Əhəd Abıyevdən yenilik

ehed-abiyevden-yenilik-
Oxunma sayı: 657



“Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, vətəndaşların səyyar qəbulunu giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq bildirib ki, Heydər Əliyevin uzun illərə hesablanmış siyasətinin təntənəsidir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir. “Prezidentin rəhbərliyi altında “2008-2013-cü illərdə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” ölkəmizdə uğurla icra olunmaqdadır. Ötən 8 ildən bəri o, hər bir Azərbaycan Respublikasının vətəndaşının Prezidenti olduğunu əməli işləri ilə sübut edib. Digər bölgələr kimi Daşkəsən rayonuna dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı özünü əyani şəkildə təsdiq edir. Rayonun ən ucqar kəndlərinə əsaslı yol tikintisi ilə bağlı ilkin olaraq imzalanmış sərəncam daşkəsənlilərə böyük ümidlər vəd edir. Bu il rayonda 9 məktəb və 2 uşaq bağçasının tikintisi və əsaslı təmiri nəzərdə tutulub. Dünyanın ən zəngin yataqlarından hesab olunan Çovdar qızıl mədənində sürətli iş aparılır. Yaxın vaxtlarda sizin iştirakınızla Çovdar qızıl zavodunun istismara verilməsi ilə bağlı açılış keçiriləcəkdir”.

Səyyar qəbulda Bayan kəndinin ağsaqqalı, qocaman müəllim Ramazan Hüseynov Daşkəsən Rayon Hakimiyyəti başçısının səyyar qəbul üzrə xidmət nümunəsini yüksək qiymətləndirərək Prezidentə, qəbulda iştirak edən Prezident Administrsiyasının məsul işçisi Rüfət Əliyevə, Daşkəsən rayon icra hakimiyyətinın başçısı Əhəd Abıyevə kənd sakinləri adından minnətdarlığını və razılığını bildirib.

Digər çıxış edənlər kənd qəbiristanlığına su çəkilməsini, kənddə yeni poçt binası tikintisini, kəndarası yolların təmirini,elektrik dirəklərində və naqillərində mövcud problemləri, sahibkarlığa dövlət dəstəyinin vacibliyini, kənddə əsrlərin yadigarı olan Alban abidələrinin rekonstruksiyasını və təmirini, uzun illərdən bəri istismar olunan mədəniyyət evi və kitabxananın əsaslı təmirini və ya yenisinin inşasını, əhalinin çox yaşadığı bu ərazidə təbii qazın olmamasını, kənd gənclərinin işsizlik problemini gündəmə gətiriblər.

Rayon icra hakimiyyətinin başçısı səyyar qəbulda qaldırılan problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı vətəndaşlar qarşısında aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verdi, kənd sakinlərini əmin edib ki, qaldırılan məsələlər yaxın vaxtlarda həllini tapacaq, aidiyyəti üzrə müvafiq ünvanlara müraciətlər olunacaq.