Bayram Səfərovun informasiya müharibəsi

bayram-seferovun-informasiya-muharibesi
Oxunma sayı: 678

Xocalı hava limanının işə düşmə ehtimalı ilə əlaqədər verilən suala cavabında Bayram Səfərov bildirib: “Ermənilərin hərəkəti təxribat xarakterli addımdır. Əgər onlar aviareysləri qəbul etsələr, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqı lazımi tədbir görəcək. Onlar belə hərəkət etsələr, özlərini göydə yox, yerdə görəcəklər”.

Əslində bu bəyanat Azərbaycan və Ermənistan arasında gedən informasiya müharibəsinin elementlərdən biridir. Amma Bayram Səfərov bu məsələlərdə naşı olduğuna görə, belə məntiqsiz bəyanatlar verir. Və bu tip bəyanatlar əks effekt yaradır.

Söz informasiya müharibəsindən düşmüşkən, bəzi haşiyələr çıxmaq məcburiyyətindəyəm. Əvvəlcə onu bildirim ki, belə məntiqsiz bəyanatlar daim səslənir. Özü də rəsmi informasiya vasitələrində.

Birinci fakt. Yəqin hamınız belə bir söz eşitmisiz: “Ali Baş Komandan əmr versə, döyüşə getməyə hazırıq”. Və yaxud: “Ali Baş Komandan əmr versə, erməniləri torpaqlarımızdan qovmağa bizim qüvvəmiz yetərincədir”. Təbliğat eşalonunun tərkibindəki qəzet, telekanal və yaxud digər informasiya vasitəsinin sükanı arxasında naşıların olması belə cılız təbliğata rəvac verir. Məsələnin mahiyyətini sona qədər dərk etməyənlər üçün bu bəyanatların anormallığını izah edirəm: Belə çıxır ki, hamı döyüşə hazırdır, hər cür qüvvəmiz var, amma Ali Baş Komandan əmr vermir ki, vermir. Belə çıxır ki, Ali Baş Komandan Qarabağı azad etməyi hələlik lazım bilmir?

Bu anormallığın cəmiyyətə sırınması çox acınacaqlıdır. Bunu yaltaqlığın əks-effekti də adlandırmaq olar.

İkinci fakt. Təxminən bir ay əvvəl xəbər yayıldı ki, cəbhəyanı kəndlərdə mühafizə divarı tikilir. Bu tədbir ölkə rəhbərliyinin cəbhəyanı kəndlərdə yaşayanlara qayğısı kimi təqdim oluna bilərdi. Amma bu təbliğat da əks effekt verdi. Burada isə rəsmi KİV-dən daha çox müstəqil adlandırılanlar “fərqləndi”.

Əvvəlcə məsələnin Azərbaycandakı əks-sədasına baxaq. Kimisi tikilən divarı təslimçilik təzahürü, kimisi ümidsizlik simvolu, kimisi isə gücsüzlüyümüzün sübutu kimi qəbul və təqdim etdi. Hər halda bu faktın yaratdığı təəssürat müsbət olmadı.

Keçək Ermənistana. Ermənistanda vəziyyətin çətin olduğu aydındır. Və belə bir vaxtda Azərbaycan tərəfi Ermənistan hakimiyyətinə əla “pas” verdi. İndi Ermənistanda aparılan təbliğatın məğzi ondan ibarətdir ki, Azərbaycan erməni əsgərindən qorxduğu üçün bunu edir. Başqa bir təqdimat isə Azərbaycanın artıq erməni “reallıqlarını” qəbul etməsi ilə bağlıdır. Düşkün vəziyyətdə olan erməni cəmiyyətində əks-təbliğat üçün bundan yaxşı dayaq nöqtəsi fikirləşmək yəqin ki, çətindir.

Bunlardan başqa da hansısa faktları sadalamaq olar. Amma məncə, kifayətdir. Qayıdaq Bayram Səfərovun 10 gün əvvəl verdiyi “bəyanata”.

İcma başçısı bildirir ki, Xankəndinə təyyarə uçsa, Ali Baş Komandan lazımı tədbir görəcək və ermənilər özlərini göydə yox, yerdə görəcəklər.

Birincisi. Bayram Səfərov yəqin bilmir ki, Xocalı hava limanına uçacaq mülki təyyarələrə qarşı hansısa tədbir görülməsi ilə bağlı Hava Hücumundan Müdafiə Qüvvələrinə heç bir əmr verilməyib. Günü sabah Sarkisyan heç bir xəbərdarlıq etmədən təyyarəyə minib Xocalıya uça bilər. Sərhədi keçəndən sonra təyyarənin Xocalı hava limanına enməsi ən çoxu 15 dəqiqə çəkəcək. Bu müddətdə vəziyyətin dəyərləndirilməsi, qərar qəbulu və onun icrası bir qədər real görünmür. Buna görə də belə əmr əvvəlcədən verilməlidir ki, HHMQ öz işini bilsin.

Əgər söhbət təyyarənin vurulmasından gedirsə, Ali Baş Komandan belə bir göstəriş verməz. Çünki mülki təyyarənin vurulması Azərbaycanın ziyanına olardı.

İkincisi. Bayram Səfərov bilməlidir ki, söhbət mülki təyyarələrdən gedir. Dağlıq Qarabağ səmasında isə ermənilərə məxsus və hərbi təyinatlı uçan obyektlər kifayət qədərdir və bu obyektləri HHMQ-i müşahidə edə bilir. Azərbaycanın Dağlıq Qarabağ səmasında uçan obyektləri vurmaq imkanı olsaydı, yəqin ki, əvvəlcə hərbi təyinatlılar vurulardı. Bunun əvəzində isə mülki təyyarəni hədələmək lazım deyil.

Müharibənin qaydalarından xəbərdar olanlar bilir ki, lazımsız yerə güllə atmaq olmaz. Çünki bu, döyüş mövqelərini bildirməklə nəticələnir və naşılıq hesab olunur.