BAXCP sədrindən sensasion açıqlamalar

baxcp-sedrinden-sensasion-aciqlamalar
Oxunma sayı: 770

Aprelin 17-də İctimai Palatanın təşkilatçılığı ilə keçirilən razılaşdırılmamış etiraz aksiyası iflasa uğradıqdan sonra adıçəkilən qurum ictimai dəstəyin olmadığını əsas gətirərək, bu qəbildən olan tədbirləri dayandırdı. Lakin bir müddət sonra İctimai Palata mitinqlərin keçirilməməsilə bağlı daha öncə verdiyi qərara dönük çıxaraq, yenidən aksiyalara başladığını bəyan etdi. İctimai Palatanın Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsindən dərhal sonra etiraz aksiyalarına əl atması isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı... Qeyd edək ki, Azərbaycan təmsilçilərinin "Eurovision"dakı uğurlu çıxışından sonra 2012-ci ilin mayında ölkəmizdə keçiriləcək yeni mahnı müsabiqəsi başa çatanadək etiraz aksiyalarına moratorium qoyulması barədə bütün siyasi qüvvələrə müraciət olunmuşdu. Müraciətin müəllifi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında İctimai Palatanın etiraz aksiyası ilə bağlı qərarına aydınlıq gətirib. "Eurovision-2011" mahnı müsabiqəsindən sonra Azərbaycan xalqının müxalifətin barışmaz qütbünə münasibətində hər hansı bir dəyişikliyin baş vermədiyini önə çəkən BAXCP sədri etiraz aksiyaları ilə bağlı qəbul olunan qərarda xarici amillərin rol oynadığı vurğulayıb: "İctimai Palata ictimai dəstəyin olmadığını əsas gətirərək etiraz aksiyalarının dayandırılması barədə qərar qəbul etmişdi. Bu qərarın qəbul olunmasını şərtləndirən amillərlə bağlı səslənən fikirləri hər kəs yaxşı xatırlayır. Hətta İctimai Palatada təmsil olunan partiyalardan birinin rəhbərliyinə daxil olan şəxs aşağılayıcı bir şəkildə demişdi ki, "Azərbaycan xalqı öz başını dəyənək altına vermək istəmir". Görəsən birdən-birə nə baş verdi ki, mitinqlərin təxirə salınması barədə qərar qəbul etmək üçün müxtəlif arqumentlərə əl atan şəxslər Azərbaycanın "Eurovision"dakı qələbəsindən dərhal sonra aksiyalara start verdilər? Şübhəsiz ki, bu müddət ərzində Azərbaycan xalqının bəlli çevrəyə daxil olan müxalif qruplara münasibəti dəyişməyib. Əksinə, keçirilən uğursuz aksiyaların yaratdığı mənzərə və İctimai Palataya daxil olan partiya rəhbərlərinin razılaşdırılmamış aksiyalarda göz altına alınan şəxslərə laqeyid münasibəti əks effekt verib".


Qüdrət Həsənquliyevin qənaətinə görə, aksiyalarla bağlı qərarın arxasında ölkəmizin "Eurovision" müsabiqəsindəki qələbəsindən sonra bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini göz önünə alan xarici qüvvələrin maraqları dayanır: "Son zamanlar səfirlərin, eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin müxalifətin himayə və istifadə etdikləri qrupları ilə görüşü də məhz Azərbaycana qarşı təzyiq kampaniyasının stimullaşdırılması ilə bağlıdır. Bu gün Qərb dövlətləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın "Habucco" layihəsində iştirakını, eyni zamanda bu layihəni maliyyələşdirməsini təmin etmək üçün ölkəmizə qarşı müxtəlif formalı təzyiqlərdən istifadə edirlər. Azərbaycandakı kəmfürsət qruplar da istifadə olunduqlarını bilə-bilə yenidən ölkəmizə qarşı həyata keçirilən bu kampaniyada iştirak etməyi özlərinə rəva bilirlər. Baxın, həmin bu qüvvələr hər zaman hakimiyyəti neft kontraklarından Azərbaycana siyasi dəstək qazandırmaq üçün istifadə edə bilməməkdə suçlayırlar. Azərbaycan neft kontraktlarının imzalandığı zamandan - 1994-cü ildəkindən dəfələrlə güclüdür. Təbii ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində oynadığı rola və bunun müqabilində məruz qaldığı təzyiqlərə adekvat olaraq, siyasi dəstək istəyir. Amma Qərb dövlətləri istəyirlər ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan Rusiya və İran kimi ölkələrin təzyiqlərinin qarşısında təkbaşına davam gətirərək, Avropanın enerji təhlükəsizliyinə yönələn layihələrdə özünün həm enerji, həm də maliyyə resurslarıyla iştirak etsin. Sual olunur: nəyin müqabilində? Bakı-Tiflis-Ceyhan neft ixrac kəmərinin çəkilişi zamanı hansı təzyiqlərə məruz qaldıq? Bunun müqabilində Qərb vəd etdiyi siyasi dəstəyi Azərbaycana verdimi? Əlbətdə ki, yox! Bəs indi nəyin müqabilində Azərbaycan "Habucco"nun əleyhinə çıxış edən Rusiya ilə münasibətlərini gərginləşdirməlidir? Onsuz da ölkəmizin öz enerji resurslarını ixracı üçün müxtəlif alternativləri var. Yəni, "Habucco" Azərbaycan üçün mühüm strateji və iqtisadi əhəmiyyət kəsb edən bir layihə deyil. Doğrudur, Azərbaycan "Habucco"nun həyata keçirilməsinə etiraz etmir. Amma bir dövlət kimi özü üçün böyük siyasi və iqtisadi önəm daşımadığından bu layihəyə maliyyə yatırmaq, eləcə də ciddi siyasi qarşılığı olmadan Rusiya ilə münasibətlərini gərginləşdirmək istəmir. Hesab edirəm ki, bu tamamilə doğru seçimdir. Çünki "Habucco"nun gerçəkləşməsində maraqlı olan güclər Azərbaycanın bu layihədəki iştirakının və maliyyə yatırımının müqabilində ölkəmizə heç nə vermək istəmirlər. Xarici ölkə səfirlərinin və təmsilçilərinin heç bir dayağı olmayan qüvvələrə süni nəfəs vermək məqsədi daşıyan görüşlərinin təməlində də məhz bu amillər dayanır".
BAXCP sədri İctimai Palatanın iyunun 19-a təyin etdiyi aksiyanın heç bir effekt verməyəcəyini və iflasa uğrayacağını da bildirib: "Bu aksiyaya nəinki İctimai Palatanın, heç bu qurumun Koordinasiya Şurasının üzvləri də qatılmayacaqlar və bu növbəti iflas olacaq. İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək aksiyalara moratrium qoymaqla, özünə qarşı olan münasibəti azacıq da olsa dəyişə bilərdi. Təəssüf ki, bu şansdan da istifadə edə bilmədilər".