“Bəs ayrılan pullar hara xərcləndi, Cənab Prezident?” – Müraciət

bes-ayrilan-pullar-hara-xerclendi-cenab-prezident-muraciet
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, ötən ilki Kür daşqınlarından sonra evi bərbad hala düşən müharibə veteranı, hazırda imkansız durumda və xəstə vəziyyətdədir. Evinə, təsərrüfatına ciddi şəkildə ziyan dəyən Səyyah Əhmədov indiyə qədər dövlətdən cəmi 100 manat yardım alıb. S. Əhmədovun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamlarında və Nazirlər Kabinetinin 197 s saylı sərəncamında Kür daşqınlarının təsirinə məruz qalan insanların problemlərinin həll olunması, onların reabilitasiyası üçün müvafiq tapşırıqlar və dövlət yardımlarının edilməsi nəzərdə tutulur ki, bu məqsədlə də dövlət büdcəsindən 320 milyon manatdan artıq vəsait ayrılıb. Dövlət yardımından və qayğısından kənarda qalan, üzləşdiyi haqsızlıq və ədalətsizliklə bağlı indiyə qədər bütün dövlət qurumlarına müraciət edən müharibə veteranı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək ona köməklik edilməsini xahiş etməklə yanaşı Qərargahdan prezident İlham Əliyevə ünvanladığı məktubun ünvanına çatdırılmasına köməklik göstərməsini xahiş edib. Məktubda evinin yaşayış üçün yarasız vəziyyətdə olduğunu bildirən Səyyah Əhmədov xəstə olduğunu, müalicəyə ehtiyacı olduğunu, eyni zamanda evinin qəzalı olmasına baxmayaraq dövlətdən heç bir yardım almadığını bildirir: “Sizin sərəncamlarınız bizim Sabirabad rayonunun Ulacalı kəndinə gəlib çatmır. Dəhşətli vəziyyətdir ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarından 16 ay ötməsinə baxmayaraq kəndimizdə 117 ailəyə hələ də tam kompensasiya verilməyib. Axı sizin təşəbbüsünüzlə bu istiqamətdə pul ayrıldı. Bəs ayrılan pullar hara xərcləndi, Cənab Prezident? Mən hazırda yataqda müalicə olunuram. Evim qəzalıdır, qabaqdan da qış gələcək. Bəs bizi kim düşünməlidir, biz nə edək, dərdimizi kimə deyək? Vəzifəyə təyin etdiyiniz məmurları insanların taleyi deyil, yalnız pul qazanmaq düşündürür”

Qeyd edək ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı müharibə veteranı Səyyah Əhmədovun məktubunu Prezident Administrasiyasına və Fövqəladə Hallar Nazirliyinə göndərib.

Səidə