“Bəs analoqsuz inkişafın xalqın həyatında ifadəsi hanı?” – Müsahibə

bes-analoqsuz-inkisafin-xalqin-heyatinda-ifadesi-hani-musahibe
Oxunma sayı: 749

Yanvarın 15-də tarix elmləri doktoru, profossor Cəmil Həsənlinin 60 yaşı tamam olur. “Turan” bu münasibətlə alimdən müsahibə alıb. “Qafqazinfo” həmin müsahibəni ixtisarla təqdim edir.

- Cəmil bəy, 60 yaş insanın həyatında bir mərhələdir, onu necə qeyd etməyi düşünürsünüz?

- Vallah, düzünü deyim ki, heç vaxt təmtəraqlı ad günü və şəxsi həyatımla bağlı digər tədbir keçirməmişəm. Belə tədbirləri ailə daxilində qeyd etməyə üstünlük vermişəm. Bu dəfə də belə olacaq. Bir müddət əvvəl bu barədə söhbət olanda ailəsi ilə birlikdə Dubayda yaşayan qızım xahiş etdi ki, 60-cı ad günümü onlarda keçirək. Etiraz etmədim, Avropada yaşayan oğlum da ora gələcəyini bildirdi.
Göründüyü kimi, bütün ailənin bir yerə toplanması üçün bir bəhanə yarandı. Nəvələri görmək və bir neçə gün onlarla bir yerdə olmaq həvəsi, şübhəsiz ki, bu qərarın qəbul edilməsində həlledici rol oynadı. 60 illik dediyiniz yubleyim ailəmizin bir yerdə şam süfrəsi arxasindan yığışmasından o yana keçməyəcək.

- Orta məktəbi nə zaman bitirdiniz, tələbəlikdən hansı hadisələr yadda qalıb?

- 1970-ci ildə Cəlilabad rayon Alar kənd orta məktəbini bitirdim. Sənədlərimi Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə vermək istəyirdim. Lakin attestatımda həm ana dili, həm də Azərbaycan dili qrafasına qiymət yazıldığı üçün dedilər gərək aydınlaşdıraq. Səhər ora gedəndə universitetin yanından keçirdik. Mənimlə birlikdə sənəd verməyə gəlmiş əmioğlum Adil dedi ki, gəl gedək universitetə, hələ vaxtımız var, bəlkə burada sənədlərini götürdülər. Mən ədəbiyyat fakültəsinə sənəd vermək istəyirdim, o isə təkid etdi ki, tarix fakültəsinə sənəd verim.
Səhər tezdən sənəd verməyə çox uşaq gəlmişdi. Sənəd qəbulu başlanana qədər bir-birimizlə suallaşırdıq. O zaman sənədləri qəbul edən Rafael Süleymanov - indi BDU-nun tarix fakültəsində professordur - başını qaldırıb mənə dedi ki, ay oğlan, bura gəl, mən səhərdən qulaq asıram, sən tarixi bunların hamısından yaxşı bilirsən, sənin sənədlərini növbəsiz qəbul edəcəyəm…
Tarixdən ilk imtahanı profossor Zakir Abdullayev - bir neçə ildir rəhmətə gedib - götürdü, cavablarım xoşuna gəldi, xeyli təriflədi və “əla” qiymət yazdı. O zaman beş alan uşaqlar universitetin qapısından hay-küylə çıxırdılar. Çoxlu valideyn olurdu qapıda. Biri məndən soruşdu neçə almısan, dedim beş, inanmadı, qiymət kağızımı göstərdim, gördü ki, həqiqətən beş almışam. Dedi ki, bəs niyə sevinmirsən? Mən imtahana tək gəlmişdim, bu kütlənin içində məni heç kəs gözləmədiyindən sevinc hissi də yox idi.
Digər imtahanlardan da müvafiq qiymətlər alıb qəbul olundum.
Çox sonralar tarix imtahanı verdiyim otaqda özüm imtahan götürdüm. Mənimlə birgə imtahan qəbul edən müəllim başlanğıcda xəbərdarlıq etdi ki, gərək tapşırılmayanları kəsək. Dedi ki, bizim adamlara müsabiqədə mane olarlar. Bir anlıq həmin otaqda sısqa bir kənd uşağı kimi imtahan verməyim, bayırda heç kimin gözləmədiyi bu sısqa kənd uşağına Zakir müəllimin beş yazmağı gözümün önünə gəldi. Dedim ki, incimə, bu otaqda vaxtilə mənim haqqımı veriblər, indi mən başqasının haqqını tapdalasam, Allaha xoş getməz.
Müxtəlif illərdə qəbul zamanı onlarla istedadlı uşağa yüksək qiymət yazdım, indi görəndə xatırlayırlar. Tələbəlik illərinin ən maraqlı hadisəsi isə Əbülfəz bəylə (Elçibəy) tanışlığımız olub. Biz onun, Rafiq müəllimin (İsmayılovun) dərslərini səbrsizliklə gözləyirdik. Vətən və millət haqqında ilk sözləri onlardan eşitdik.

- Universiteti bitirən kimi aspiranturaya girdiniz, yoxsa fasilə oldu?

- Bir müddət Cəlilabad rayonunda tarix müəllimi işlədim. Aspiranturaya gəlincə, universitetdə diplom işimin elmi rəhbəri olmuş professor Ruhulla Orucov zəng edib görüşmək istədiyini bildirdi və dedi ki, işlədiyim Lenin muzeyinə gələcək.
Ruhulla müəllim muzeydə yaxşı perspektivim olduğunu desə də, kafedraya əyani aspirantura yeri verildiyini dedi, sənədlərimi verməyimi istədi. Beləliklə, 1977-ci ildə əyani aspiranturaya daxil oldum. 1980-cı ildən universitetdə əmək fəaliyyətinə başladım. Şəxsi və elmi həyatımda hər hansı uğur varsa, bunun üçün universitetə borcluyam. Universitetdə çox böyük alimlərdən dərs aldım, onlarla çiyin-çiyinə işlədim. Böyük hocamız Süleyman Əliyarlı, ustadımız Şirməmməd Hüseynov və dostum Eldar İsmayılovla olan müzakirələr mənə tarix elminin incəliklərilə bağlı çox şeyi anlatdı.

- Özünü nə vaxtdan böyük elmdə hiss etdiniz?

- Mən namizədlik dissertasıyasını gec, 1984-cü ildə müdafiə etdim. Bu, mövzunun uğursuzluğu, həm də həddən çox dərs yükü aparmağımla bağlı idi. Doktorluq dissertasiyasını tez, 1992-ci ildə müdafiə etdim. Mövzu maraqlı idi, 1918-1920-ci illərdəki Azərbaycan Respublikasının beynalxalq aləmə inteqrasiyasını araşdırmışdım. Namizədliyi yazmaq, doktorluğu müdafiə etmək çətin oldu. Böyük müqavimət vardı. Hətta Moskvaya, Rusiya Ali Attesatasiya Komissiyasına anonim şikayət də yazmışdılar. Yalnız bir il sonra Moskvada yenidən müdafiə etdikdən sonra doktorluq diplomu ala bildim.
Kimsə bu iş barədə həmin vaxt mətbuat və informasiya naziri işləyən Sabir Rüstəmxanlıya demişdi. Bir gün Sabir bəy zəng edib dedi ki, o işi gətir mənə. Apardım, vərəqləyib, “Azərnəşr”in direktoru Azər Mustafazadənin üstünə yazdı ki, növbəsiz nəşr edilsin. Bu əsəri 10 min tirajla və böyük sürətlə nəşr etdilər. Amma buna qədər mənim “Ağ ləkələrin qara kölgəsi” kitabım 40 min tirajla nəşr edilmişdi və bu kitabı həmin vaxt “Gənclik” nəşriyyatının planına Hidayət Orucov salmışdı.
Bu iki kitab mənim elmə gəlişimdə əhəmiyyətli rol oynadı. Yaxşı xatırlayıram, həmin vaxt akademik Tofiq Köçərli mənim “Azərbaycan Respublikası beynalxalq münasibətlər sistemində (1918-1920)” kitabımı oxuyandan sonra məni axtarıb tapdı və tanış olduq. Bu tanışlıq sonralar mənim iftixar hissi ilə xatırladığım elmi və mənəvi yaxınlığa çevrildi. Amma qeyd etdiyim kitablar hələ böyük elm demək deyildi.

- Amma hər halda bunlar böyük elmə gedən yolun başlanğıcı idi.

- Öz-özlüyündə doktorluq dissertasiyası böyük elm deyil, böyük elmə keçid vəsqəsidir. Bir qayda olaraq doktorluqdan sonra alimlərimizin bir hissəsi işləmək istəmir, ya da elmi idarələrdə müxtəlif vəzifələr tutub tabeçiliyində olanları özlərinə işlədirlər. Bu formada meydana çıxan işlərin çoxu sönük və mənasız olur. Belə işlərdə plagiatlıq palaz-palaz gözə girir.
Rəhmətlik Azad Mirzəcanzadə Ali Attestasiya Komissiyasının sədri olanda belə şeyləri üzə çıxarırdı.
Rus dilində çıxmış “Cənubi Azərbaycan: soyuq müharibənin başlanğıcı” kitabımı oxumuşdu. Zəng edib universitetdən tapdırdı, yanına gəlməyimi xahiş etdi. Axşamüstü getdim, kitabımdan ürəkdolusu danışdı, “elə bildim elm ölür, bu kitabı oxuyandan sonra fikirim dəyişdi” dedi. Kitabda ona tanış olan adlar var idi, xüsusilə, Cənubda işləmiş neft mütəxəssisləri və alimləri. Onların çoxu sonralar tanınmış akademik və professorlar olub Azad müəllimlə birlikdə işləyiblər.
Əslində, bu əsərin elmi ideyasını mənə Tadeuş Svyataxovskı, ictimai-siyasi ideyasını isə Əbülfəz bəy vermişdi. Bu əsərin geniş Azərbaycan variantını tanınmış poliqraf Nazim İbrahimov “Azərbaycan” nəşriyyatında nəşr etdi. Sonra bu əsər qısa müddətdə sözün tam mənasında dünyaya yayıldı. Moskvada rus dilində, İstanbulda türk dilində çıxdı. Rus nəşrini Harvard Soyuq Müharibə Mərkəzi əldə etmişdi. İngilis dilində çap etmək arzularını ifadə etdilər. Yeri gəlmişkən, mərkəzin rəhbəri professor Mark Kramer bu əsəri çapa hazırlayanda biz hələ şəxsən tanış deyildik. Kitab çıxandan sonra biz Vaşinqtonda tanış olduq. Bütün Amerika sovetoloqları kimi rus dilini yaxşı bilir, böyük alim və təkrarsız insandır. Yeri gəlmişkən, bu şəxs bir vaxtlar ABŞ dövlət katibinin müavini işləmiş Devid Kramerin böyük qardaşıdır. Mark ötən il “Stalin və soyuq müharibənin Türkiyə böhranı” kitabımı Harvard seriyasında nəşr etdi. O, “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar” kitabımın Moskvada nəşr olunmuş rus variantını oxuyandan sonra yazmışdı ki, kitabı iki günə oxuyub. Amerika alimləri ötən əsrin 50-ci illərində Moskvada nələr baş verdiyindən yaxşı məlumatlıdırlar, amma Xruşşov islahatlarının milli respublikalara təsirindən çox az şey bilirlər. Odur ki, professor Kramer bu əsərin də nəşrini planlaşdırmaq qərarına gəldi.
Harvardda nəşr olunan hər iki kitab soyuq müharibənin artıq oturuşmuş tarixinə yeni çalarlar gətirdi. Soyuq müharibənin nə zaman və harada başlanması məsələsində fərqli baxışları ortaya qoydu. Dünya tarixinin bu mühüm hadisəsi ilə bağlı irəli sürülən fərqli baxışlar ilk dövrlərdə çətinliklə qarşılansa da, indi bun qəbul və etiraf edənlərin sayı çoxalmaqdadır.
2005-cı ildən bu yana Moskvada 5 monoqrafiyam, İstanbul və Ankarada 3 kitabım, Tehran və Təbrizdə 3 əsərim nəşr edildi. Bütün bu nəşrlər içərisində “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar” kitabımın Təbrizdə nəşrinə xüsusi əhəmiyyət verirəm. Mən bu şeyləri elə də böyük bir uğur hesab etmirəm, bu mənim gündəlik işimdir və heç vaxt bunları deməmişəm. İndi, bütöv 60 illik həyatımın tamamından geriyə baxanda görürəm ki, nə isə etmişəm. Görürəm ki, ötən 60 il mənasız keçməyib.

- Cəmil bəy, 10 il parlamentin üzvü oldun, Milli Məclisdəki fəaliyyətinizlə bağlı nələri xatırlayırsan?

- Azərbaycanda Milli Məclisin elə də böyük səlahiyyəti yoxdur. Məclisə hakimiyyətin müstəqil qanadı kimi baxmaq doğru deyil. Məclis əslində icra hakimiyyətinin bir qanadıdır.
Məclis üzvü olduğum 10 ildə mənə olan müraciətlərin və xüsusilə seçicilərimin müraciətlərinə həssaslıqla yanaşdım. On il ərzində elə bir yazılı və şifahi müraciət olmadı ki, ona biganə qalım. Parlamentə deputatları ilə görüşə gələn seçicilər yaxşı bilirlər, mən çox az millət vəkillərindən idim ki, həmişə gedib görüşə gələnlərin içində məni gözləyən seçicinin olub-olmadığını soruşurdum.
Parlament jurnalistlərinin keçirdiyi bütün sorğularda seçicilərin maraqlarını müdafiə edən ən fəal deputatlardan biri olmuşam. Həbs olunan jurnalistləri, siyasi məhbusları, tələbə-gəncləri müdafiə etməyə çalışdım.
Hökumətin fəaliyyəti və fəaliyyətsizliyi, insan hüquqları haqqında, korrupsiya, rüşvətxorluğa qarşı, elmin, mədəniyyətin, təhsilin inkişafı ilə bağlı öz sözümü deməyə çalışdım. Məsələn, mən 10 il ərzində mütəmadi olaraq neft haqqında qanunun qəbul olunmasını tələb etmişəm. Belə bir qanunun olmaması neftin hasilatı, istehsalı, nəqli və satışında, neft gəlirlərinin xərclənməsində qaranlıq məqamlara yol açır. Ölkənin başlıca sərvəti olan neftin hüquqi cəhətdən qanuna dayanan statusu bəlli deyil. Bu gün neft gəlirlərinin sözün tam mənasında talan edilməsi müəyyən dərəcədə neft haqqında qanunun olmaması ilə bağlıdır.
Ardıcıl olaraq korrupsiyaya qarşı sərt çıxışlar etmişəm. Hökumətin hesabatları, büdcə müzakirələri, ictimai-siyasi vəziyyətin müzakirəsi, Qarabağın düşmən tapdağından azad edilməsi, mətbuatın müdafiəsi və sair məsələlərlə bağlı həmişə sözümü demişəm.

- Bu gün Ziyalı Forumundasınız və yenə sözünüzü deyirsiniz. Yeri gəlmişkən, foruma qarşı çoxlu hücumlar var. Deyirlər ki, gərək adı belə olmayaydı.

- Ziyalı Forumuna qarşı çıxışlar onun adı ilə bağlı deyil, ad məsələsi bir bəhanədir. Əminliklə deyim ki, bu qurum hansı ad altında fəaliyyət göstərsəydi, ona qarşı çıxışlar olacaqdı. Söhbət burada mahiyyət və məzmun məsələsidir, ölkənin taleyinə münasibətdə bir neçə tanınmış, ictimai fikirə təsir imkanına malik həmfikir ziyalının bir qurumda öz sözünü deməsidir. Bizim idarəçilər həm istəyirlər oğurluq etsinlər, həm də heç kəs onlara oğru deməsin.
Ziyalı Forumu ölkənin indiki duruma salınmasına, simasızlaşdırılmasına, idarəçilikdə yol verilmiş ciddi nöqsanlara, xalqın hakimiyyəti formalaşdırmaq hüququnun əlindən alınmasına etiraz dalğasında yarandı.
Kim hesab edirsə ki, bütün ziyalılar adından çıxış etməyə iddialılıyıq, həmin adamlar yanılırlar. Bizi narahat edən məsələlər barədə ədəbiyyat, sənət, elm, mədəniyyət adamı kimi öz sözümüzü deyirik. Bu sözün deyilməsi də vətənimizin və millətimizin taleyinə məsuliyyət hissimizdən irəli gəlir.
Qarabağ münaqişəsi başlayanda mənim 38 yaşım var idi. İndi 60 yaşım var. Azərbaycan torpaqları daha neçə il işğal altında qalmalıdır? 20 il bir ölkənin torpaqlarının 20 faizinin təxminən 20 ilə yaxın hökumətlik edən eyni hakimiyyətin fərsizliyi ucbatından düşmən əsarətində qalmasına bəraət qazandırmaq olmaz. Nə vaxta qədər hansısa toplantılardan ərazi bütövlüyünün tanınması barədə gətirdikləri arayışlarlı bizə qələbə kimi təqdim edəcəklər? Bu arayışlar hamısı bir yerdə 20 ildir işğal altında qalan vətən torpağının heç 10 sotuna dəyməz.
Açığını deyim ki, mən bu hakimiyyətin bu gedişlə işğal olunmuş torpaqları azad etməcəyinə ümidimi itirmişəm. Bu yöndə ondan gözləntim yoxdur. İyirmi il ərzində xalqa verilən vədlərin heç biri düz çıxmadı, əvəzində öz siyasi nəticələrinə görə Qarabağ problemindən də ağır olan korrupsiya bataqlığı yaradıldı.

- Bundan çıxış yolunu nədə görürsünüz?

- Korrupsiya Azərbaycanda dövlət siyasətinə çevrilmiş idarəçilik şəbəkəsidir. Hansı beynəlxalq rüşvət qalmaqalı olur, Azərbaycanın adı oradadır. Bu millətin 40 il ağır sənayedə, qul əməyindən o qədər də fərqi olmayan kənd təsərrüfatı sahəsində çalışmış pensiyaçısı 100 manata qədər penisiya alır. Bu gün Azərbaycanla həmsərhəd olan ölkələrin hamısında isə müəllim, həkim, mədəniyyət işçisi, orta və aşağı məmur təbəqəsi bizimkilərlə müqayisədə 3-8 dəfə artıq əməkhaqqı və pensiyalar alırlar. Bəs analoqsuz inkişafın xalqın həyatında, güzaranında ifadəsi hanı? Neft gəlirləri artdıqca əhali daha da yoxsullaşır. Azərbaycan sözün tam mənasında beş-altı yüksək vəzifəli şəxslərin idarə etdiyi beş-altı şirkətin istifadəsinə verilib. Bunlar isə ölkəni qarət etməkdən başqa bir şey bilmirlər.
İnsan haqları və demokratiya ilə bağlı vəziyyət son illər ağır həddə gəlib. Bu məsələlərə son vaxtlar keçirdiyimiz müzakirələrdə dəfələrlə toxunmuşuq. Günahsız insanlar həbs edilir. Heç kəsin sabaha ümidi qalmayıb. Ölkədə elə bir mühit yaradılıb ki, kimliyindən asılı olmayaraq hər kəsi həbs edə bilərlər. İnsanların cibinə narkotik, maşınına silah, döşəyinin altına qumbara, qoltuq cibinə qrant qoymaq kimi sayğısız əməllər ötən əsrin 37-38-ci illərinin üsullarıdır.
Azərbaycan getdikcə hakimiyyətin seçki yolu ilə formalaşdırılması prinsipindən uzaqlaşır. Bütün dünyada seçki sistemi genişləndiyi bir vaxtda bizdə seçki sistemi məhdudlaşdırılır. İnsanlara imkan vermək lazımdır, kənddə də, rayonda da, şəhərdə də onları idarə edən şəxləri onlar özləri seçsinlər. Əhalinin yarısının yaşadığı Bakı şəhərində böyük şəhər bələdiyyəsi yoxdur. Olan bələdiyyələr də icra orqanlarının əlavəsinə dönüb. Ali məktəblərin rektorları bütün dünyada kollektivlərin rəyi ilə seçilir. Bizdə isə hətta dekan və kafedra müdirləri belə rektorların yanındakı əlaltı komissiyalar vasitəsi ilə seçilirlər.
Belə idarəçiliyin sonu yoxdur. Bu istiqamətdə olan tənqidlərə müqavimət göstərməyin də əhəmiyyəti yoxdur. İslahat getməlidir, ölkə yeniləşməlidir, korrupsiyanın qabağı alınmalıdır, insan haqlarına hörmətlə yanaşılmalıdır, işğal altında olan ərazilərin azad olunmasının real yolları müəyyən edilməlidir.