Bığ

big
Oxunma sayı: 1133

Sonra restoranının rahat kresloda əyləşən nəhəng vücudlu, bığlarının hər tayını burub bir qulağının arxasına keçirən sahibini görəndə nə baş verdiyini anladım. Belə görünüşü olan adamın bu adda restoran açması təəccüblü deyil.

Bığ nədir? Düşmən çəpərimi? Açığı bu suala cavab axtaranda bir az qayğılanıram. Çünki bizdə bığ haqqında o qədər də çox yazılmayıb. Yalnız Salam Qədirzadənin bu adda bir hekayəsini oxumuşam. Məzmunu təxminən belədir: bığ kişiyə yaraşmır, onu qırxmaq istəyir, arvadı qısqanc olduğuna görə buna imkan vermir! Göründüyü kimi, bığın bizim qafamızdakı inikası lazımı səviyyədə verilməyib bu hekayədə. Elə-belə lağlağı edilib. Amma mərhum yazıçımız Rafiq Tağı büt yaratmaq azarımızı kəskin atəşə tutan bir essesində Koroğluya da yer ayıraraq bığdan ürəkaçan səviyyədə bəhs edib. R.Tağıya görə bığ Koroğluluq kompleksidir. Məncə dəqiq diaqnozdur. Bizdə qəhrəmanlıq, ətrafdakılardan cəsarətinə görə seçilmək yekə bığ saxlamaqla simvolizə olunur ki, bu da kefqom adamlarda gülüş doğurur. Usta yazıçı essesinin sonuna doğru baltanı lap dibdən vurur: “Bığı yekə adamların ağlına həmişə şübhəm olub!” Vay bəəə!!! Bu cümləni oxuyar-oxumaz tanıdığım bütün bığıyekə adamları xəyalıma gətirmişəm. Müdhiş müşahidədir!

Məncə Koroğludan bizə miras qalan bığ məsələsi bir az Stalinlə, bir az da Səddam Hüseynlə zənginləşib. İndinin özündə, bığı yekə adamlar özlərini bu üç tarixi şəxsiyyətin birinə oxşadırlar. Koroğlu dastanında və Stalinlə bağlı mütilikdən doğan əfsanəvi əhvalatlarda əsas obrazlardan biri də bığdır. Koroğlunun əlini bığına çəkməsi, Stalinin bığaltı qımışması qoca arvadların belə könlünə xal salıb! Səddam da ki, çox yaraşıqlı kişi idi. O cür qara gözləri, mənalı baxışları, düşmənçəpəri bığları olan adama da heç qıyardılarmı?! Allah baisin evini yıxsın!

Hələ bizdə bir həkim var, sən bunun ədabazlığına bax! Tibb Universitetində oxuduğu vaxtlar qoca babası ona gül kimi nəsihət verir: “Ay bala, özünə bığ saxla, kişinin bığı olar!”. Bu dinsiz-imansız gör nə cavab verir: “Toz yığmaqdan başqa bir əhəmiyyəti yoxdur!”

Bığ da var, bığ! Məsələn, uzun müddət qədirbilən xalqımız M.C.Bağırovun bığlarını imitasiya edib. Hətta tanınmış sənət adamları belə.... Sonralar burun deşiklərinin həmən qarşısında peyda olan bu kvadrat tüklər dəb halını aldı. Bizdə el arasında buna “oğraş bığı” deyirdilər. Təsəvvür edən, bir kişi səhər durur və qərara gəlir ki, burnunun selikaxanında yerləşən tüklərdən başqa sifətinin hər yerini qırxmalıdır. Niyə? Nə səbəbə? Nədən ötəri? Qəliz sualdır, Ətağa!

Və ya başqa biri burnu ilə ağzı arasındakı məlum məsafəni üzqırxanla dibindən qaşıyır, lakin dodağının üstündə başabaş sanki dənə-dənə tük saxlayır. Xalq arasında “xanəndə bığı” kimi tanınan bu bəzək-düzək növü şəxsən məni həmişə heyrətdə buraxıb. İnanmaq olmur: oğul-uşaq, nəvə-nəticə sahibi olan ciddi bir adam üzünü qırxanda saatlarla bığnaziltmə əməliyyatı keçirir, hətta nəqqaş dəqiqliyi ilə çalışıb sifətində bu əcaib xətti yaradır. Soruşmuşam, bu cür bığlardan, bərbərlər də bezardır. Mənim bərbərim (adını və yerini yazmıram, reklam olar) bir neçə dəfə etiraf edib ki, belə bığları ürəyində həmişə söyür!

Söyür dedim, yadımda düşdü, bizdə bığ həm də ən ağır söyüş obyektlərindən biridir. Dedik axı, bığın mənəvi dəyəri də vardır!

60-cıların bədbəxt etdiyi gənc ədəbiyyat adamlarının ümumiləşmiş portretinə bənzəyən şair-rəssam Adil Mirseyidin də bığları var. Bığı olmayanda nə olar, gərək kişi olanı desin, Adil müəllimin bığları nə həmkarı İslam Sadığınkı kimi motosikl ruluna bənzəyir, nə də böyür-başı yontalanıb. Di gəl dişləri töküləndən sonra şairin ağzına dolan tüklər ona heç yaraşmır.

Günlərin birində özünün də varlı-karlı bığı olan ustad Murad Köhnəqala ilə Sahil bağında gəzirdik, qəflətən Adil Mirseyidi gördük. Bığları da üstündəydi... Salamlaşdıq və keçdik. Bir azdan kimsə bizdən Adil Mirseyidi soruşdu. Murad gülümsəyərək dedi:

“Ağzında bir çəngə tük, belə getdi!”

Mövzuya qayıdacağıq...