“Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”

bele-qezetin-isigini-da-sondurerler-hele-o-yana-da-kecerler
Oxunma sayı: 668

“Gündə yüz adam tədbir, məclis keçirir. Kiminsə tədbirinin necə keçməsinin hakimiyyətə nə aidiyyəti var?”. Qafqazinfo xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytının “Azadlıq” qəzetinin ad günü məclisinin yarımçıq qalması ilə bağlı sualına cavab verərkən belə deyib.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, “Azadlıq” qəzetinin yazdıqlarının əksəriyyəti, o cümlədən dekabrın 25-də qəzetin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının səbəbləri haqda yazdıqlarının hamısı böhtandır, yalandır: “Cənab prezident İlham Əliyev dekabrın 24-də cəbhə bölgəsinə səfər edib, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışını edib. “Azadlıq” qəzetinin bu səfərlə bağlı yazdığı məlumata baxın. Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!

Həmin gün cənab prezident cəbhə bölgəsinə səfər edib, orada açılışlar edib, tədbirlər keçirib. Səfərin hər dəqiqəsi televiziyalarda göstərilib. Prezidentin bir dəqiqə də olsun boş vaxtı yox idi. “Azadlıq” qəzeti isə yazır ki, prezident ova gedib. Ola bilsin ki, prezidentin orada göl qırağına ova getməsi “Azadlıq” qəzetinin arzusuymuş və bundan istifadə etmək istəyirmişlər. Öz arzularını məlumat kimi yazıblar. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”.

Əli Həsənov bildirib ki, “Azadlıq” qəzetinin belə böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb: “Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır”.