BAXCP-dən Ümidə cavab verildi

baxcp-den-umide-cavab-verildi
Oxunma sayı: 700

Artıq bir neçə gündür ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin və bu partiyanın MSK-dakı təmsilçisi Akif Qurbanovun dairə seçki komissiyalarının formalaşması prosesilə bağlı ittihamları səngimir. Belə ki, millət vəkili İqbal Ağazadə növbəti dəfə mətbuata açıqlamasında DSK-larda rəhbərlik etdiyi partiyanın təmsilçilərinə problemlər yaradıldığını bildirib. BAXCP-dən “Qafqazinfo”ya daxil olan açıqlamada qeyd olunur ki, Ümid rəhbərliyi qeyd edir ki, DSK-larda və məntəqə seçki komissiyalarında daha az müxalif fikirli adamların olmasına cəhd göstərilir. İqbal Ağazadənin fikirlərinə münasibət bildirən BAXCP-nin baş katibi Söhrab Abdullayev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, Ümid Partiyası sədrinin və onun MSK-dakı təmsilçisinin səsləndirdiyi ittihamların heç bir hüquqi əsası yoxdur: «Ümid Partiyasının təmsilçiləri öz açıqlamalarında Seçki Məcəlləsinin 36.2-ci maddəsinə istinad edirlər. Bu maddədə isə onların ittihamlarına haqq qazandıra biləcək heç bir hüquqi əsas yoxdur. Hər kəsə aydın olsun deyə həmin maddəni olduğu kimi xatırdaram. Beləliklə, Seçki Məcəlləsinin 36.2-ci maddəsində deyilir ki, «məntəqə seçki komissiyalarının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyalarında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyalarında təmsil edən üzvlər tərəfindən təqdim edilir…» Göründüyü kimi məntəqə seçki komissiyalarının formalaşdırılması məsələsi qanunda birmənalı şəkildə öz əksini tapıb. Hər məntəqədə deputatları parlamentdə azlıq təşkil edən partiyalara 2 yer düşür. Parlamentə isə azlıqda olan və DSK-ların formalaşmasında iştirak edən partiyaların sayı 10-dur. Təbii ki, sadə hüquqi məntiqlə 10 partiyanın hər biri bütün məntəqə seçki komissiyalarında təmsil oluna bilməzlər. Çünki daha öncə qeyd etdiyim kimi, məntəqələrdə ümumilikdə azlıqda olan partiyaların cəmi 2 yeri var. Bu səbəbdən də siyasi partiyalar öz aralarında bu yerləri razılaşdırır və müvafiq bölgüyə əsasən komissiyalara öz namizədlərini təqdim edirlər. Ümid Partiyası isə azlıqda olan digər 9 partiyanın maraqlarını qətiyyən nəzərə almaq istəmir və komissiyaların formaşdırılmasına süni maneələr yaratmaqla öz yersiz iddialarını həyata keçirmək istəyir».

İqbal Ağazadənin və Akif Qurbanovun açıqlamalarının və davranışlarının qanuna zidd olduğunu bildirən Söhrab Abdullayevin sözlərinə görə, komissiya üzvlərinin partiya mənsubiyyətlərinin və maraqlarının önə çəkilməsi hüquqi savadsızlığın göstəricisi kimi dəyərləndirilə bilər: «Komissiyalar siyasi partiya mənsubiyyəti olmayan şəxslərdən təşkil olunur və onların fəaliyyətinin əsasında da hansısa siyasi partiyanın maraqları deyil, Seçki Məcəlləsinin tələbləri dayanmalıdır. Bu qanunun tələbidir. Digər tərəfdən, əgər məsələ siyasi müstəviyə çəkilərsə, görəsən bu günədək Ümid Partiyasını seçki komissiyalarında təmsil edən şəxslərin əməllərində müxaliflik özünü necə və hansı müstəvidə büruzə verib? İstənilən məsələyə obyektiv qiymət vermək üçün mülahizələr və gurultulu bəyanatlar yox, faktlar dəyərləndirilməlidir. Ümid Partiyasının müvafiq komissiyalardakı təmsilçiləri isə indiyədək keçirilən bütün seçkilərin nəticələrini tanıyıblar və təbii ki, bunun göstəricisi kimi protokolları da imzalayıblar. Bu baxımdan, səsləndirilən bütün fikirləri sadəcə növbəti siyasi şou kimi dəyərləndiririk».