“Beşillik təhsili 4 ilə necə bitirmək olar?” – Müraciət

besillik-tehsili-4-ile-nece-bitirmek-olar-muraciet
Oxunma sayı: 5470

“Qafqazinfo”nun məlumatına görə, sakinlər müraciətlərində iddia edir ki, Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində əvvəl müavinət üzrə müfəttiş, daha sonra isə direktor müavini kimi çalışmış Həmidov Əfsər Sənham oğlu orta təhsillidir: “Həmidov Əfsər Sənham oğlu 1999-cu ildən orta təhsilli ola-ola Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müavinət üzrə müfəttiş, 2006-cı ildən isə direktor müavini vəzifəsinə təyin edilmişdir. Güya Əfsər Həmidov 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olub, 2005-ci ildə həmin universitetin maliyyə-kredit ixtisasını bitirib, ali təhsil almışdır. Həmin dövrdə yəni 2001-2005-ci illərdə Ə.Həmidov Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləmişdir. Respublikamızda əyani təhsil 4 il, qiyabi təhsil isə 5 ildir. Onda belə bir sual meydana cıxır, necə olur ki, Ə.Həmidov Lerikdə işləyə-işləyə Bakıda təhsil almışdır?”.

Sakinlər onu da vurğulayır ki, rayonda özəl universitetlərdə adları gedən və eyni zamanda işləyən bir neçə nəfər də var: “İstər rayonumuzun ərazisində istərsə də ölkəmizin ərazisində hazırda özəl universitetlərdə adları gedir, lakin müxtəlif işlərdə işləyirlər. Acınacaqlı hal ondadırki, gecə-gündüz əziyyət çəkib dövlət universitetləri bitirənlər iş tapa bilmir, amma özəl universitetləri saxta diplomla “bitirənlər” tez iş tapırlar. Özü də yaxşı işlər. Ən çox da Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu alanlar. Bizim yuxarıda dediyimiz yalnız bir fakt deyil. Həmin illdə yəni 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetindən çox adamlar saxta diplom alaraq istər rayonumuzda istərsə də Respublikamızın ərazisində müxrəlif işlərdə işləyirlər. Ən pisi də odur ki, dövlət qulluğunda “çalışırlar”. Quldurluqla məşğuldurlar”.

Lerik sakinləri bu müraciətə Təhsil Nazirliyinin cavabının isə aşağıdakı kimi olduğunu bildirib: “Təhsil nazirliyinin qaynar xəttinə daxil olmuş ərizənizə cavab olaraq bildirirk ki, müraciətdə adı qeyd olunan Həmidov Əfsər Sənham oğlu həqiqətən 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin qiyabi şöbəsində təhsil almış və universiteti bitirdiyi üçün ona dövlət nümunəli diplom blankı verilmişdir”.

Buna baxmayaraq, Təhsil Nazirliyinin cavabı sakinləri qane etməyib, onlar nazirliyə yenidən məktub ünvanlayıb: “Azərbaycan Respublikasının “Təhsil Qanunu”nda qiyabi təhsil 5 ildir. Onda necə olur? Qanunda dəyişiklik olub bizim xəbərimiz yoxdur. Bizim bildiyimizə görə, təhsil qanununda əyani təhsil 4 ildir. Əfsər Həmidov 2001-2005-ci illərdə həmin Universiteti oxuyubsa, onda o 4 il təhsil almış olur. Yəni, oxuduğu tədris illəri aşağıdakı kimi olur. 2001-2002, 2002-2003, 2003-2004, 2004-2005. Bu da 4 il olur. Sizin fikrinizcə, onun diplomu saxta diplom olmur? Xahiş edirik, bunu dəqiq araşdırın və lazımi tədbiri görün”.

Məsələ ilə bağlı Təhsil Nazilriyə ilə əlaqə saxladıq. Nazirliyin Aparatından Qaraxanova Nərgiz bildirdi ki, işləyə-işləyə təhsil almaq mümkündür, amma sakinlərin müraciətində göstərilən şəxsin qiyabi təhsilinin 4 il olub-olmamasına gəlincə isə, dəqiq bir söz demək olmaz: “Təhsil Nazirliyinə daxil olan müraciətlə və onun cavab məktubuyla mən işləməmişəm. Əgər məktubun nömrəsini desəydilər, onda biz arxivdən həmin məktubu tapa bilərdik. O məktub saxta da ola bilər”.

Nərgiz Qaraxanova onu da vurğulayıb ki, 4 il qiyabi təhsil almaq mümkündür: “Ola bilər ki, o şəxs 4 il ərzində qiyabi təhsil alıb, çünki ikinci ali təhsil alan şəxs qiyabi təhsili 5 ildə bitirməyə bilər”.


Fatimə Kərimli