“Gülər Əhmədovanın oğlu xaricdədir” - Hakim

guler-ehmedovanin-oglu-xaricdedir-hakim
Oxunma sayı: 659

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərəçəkən və şahid qismində cəlb olunan sabiq deputat Gülər Əhmədova, oğlu Toğrul Əhmədov və Tənzilə Rüstəmxanlı prosesə qatılmamışdılar. Hakim sözügedən şəxslərin ölkə xaricində olduğunu bildirdi.

R.Allahverdiyeva bildirdi ki, şahid Vüqar Məmmədov bu il fevralın 2-də Bakı-Dubay reysi ilə ölkəni tərk edib və bir daha geri qayıtmayıb. Ə.Zeynallı isə etirazını bildirərək dedi ki, məhkəmə prosesi başa çatmamış hakim həmin şəxslərin ölkədən çıxmasına icazə verməməli idi.

Ə.Zeynallı əlavə etdi ki, ötən iclasa şahid qismində ifadə verən Aydın Heydərov zaldan qaçıb. Hakim isə bildirdi ki, A.Heydərov məhkəməyə müraciət edərək bildirib ki, o, ötən prosesdə təhqir olunduğuna görə məhkəmə prosesində halı pisləşib və onun ürək ağrıları tutub. Hazırda yataq şəraitində müalicə alır. O, istintaqda verdiyi ifadəsini təqsdiq etdiyini yazıb. Ə.Zeynallı isə dedi ki, A.Heydərov yalan məlumat yazıb:

“Məndə olan məlumata görə o, Mərdakandakı bağ evində yer şumlayır. Mənim ona suallarım var idi. Necə olur, 97 yaşında üzə durmağı bilir, suallara cavab verməyi yox? Ağır cinayətlərdə ürək yoxdur. Burda hər şey dəmirdəndi, daşlaşıb”.

Hakim Ə.Zeynallıya ifadə vermək barədə soruşanda o, ifadə vermək həvəsində olmadığını dedi: “Mənim indi ifadə verməyimin heç bir əhəmiyyəti yoxdur. Gülər Əhmədovanın məhkəməyə gəlməsi barədə siyasi hakimiyyətin qərarı yoxdur. Onun oğlu da ölkədə deyil. Aydın Heydərov Mehdiabadda bostan sulayır. Sabir Tarıverdiyev...”.

Hakim bildirdi ki, S.Tarıverdiyev ötən prosesdə üç saat yarım dindirilib.
Ə.Zeynallı isə dedi ki, fasilə elan olunmayanadək şahidlər məhkəmə zalını tərk edə bilməzlər: “Mənim ona suallarım var. YAP-ın çobanı, Milli Dövlətçilik Partiyasının sədri önəmli bir qəzetin baş redaktorunu şərləyə bilir, məhkəmə iclasına gələ bilmir?”

Daha sonra Ə.Zeynallı hakimə vəsatətlərini təqdim etdi. Ə.Zeynallı bildirdi ki, G.Əhmədova ilə bağlı açılan cinayət işi ilə bu iş bir-birinə bağlıdır: “Gülər Əhmədova hadisəsi klassik hüquq dərsidir. Bu adam iddia edir ki, ondan 10 min manat rüşvət istəmişəm. Onun bu şikayətinə əsasən həbs olunmuşam. Amma o barəsində rüşvət faktı olduğu halda azadlıqda gəzir. Hədə-qorxu gəlir. Elşad Abdullayev iyulun 11-də şikayət verib. Mənim səsim iyulun 25-də yazılıb.

Oktyabrın 19-da qəzetimin tirajı artanda dedilər Əvəzin qələmini qırın. Mən Ramiz Mehtiyevi, Əli Həsənovu tənqid etmişəm. Gülər Əhmədova isə dələduzdur. Bunlar bir-birinə bağlı cinayət işləridir. Barəmdə şikayət edən şəxs özü dələduzluqda günahlandırılır. Mənə qarşı cinayət işi, 311-ci maddə ləğv olunmalıdır. Gözləyirsiniz ki, Fuad Ələsgərov sizə zəng edəndən sonra məni ev dustaqlığına buraxasınız?”

Ə.Zeynallı həmçinin hakimdən məhkəmə protokollarını istədi. Hakim isə bildirdi ki, məhkəmə protokolları ancaq proses bitəndən sonra üç gün müddətinə tanış olmaq üçün Ə.Zeynallıya verilə bilər. Ə.Zeynallı isə bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi təklif etdi və bildirdi ki, Konstitusiya Məhkəməsi bu barədə rəy verəcək.

Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı alınan şahid ifadələri saxtadır. Belə ki, istintaqda bir neçə şahid ifadələri versiyası hazırlanıb: “Mənim vəkilimə verilən şahid ifadələri ilə,cinayət işi materialaında yer alan şahid ifadələri fərqlidir. Müstəntiq Qabil Qasımov bir neçə şahid ifadəsi hazırlaylb. Vəkililimə isə yanlış ifadələri veriblər”.

Bundan sonra Ə.Zeynallı daha bir faktı açıqladı. O bildirdi ki, ilkin istintaqda və məhkəmədə ifadə verən Əlirza Allahverdiyev fərqli adamlardır. Hakim cinayət işi materiallarının 2-ci cildindən həmin şəxsin şəxsiyyət vəsiqəsini tapdı. Hakimlər, prokuror və vəkil Elçin Sadıxov şəklə baxıb Ə.Zeynallıya ötürdülər. Ə.Zeynallı zaldakılara yaxınlaşaq ötən prosesdə iştirak edənlərdən Ə.Allahverdiyevin şəkildəki şəxs olub-olmadığını soruşdu. Məlum oldu ki, məhkəmədə ifadə verən şəxs Ə.Allahverdiyev olmayıb. Hakimlər şəkildəki şəxslə ifadə verən şəxsin eyni adam olub-olmadığına dair sualı cavabsız saxladılar.

Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı onun telefonunda qeyd olunan nömrə sahiblərindən 5,10,15,20,25 manat pul alınıb. Baş redaktor həmçinin bildirdi ki, cinayət işi materiallarının 4-cü cildi hələ də ona təqdim olunmayıb.

Dövlət ittihamçısı isə vəsatətlərə münasibətində G.Əmədovanı müdafiə etməyə başladı: “Gülər Əhməddovaya qarşı hərəkət dövlətə qarşı hərəkət idi. Gülər Əhmədova ilə bağlı cinayət işində ibtidai istintaqın gələcəyi nəticə hələ məlum deyil. 311-ci maddə ilə təqsirləndirməyinizin səbəbi zərəçəkən şəxs qismində dövlət idi. Bu, sizin barənizdə cinayət işinə xitam verilməsinə əsas vermir”.

Prokurorun münasibətindən sonra Ə.Zeynallı hakimdən söz istədi. Amma ona söz verilmədi. Hakim bildirdi ki, prosedur belədir. Daha sonra hakimlər müşavirəyə getdilər. Ə.Zeynallinin vəsatətləri təmin olunmadı. Proses 18-i saat 10:00-dək təxirə salındı.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Xural” qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. O, ötən il oktyabrın 28-də həbs olunub./musavat.com/