Bəzi məqamlara toxunmaq istəyirəm

bezi-meqamlara-toxunmaq-isteyirem
Oxunma sayı: 636

Bir tərəfdən inteqrasiya prosesindən kənarda qalmamaq, digər tərəfdən isə milli dəyərlərimizin qorunması, bir tərəfdən qloballaşan dünyanın tərkib hissəsinə çevrilmək, digər tərəfdən isə ümumilli liderimiz Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq prinsipinə sadiq qalaraq dövlətimizin bütövlüyünü təmin etmək kimi məsələlər bizləri düşündürür. Sözsüz ki, bu proseslərdə hər bir Azərbaycan vətəndaşı ilə yanaşı, biz millət vəkillərinin də üzərinə böyük məsuliyyət düşür. Ölkənin qanunvericilik qolunun təmsilçiləri kimi demokratik dəyərlərə söykənəkli, işləklik imkanları yüksək olan qanunların hazırlanması qarşımızda dayanan əsas məsələlərdən biridir.

Bütün bunlarla yanaşı bu gün diqqəti cəlb edən məqamlardan biri də vətəndaşla, cəmiyyətlə icraedici və qanunverici strukturların təmasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışında insanların rahat yaşaması, bürokratik əngəllərə tuş gəlməməsini önə çəkib və insan resursuna yüksək dəyər verib. Məhz həm də buna görə bu gün ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır və bürokratik əngəllər yaradan məmurlar kənarlaşdırılır. Bunlarla yanaşı məhz prezident İlham Əliyevin təşəbbüsü ilə kadr islahatlarının həyata keçirilməsi, kadrların gəncləşdirilməsi məsələsi də günümüzün mövzusuna çevrilib. Bütün bunlar isə vətəndaş – hakimiyyət münasibətlərinin daha da təkmilləşməsinə bir başa müsbət təsir göstərir. Bunları nəzərə alaraq bir millət vəkili kimi seçicilərimizlə ünsiyyətdə ki, bəzi məqamlara da toxunmaq istəyirəm. Biz millət vəkili olaraq seçicilərimizin daha rahat yaşaması, daha uğurlu gələcək qurmasını istəyir və bu istiqamətdə işlərimizi görürük. Amma bəzən seçicinin öz haqqını sona qədər bilməməsi müəyyən çətinliklərdə yaradır. Bir millət vəkili olaraq biz seçicilərimizlə hər zaman
ünsiyyətdə maraqlı oluruq. Və seçicilərimizdən gözlədiyimiz təkliflər məhz bunlar olur.

1. Sosial-ictimai haqlarının daha mükəmməl qorunması üçün təkliflərin verilməsi
2. Qanunvericilik bazamızın daha işlək olması üçün seçicilərimizin cəmiyyətin bir hissəsi kimi məsələləri gündəmə gətirməsini.

Bütün bunlar isə həm cəmiyyətin inkişafını təmin edər, həm də seçicilərlə ünsiyyəti daha da dərinləşdirə bilər. Amma bəzən təəssüflər olsun ki, bu ünsiyyətdə zədələr də olur. Məsələn, seçici millət vəkilindən yeni, daha səmərəli iş yeri istəyir və ya qarşılaşdığı hansısa adi sosial problemin millət vəkili tərəfindən həllini istəyir. Bir millət vəkili olaraq seçicilərimlə görüşdə hər zaman qarşılaşdığım problem məhz budur. Bİr seçici digər seçicinin istədiyindən xəbərsizdir. Amma müraciət edən seçicilərin demək olar ki, böyük əksəriyyəti eyni formalı müraciəti edir və bu müraciətlər millət vəkilinin səlahiyyətində olmayan məsələdir. Bunu bilməliyik ki, millət vəkilinin icraedici strukturlara bir başa təsir etmək, kimlərinsə işlə təmin olunmasını istəməsi, sosial problemləri bir başa həll etmək hüququ və imkanları yoxdur. Bu dünyanın ən sivil cəmiyyətlərində də belədir və əslində qanunvericilik strukturunun mövcudluğu da icraedici strukturların daha normal işləməsi üçün qanuni bazanı yaratmaqla bağlıdır. Buna görə də əziz seçicilər bu məsələlərdə yəqin ki, daha ayıq olmalı və onu təmsil edən millət vəkilindən onun hüququ çatacaq məsələləri tələb etməlidir. Düzdür, bir millət vəkili olaraq hər birimiz seçiciyə imkanımız çatacaq səviyyədə yardımçı olmağa çalışır, hətta hansısa icraedici strukturlara müraciətlər edirik. Amma bu artıq bizim şəxsi təşəbbüsümüz olur və bu olaylar kütləviləşəndə əsassız gərginliklər yaradır. Artıq neçə illərdi ki, dövlətimiz, bir başa prezident İlham Əliyev işsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi işlər görüb və bu proses davam etməkdədir. Bununla yanaşı qeyd etmək istərdim ki, icraedici strukturlarda bəzən elə kadrlar olur ki, vətəndaşı haqsız və səbəbsiz yerdən incidir, aparılan uğurlu siyasətə mənfi çalarlar qatır. Hesab edirəm ki, bu məsələdə hər bir məmur daha həssas olmalı və bilməlidirlər ki, oturduqları kürsüdə dövlətin maraqlarını qorumalı və vətəndaşın rahat həyatını təmin etməlidirlər.

Bu məsələ dəfələrlə ən yüksək səviyyələrdə müzakirə olunub və lazımi ölçülər görülüb. Bir məqama da xüsusi ilə toxunmaq istəyirəm və dəfələrlə bu məsələyə münasibətimi də bildirmişəm. Söhbət regionçuluq problemindən gedir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan hazırda bu problemdən tamamı ilə qurtulub və bu gün öndə olan meyar peşəkarlıq qabiliyyətinə görə insanların önə çəkilməsidir. Amma təəssüflər ki, elə məmurlar var ki, bu gündə qohumbazlıq xəstəliyindən qurtula bilmir və rəhbəri olduqları sahəyə peşəkarlıq imkanları sıfır olan qohumlarını cəlb edirlər. Bu isə sözsüz ki, cəmiyyətdə düzgün qarşılanmır və əks reaksiyalar yaradır. Beləliklə bir tərəfdən peşəkar kadrlar kənarda qalır, bir tərəfdən qeyri-peşəkarlar həmin sahələri iflic halına salır, digər tərəfdən isə bu cəmiyyətdə mənfi aura formalaşdırır.

Hesab edirik ki, hər bir şəxs öz işinə məsuliyyətlə yanaşsa seçicilərimiz daha çox razı qalar və millət vəkili öz işi, məmur isə öz fəaliyyəti ilə məşğul ola bilər. Seçicilər isə daha aydın şəkildə bilə bilər ki, millət vəkilinin vəzifəsi qanunvericiliyin formalaşdırılmasından ibarətdir. Bu gün demokratik cəmiyyətin qurulması üçün ilk növbədə hər birimiz təfəkkürdə buna nail olmalı və daha güclü dövlətin güclü vətəndaşına çevrilməliyik.