisidir. Çünki “Eurovision” sadəcə bir mahnı müsabiqəsi deyil. Azərbaycan kimi torpaqlarının 20 faizi işğal altında olan, tarixi erməni yalanları ilə qarşı-qarşıya qalan, öz həqiqətlərini dünyaya təqdim etmək üçün qeyri-bərabər şəraitdə mücadilə aparan bir ölkə üçün isə bu müsabiqə xüsusi əhəmiyyət daşıyır. İndiki halda “Eurovision” müsabiqəsi Azərbaycan mədəniyyətini, tarixini, folklorunu, ölkənin iqtisadi potensialını, insanlarımızın dünyagörüşünü dünyaya təqdim etmək üçün bir vasitədir. Bu ölkənin təqdimatı üçün çox böyük informasiya imkanları yaradan bir tədbirdir və qəlbində Azərbaycan sevgisi daşıyan bütün insanlar bu tədbirin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün vahid mövqedən çıxış etməli, bu tarixi şansın üzərindən öz xəbis niyyətlərilə xətt çəkməyə çalışan qüvvələrə öz yerlərini göstərməlidirlər”.
“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsilə bağlı qərarın ləğv olunmasının ölkəmiz və xalqımız üçün çox ciddi problemlərə səbəb olacağını, yalnız Ermənistanın və Azərbaycana düşmən kəsilən bəzi qüvvələrin mənafeyinə xidmət edəcəyini deyən Yeganə Mehdibəyli bu istiqamətdə təbliğat aparan qrupların fəaliyyətini kəskin şəkildə pislədiyini qeyd edib: “Əgər bir adam öz dövlətinin, xalqının mənafeyinə xidmət edən bir tədbirə qarşı çıxış edirsə, deməli o sadəcə öz xalqının və dövlətinin düşmənidir. Buna başqa ad vermək mümkün də deyil. Azərbaycanı sevməyin yolu isə mitinqlərdən, hakimiyyət uğrunda mübarizədən, bir-birini təhqir etməkdən keçmir. Əslində belə məqamlarda hər kəs öz milli kimliyini, nə qədər vətənpərvər olduğunu, Azərbaycan xalqının istiqlal məfkurəsinə, ideallarına bağlılığını ortalığa qoyur. Hesab edirəm ki, müsabiqənin ləğvi barədə danışmağın özü belə yolverilməzdir. Bütün hallarda, müsabiqənin Azərbaycanda yüksək peşəkarlıq və coşğu ilə keçiriləcəyinə inanıram”.

Yeganə Mehdibəyli həmçinin aksiyaların əleyhinə çıxan şəxslərin birdən-birə, həm də müsabiqədəki qələbədən dərhal sonra mitinq həvəsinə düşmələrinin təsadüfi olmadığını vurğulayıb: “Şübhəsiz ki, bir neçə gün fərqi ilə ortalıqda olan ziddiyyət baş verənlərin haradan və nədən qaynaqlandığını açıq şəkildə göstərir. Təsəvvür edin, müsabiqədən bir neçə gün öncə mətbuata verdiyi açıqlamasında “xalq öz başını dəyənək altına vermək istəmir” deyə absurd bir açıqlama ilə çıxış edən Arzu Səmədbəyli qısa bir fasilədən sonra tamamilə əks mövqedən çıxış etməyə başlayır. Fuad Qəhrəmanlı da, digərləri də eləcə... Soruşmaq lazımdır nə baş verdi ki, “xalq başını dəyənək altına vermək” fikrinə düşdü. Qəribə məntiqdir. Bu adamlar nə danışdıqlarının fərqində belə deyillər. Elə bil Azərbaycan xalqının bu adamların qarşısında öhdəliyi var. Öz bacarıqsızlıqları, yürütdükləri yanlış siyasət bir yana qalsın, hələ bir xalqın boynuna minnət də qoyurlar. Hesab edirəm bütün bunlar Azərbaycanın “Eurovision”da qazandığı uğurdan və tədbirin ölkəmizdə keçirilməsində əldə olunacaq dividendlərdən narahatlıq keçirən qüvvələrin sifarişi əsasında həyata keçirilir. Azərbaycanın beynəlxalq miqyasda bir dövlət kimi mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək bir tədbirə qarşı təbliğat aparmaq sadəcə düşmən dəyirmanına su tökməkdir”.

Mehdibəyli onu da qeyd edib ki, AXCP sədri Əli Kərimli ətrafındakı insanlara, hətta 10 nəfərlə də olsa belə razılaşdırılmamış etiraz aksiyalarını keçirmək təlimatı verib. Onun sözlərinə görə, əks təqdirdə onların siyasi və maddi mövcudluğunu təmin edən xarici dairələr daha onlara dəstək verməyəcək: “Nəticədə isə siyasi arenadan silinib gedəcəklər. Yəni, dolayısıyla bu adamlar “Eurovision-2012”nin Azərbaycanda keçirilməsinə mane olmaq missiyasıyla görəvləndirildiklərini etiraf edirlər”.

Yeganə Mehdibəyli öz açıqlamasında Gürcüstanda baş verən son olaylara da münasibət bildirib. MNTK sədrinin sözlərinə görə, baş verənlərin arxasında məhz Rusiyanın dayandığı aşkar görünür: “Nino Burcanadze hakimiyyətdəki postundan kənarlaşdırıldıqdan sonra ilk görüşünü Rusiyada keçirmişdi. Burcanadzenin hakimiyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də onun NATO Parlament Assambleyasının toplantısında, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışı olmuşdu. Nino Burcanadze hakim koalisiyada təmsil olunduğu dövrdə açıq ermənipərəst mövqe sərgiləyirdi. Şübhəsiz ki, Saakaşvilinin özü də bir o qədər də ideal deyil ki, ona qarşı kiminsə çıxış etməsi təəccüb doğursun. Amma indiki proseslərin arxasında bilavasitə Moskva və onun Cənubi Qafqaza tamamilə yiyələnmək iddiaları dayanır”.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi