Bayıl sürüşmədi, sürüşdürdülər…

bayil-surusmedi-surusdurduler
Oxunma sayı: 1003

Bayıl yamacı yenidən sürüşür. Amma bu ərazidə gözü olan bəzi işbazlar oradan sürüşüb getmək istəmirlər. Havası təmiz, mənzərəsi gözəl və şəhərin mərkəzi sayılan bu ərazi həmişə işbazların diqqət mərkəzində olub. Amma bu ərazi həm də illər uzunu təhlükəli ərazi kimi tanınıb…

Bakının Səbail rayonu, Bayıl qəsəbəsindəki Bayıl yamacı ilk dəfə 2000-ci ildə sürüşmüşdü. O vaxtdan bəri həmin ərazi daim nəzarətdə idi. Ərazidə bir daha belə halın baş verməməsi üçün oradakı evlərin köçürülməsinə qərar verildi. Bu proses 2003-cü ilədək davam etdi. Sonuncu evlər elə həmin ildə köçürüldü. O vaxt həmin ərazidə qeydiyyatda olan hər bir sakinə 2700 dollar pul ödəyirdilər. Sonradan bu məbləğ dəyərini itirdi, ev, torpaq bahalaşdı və Bayıl yamacının sakinləri bu qiymətlə razılaşmadılar. Elə o vaxtdan da sakinlərə «qiymət məsələsinə yenidən baxılacaq» deyib, köçürməni təxirə saldılar. Təxminən, 305 evin köçürülməsi nəzərdə tutulurdusa, 3 il ərzində cəmi 150 ev köçürüldü. Həmin evlər əsasən, sürüşmə zonasına, yəni, «Əbədi məşəl» kompleksinə yaxın evlər idi ki, onlar həqiqətən də təhlükə qarşısında idilər. İndi həmin Azər Nəsirov küçəsində cəmi-cümlətanı 50 ev olar. Baş nazirin müavini Abid Şərifov isə sürüşmə zonasında jurnalistlərə açıqlama verərkən deyib ki, belə bir təhlükənin yaranmasının səbəbkarı elə ərazidə yaşayan sakinlər özləridir. Guya sakinlər ərazidə bağ-bağat salıblar, həyətlərində bostan əkiblər və o qədər suvarma aparıblar ki, torpaq sürüşüb. Mən həmin ərazidə yaşayan sakin kimi deyə bilərəm ki, orada həyətyanı sahədən başqa bostan əkib becərməyə heç kimin da imkanı yoxdur. Axı, yamacda hansı şəraitdə bostan əkmək olar? Digər tərəfdən, Abid müəllim deyir ki, sürüşməyə səbəb olan başqa bir amil yağıntının normadan artıq olmasıdır. Görəsən, bu yağıntı Bayıl yamacına nə vaxt yağıb ki, bizim bundan xəbərimiz olmayıb? Dünən düz 22 nəfərdən soruşdum ki, bəlkə mən yuxuda olmuşam, işə getmişəm, mən evdə olmayanda buralara yağış yağıb? Anda içdilər ki, belə bir şey olmayıb.

Bayıl sakinləri Abid Şərifovun bu çıxışından çox narahat olublar və onun düzgün danışmadığını deyirlər. Sakinlərdən Əhliman Həsənov soruşur ki, nə üçün Abid Şərifov sürüşməyə səbəb olan əsl səbəbləri qoyub kənara, amma olmayan şeyləri real fakt kimi qələmə verir: «Bayıl yamacının aşağı hissəsində, «İnturist» mehmanxanasının yanından başlayaraq Səbail rayon Yanğından Mühafizə İdarəsinin yaxınlığına kimi kütləvi tikintiyə başlayıblar. Təxminən bir ay əvvəl bu tikinti işlərinə başlayanda əhali arasında ciddi narahatlıq yarandı. Hamı deyirdi ki, Bayıl yenə sürüşəcək, çünki qorxulu, təhlükəli yerdə ağır texnikalar işlətmək, tikinti işi aparmaq sürüşməyə səbəb ola bilərdi və oldu da. Biz bunu əvvəldən bilirdik».

Digər sakin Nadir Məmmədov isə deyir ki, neçə illərdir sürüşmə zonası kimi tanınan Bayıl yamacının yolları bərbad gündədir, kanalizasiya sistemi yox vəziyyətindədir. Çünki sürüşmə prosesi baş verəndə kanalizasiya sistemi sıradan çıxıb. Amma bərpa edən yoxdur. Ona görə də həyətlərdən axıdılan sular küçələrə, yollara axır. Bu da sürüşməyə təkan verən amillərdən biridir: «Amma bunu bostanla əlaqələndirmək düzgün deyil. Kanalizasiya, yollar vaxtında düzəlsəydi, bizim suyumuz da küçələrə axmazdı».

Sakinlərin sözlərində həqiqətən var. Çünki biz də bir neçə gün əvvəl Şəhidlər Xiyabanının aşağı hissəsində və yaşayış bölgəsində müşahidələr apararkən çatlar əmələ gəldiyini və sürüşmənin davam edib-etmədiyini aydınlaşdırmaq üçün qoyulmuş mayakların çatladığını görmüşdük. Bu barədə geniş məlumat vermişdik. Amma görünür, əlaqədar təşkilatlar bunu görməzlikdən gəldilər və nəticəsi göz qabağındadır.

Bayıl yamacında sürüşməyə səbəb olacaq amilləri mütəxəssislər neçə illərdir dilə gətirirlər. Birincisi budur ki, bir neçə il əvvəl Milli Məclisin qarşısında «Moskva» mehmanxanasını söküb, onun yerində üç qat ondan ağır kompleks tikdilər. İndi də MM-in qarşısında yeraltı keçid tikilir və bu da bir yükdür. Bundan əlavə, həmin ərazidə, yəni Bayıl yamacında funikulyorun işləməsinin özü də bu ərazi üçün təhlükə hesab olunur. Və ən nəhayət, sonuncu bir fakt da budur ki, yamacın aşağı hissəsində əkilmiş ağacları qoparıb yerində kütləvi tikintiyə başlamaq ən acı nəticəyə gətirib çıxardı. Ağaclardan söz düşmüşkən, onları Yeni Azərbaycan Partiyasının üzvləri əkmişdilər və indi-indi inkişaf edirdilər. Onu da qeyd etmək yerinə düşər ki, Bayıl yamacı ilə yanaşı, teleqüllənin ətrafında, yəni, hər tərəfində də kütləvi ağac əkini həyata keçirilib. Bu ilin əvvələrindən başlayan bu kampaniya sonradan davamlı oldu. Yəni, ağacı əkib Allah ümidinə qoymadılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ağaclara qulluq etmək üçün suvarma sistemi yaratdı və bunun üçün onlarla işçi Bayıl yamacandı gündəlik ağac suvarır. Görünür, Abid Şərifov «bostan suvarma» deyəndə bunu nəzərdə tuturmuş. Amma xatırlatmaq yerinə düşsə də, düşməsə də, deməliyəm ki, ağac əkib becərmək sürüşməyə təkan vermir, əksinə, bunu ona görə edirlər ki, sürüşmənin qarşısı alınsın…

Elməddin MURADLI