Bəxtiyarın anası Klintona müraciət etdi

bextiyarin-anasi-klintona-muraciet-etdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, o, oğlunun 2010-cu il parlament seçkiləri zamanı fəaliyyətinə, xüsusən sosial şəbəkədə hakimiyyətin avtoritar siyasətini tənqid etdiyinə görə həbs edildiyini xatırladaraq, dövlət katibindən kömək istəyir. “Bəxtiyarda ”pteregium” adlı göz xəstəliyi var. O, 2 il müddətinə həbs olunub. Cəzaçəkmə müəssisəsində ağır şərait səbəbilə bu xəstəlik son həftələrdə ağırlaşıb, ancaq ona uyğun tibbi yardım göstərməkdən imtina edilir. Bununla yanaşı, vaxtaşırı olaraq vəkilləri və dostları ilə görüş verməkdən də imtina edilir”, deyə müraciətdə bildirilir.

Solidə Mövlayeva xatırladır ki, oğlu ABŞ-da kifayət qədər uğurlu təhsil alıb və həqiqətən azad və açıq mühitdə yaşamaq təcrübəsini dadmış Azərbaycan gənclərindən biridir. “Azərbaycanda azad fikir söyləmək günahdır və həqiqəti söyləməyə cəsarət edənlər saxta ittihamlarla həbs edilirlər. Bəxtiyarın vətənpərvərliyini sual altına qoymaq məqsədi ilə onu hərbi xidmətdən yayınmaqda günahlandırır, eləcə də Harvard dərəcəsini ələ salaraq iftira dolu ittihamlar yayımlayırlar”, - deyə müraciətdə qeyd edilib.

“Xanım Klinton, mən oğlumun etdikləri ilə fəxr edirəm, lakin onun Azərbaycanın ən ağır şəraitli həbsxanalarından birində saxlanılmasından çox narahatam. Biz bu rejimdə heç kimə etibar edə bilmirik. Biz doğru olanı etdiyimiz üçün bizi izləyən hakimiyyətin əsarəti altındayıq. Bizim başqa müraciət edə biləcəyimiz kimsə yoxdur, ancaq xaricdən kömək gözləyirik. Hal-hazırda, xaricdən edilən müraciətlər, eləcə də QHT-lərin dəstəyinin heç bir nəticəsi yoxdur.

Xanım Klinton, bizim xahişlərimizi cavabsız qoymayacağınıza inanırıq. Siz bizim axırıncı ümid yerimizsiniz. Xahiş edirəm, bir ana kimi mənə kömək edin”, - deyə Mövlayeva müraciətin sonunda qeyd edir.