Beynəlxalq Böhran Qrupundan Azərbaycan hökumətinə- Təklif

beynelxalq-bohran-qrupundan-azerbaycan-hokumetine-teklif
Oxunma sayı: 643

“Turan”ın məlumatına görə, məruzədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışıqlarında irəliləyiş olmaması fonunda Azərbaycan hökuməti köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür, amma sakinlərin işğal edilmiş ərazilərə qaytarılması ən yaxşı həll yoludur: “Azərbaycan hökuməti 2004-cü ildən artan neft gəlirləri sayəsində köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə səyləri intensivləşdirib. Nəticədə yoxsulluq göstəricisi xeyli azalıb, dövlət daha keyfiyyətli mənzillər tikir və səhiyyə xidmətlərindən istifadə imkanlarını yaxşılaşdırır.
Buna baxmayaraq 400 minə qədər köçkün texniki və sanitar normalara uyğun olmayan mənzillərdə yaşayır, məmurların səmərəsiz fəaliyyəti və korrupsionerliyi məsələləri tam həllini tapmayıb. Məcburi köçkünlərin təxminən 128 min nəfəri 1994-cü ildə döyüş əməliyyatlarının dayandırılması haqqında saziş imzalandıqdan sonra müəyyən edilmiş təmas xəttinə yaxın yaşayır. Bu rayonlarda yaşama riski yüksəkdir, sərhədyanı atışmalar nəticəsində təmas xəttində hər il təxminən otuz nəfər həlak olur.
Təmas xətti boyunca yaşayan mülki əhalinin müdafiəsi məqsədilə Azərbaycan ATƏT missiyasının təmas xəttində geniş monitorinqinə, snayperlərin təmas xəttindən çıxarılması təklifinə və döyüş əməliyyatlarının dayandırılması haqqında sazişin pozulması faktlarının araşdırılması üzrə ikitərəfli mexanizm yaradılmasına razılaşmalı, həmçinin ərazilərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin iştirakı ilə idarələrarası komissiya yaratmalıdır.
Məcburi köçkünlərin nümayəndələrinin onların yaşayış şəraitinə birbaşa təsir göstərən qərarların işlənib hazırlanmasına görə məsul olan qurumlara inteqrasiyası məsələsi də vacibdir. Ölkə hakimiyyəti köçkünlərin mənzil məsələləri üzrə qərarların qəbuluna təsirini gücləndirməli, korrupsiyaya və məcburi köçkünlərə aid dövlət qanunvericiliyinin yerinə yetirilməməsinə qarşı mübarizə metodlarını təkmilləşdirməli, habelə daxili köçkünlərə müvəqqəti yaşadıqları ərazi üzrə yerli özünüidarə orqanlarına seçkilərdə səsvermə hüququ verməlidir. Bu gün köçkünlərin siyasi proseslərdə və onların yaşayış şəraitinə birbaşa təsir edən qərarların qəbulu prosesində iştirakı yetərsizdir və gücləndirilməsinə ehtiyac var”.