Bayramınız mübarək, ey sev(iş)ənlər!

bayraminiz-mubarek-ey-sevisenler-
Oxunma sayı: 650

İkinci kursun sonları idi. Əlimdə böyük bir vərəqə toplusu düşmüşdüm universitetimizin canına. Nə var, nə var, təzə Sevgililər günü yaradacağıq. Yalan olmasın, bir neçə yüz tələbənin imzasını da almışdım. 18 yaşını yaşayan bir gənc qız üçün yeni Sevgililər günü, həm də milli Sevgililər Günü ideyası olduqca cazibədar idi. Əvəz bəy məndən inciməsin, amma indiki ağlım olsaydı, o kampaniyaya qoşulmazdım. Neyləyim ki, o zamanlar hansısa xüsusi günlərin hisslərə təsir edəcəyinə inanır və bədii ədəbiyyatda təsvir olunan eşq səhnələrinin real olduğunu düşünürdüm. Bütün bu gəncliyin emosionallığı məni imzatoplama kampaniyasında özümü səfərbər etməyimlə və bu da yeni bir sevgi bayramının yaranması ilə nəticələndi. İndi dünyada bəlkə də yeganə xalqıq ki, bizim iki Sevgililər günümüz var. Biri xarici, biri də milli olan bu bayramlar az qala dövlət səviyyəsində, bütün KİV-in təşviqat və təbliğatı ilə keçirilir. Amma çifayda. Hələ də sevməyi öyrənə bilməmişik. Sevgi, əslində bəsit və çox aydın bir hissdir. Nizamidən, Füzulidən bu yana bizlərə mürəkkəb, anlaşılmaz olan bir duyğu kimi qələmə verilən sevgi və ya sevmək bacarığı elə mücərrədləşdirilib ki, indi sevmək kimi bir instinktimiz yoxdur. Azərbaycanda sevməkdən daha çox sevişmək barədə düşünür və onu realizə etməyə çalışırlar. İndi düşünməyək ki, zəmanə korlanıb, filan.
Bir-iki əsr öncənin milli musiqi sözlərində və ya bayatılarda sevgi deyəndə anlamamışcasına ağlayıb sızlayırlarsa, sevişmək bölümünə gələndə çox rahat-rahat duyğularını izhar edirlər. Tutalım ki, sevgisindən danışanda “Ruhum bədəndən oynar, yadıma sən düşəndə” deyərək, mücərrəd bir cümlə və ya qafiyə düşünən Azərbaycan ifaçısı, sevişmə səhnələrini daha aydın və bəsit yaradır. “Qoynunda var bir cüt bar, biri heyva, biri nar...”, “Yardan bir busə dərdim, nə bağ bildi, nə də bağban...”, “Sinə meydan, zülf pərişan, bel nazik...” və s. bu kimi mahnı və şeirlərdə erotika duyğunun özündən daha qabarıq şəkildə mövcuddur. Amma bu da hələ sübut deyil.
Çox sevdiyim ədəbi nümunə olan və milli kimliyimizi olduqca aydın təcəssüm etdirən “Kitabi-Dədə Qorqud” dastanından da bir misal gətirəcəm. Dastanın ən təsirli sevgi hissəsində iki növcavan əhd bağlamaq üçün “üç öpüb, bir dişlədi” kimi absurd əhd növündən istifadə edir. Yəni sözlər, hisslər, hər hansı digər platonik inanclar iki insanın sevgisinə sahib çıxa bilməsi üçün kifayət etmir, amma üç öpüş və bir dişləmə (!!!) daha əhəmiyyətli faktor kimi əhdin bağlanmasına kömək edir. Ən qədim dastanımızın yazıldığı gündən bu yana bizdə "sevişmək" kəlməsini sevgi anlayışı əvəzləyib. Hər gün döyüb gözünün altını qaraltdığı, iki gündən bir atası evinə yolladığı arvadını kişinin sidq ürəklə sevməsinə şəxsən mən inanmıram. Amma bu tipli ailələrdə adətən 3-4 və daha çox uşaq olur. Uşaq isə sevginin deyil, məhz sevişmənin məhsuludur.