BBC-Azərbaycan qarşıdurmasının pərdəarxası-Eksklüziv

bbc-azerbaycan-qarsidurmasinin-perdearxasi-ekskluziv-
Oxunma sayı: 655



BBC-nin Azərbaycana və “Eurovizion-2012”yə qarşı apardığı kampaniyanın arxasında biznes maraqlarının durduğu bəlli olub. “Qafqazinfo”nun eksklüziv olaraq əldə etdiyi məlumata görə, son günlər BBC tərəfindən bu il Azərbaycanda keçiriləcək beynəlxalq mahnı yarışması haqqında dərc edilən materialların əslində qisas məqsədi ilə hazırlandığı üzə çıxıb. Belə ki, portalımıza daxil olan məlumata görə, bir il bundan öncə, BBC-nin rəhbərliyi Bakının mərkəzində nəhəng tikinti layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Layihəyə əsasən köhnə dəyirmanın yanında inşa edilmiş “Landmark” tipli binada böyük media mərkəzi, xarici təşkilatların, şirkətlərin ofisləri, BBC-nin bürosu, xarici diplomatik nümayəndəliklər və s. yerləşməsi nəzərdə tutulub.

Lakin BŞİH şəhərin mərkəzində belə böyük yerin olmadığını əsas gətirərək BBC-nin müraciətindən imtina edib. BBC nümayəndələrinin hakimiyyətin müxtəlif instansiyalarına müraciətləri də heç bir nəticə verməyib. Məhz bundan sonra BBC-nin Azərbaycana və “Eurovizion-2012”yə qarşı kampaniyaya başladığı güman edilir.

Azərbaycanda çalışan və adının açıqlanmasını istəməyən xarici jurnalistin məlumatına görə, BBC Azərbaycana qarşı kampaniya ilə bağlı Böyük Britaniyanın digər media orqanlarına ciddi təzyiq göstərir. Son zamanlar BBC-nin Azərbaycanı tənqid edən materiallarının və ümumiyyətlə, antiazərbaycan ruhlu məqalələrin İngiltərənin nüfuzlu mətbuat orqanlarında ardıcıl şəkildə dərc olunması da bilavasitə bunun nəticəsidir.