“Bir dövlətin ki, müxalifəti yoxdur...” Müsahibə

bir-dovletin-ki-muxalifeti-yoxdur-musahibe
Oxunma sayı: 658


Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin “Qafqazinfo”ya müsahibəsi:


- AMİP-in İctimai Palataya qayıtmaq məsələsi gündəmdədir?

- Biz İctimai Palatanın təsisçilərindən biriyik və İctimai Palatanın bütün siyasi addımlarını diqqətlə izləyirik. Mən, AMİP-in sədri Koordinasiya Şurasında təmsil olunmasam da, partiyamızın 2010-cu ildə parlament seçkilərində namizəd olmuş üzvləri orada təmsil olunur. İctimai Palatanın sessiyasında bizim üzvlərimiz aktiv iştirak edirlər və siyasi həyatında öz sözlərini deyirlər. Əlbəttə ki, İctimai Palataya qayıtmaq məsələsi gündəmdədir. Bu haqda partiyanın siyasi qərarı olmalıdır

- İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı fikrinizi bilmək istərdim. Bu mitinqi necə qiymətləndirirsiniz?

- 8 aprel mitinqini yüksək qiymətləndirirəm. Mitinqlər, aksiyalar, piketlər partiyaların siyasi fəaliyyətinin bir istiqamətidir. Partiyamız “AMİP qoşulmur” qərarı olmasına baxmayaraq, mitinqdə AMİP-çilər iştirak ediblər.

- Niyə belə qərar vermişdiniz?

- Çünki bizim başqa təşkilatın tədbirinə qoşulmağımız düzgün çıxmır. Qərarı onlar veriblər, Baksovetlə onlar razılaşıblar, gününü və saatını müəyyən ediblər. Sonradan hər hansı bir partiyanın bu mitinqə qoşulması düzgün olmazdı.

- Sizə İctimai Palatadan mitinqə qoşulmaqla bağlı rəsmi müraciət olunmuşdu?

- Xeyir, bizə müraciət olunmadı. Əgər rəsmi müraciət olsaydı mitinqin gününün və yerinin təyin olunmasında, bizimlə razılaşma olsaydı, əlbəttə ki, biz iştirak edərdik. Buna baxmayaraq AMİP-in rayon təşkilatları mitinqdə aktiv iştirak ediblər. Partiyamızın siyasi şurası qərar verdi ki, AMİP-çilər seçimdə azaddırlar və bu qərardan sonra AMİP-çilər mitinqdə iştirak etdilər. Məndə olan məlumata görə, mitinqdə on minə yaxın insan iştirak edib. Ümumiyyətlə , müxalifət partiyaları Azərbaycan cəmiyyətində alternativ fikrin daşıyıcısıdırlar. Müxalifətə düşmən kimi baxmaq düzgün deyil. Azərbaycanda müxalifətə qarşı yanaşma, münasibət düzgün deyil. Hakimiyyətdə siyasi, iqtisadi və hüquqi qərarlarında səhv edə bilər. Onda müxalifət bu səhvi görərək əsaslandırıb ictimailəşdirməlidir. Alternativ fikrə, alternativ təklifə, alternativ düşüncəyə hörmətlə yanaşmaq lazımdır. O təkliflərin və fikirlərin daha mütərəqqilərini dövlət idarəçiliyində istifadə etmək lazımdır. Çünki dövlət həm siyasi, həm də iqtisadi cəhətdən rəqabətə hazır olmalıdır. Bir dövlətin ki, müxalifəti yoxdursa, orda rəqabət də olmaz, inkişaf da...

- Bildiyiniz kimi İP növbəti mitinqini aprelin 22-də keçirəcəyini elan edib. Növbəti mitinqdə AMİP-in iştirakı gözlənilir?

- Rəsmi müraciət olunsa, müzakirə edəcəyik. Mən İctimai Palatanın mitinqlərini dəstəkləyirəm və davamlı olmasını istərdim.

- Son günlər müzakirə olunan məsələlərdən biri də partiyaların dövlət tərəfindən maliyyələşməsidir. Bu layihəyə siyasi partiya rəhbəri olaraq siz necə yanaşırsınız?

- Dövlət siyasi və iqtisadi rəqabətə davamlı olmalıdır. Dövlətin büdcəsi və iqtisadiyyatı neft və qazın satışından asılı olmalı deyil, o siyasi cəhətdən modern olaraq , idarəçilikdə, xarici təhdidlərdən, müharibələrdən cökməməlidir. Dövlət vətəndaş cəmiyyətindən, siyasi partiyalardan dəstək almalıdır. Siyasi rəqabət olmasa, iqtisadi rəqabət də ola bilməz. Siyasi partiyaların maliyyələşməsinin parlamentdəki seçkilərlə uyğunlaşdırılması düzgün deyil. Söhbət fiziki şəxsdən deyil, partiyadan gedirsə, o partiyanın ənənəsi, tarixi nəzərə alınmalıdır. Azərbaycan siyasətinə verdiyi töhfələr, parlament və prezident seçkilərində necə iştirak etməsi əsas götürülməlidir. Bir seçkinin nəticələrini ATƏT neqativ dəyərləndirirsə, xarici təşkilatlar qəbul etmirsə, biz bu qanunu parlament seçkilərinin nəticəsi kriteyasından qiymətləndirə bilmərik. Azərbaycanda həm iqtisadi, həm də siyasi reform olmalıdır. Bu reformlar olmasa Azərbaycanda siyasi partlayış olacaq. Mən bunu görürəm, hiss edirəm. Azərbaycanın müstəqilliyini Pakistana, Türkiyəyə tanıdan, 92-ci ildən bu günə kimi həm parlament, həm prezident seçkilərində iştirak etmiş, yeganə partiya olaraq Beynəlxalq Demokrat İttifaqında təmsilçiliyi olan AMİP kimi bir partiyanın bu layihədən kənarda qalması nə dərəcə düzgündür?! May ayının əvvəlində mənim Brüsselə səfərim gözlənilir. Biz ikinci dəfədir ki, Avropa Parlamentinə dəvətliyik. Bu o deməkdi ki, AMİP Avropa Parlamenti tərəfindən qəbul olunur. Əgər bu qanunu mürtəce formada qəbul edilsə əlbəttə ki biz bu məsələni orada qaldıracağıg. Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlıq edir, Azərbaycan hökuməti bu qanunu qəbul edəndə Venesiya Komissiyasının təklifləri nəzərə almalıdır. Və bir sual ortaya çıxır. Nəyə görə indiyə kimi nə hökumət, nədəki ATƏT-in Azərbaycan ofisi bu qanunun müzakirəsi ilə əlaqədar geniş deyir masa keçilməyib və bu qanunun müzakirəsi ictimailəşməyib? Deməli burada məqsəd başqadır, qaranlıqdır!

- Dediyiniz budur ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini dəstəkləyirsiniz. Amma bu layihəyə ədalətli dəyişikliklər olmalıdır?

- Bəli, ənənəsi, tarixi olan siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi düzgün olardı.

- Bir qrup müxalifətçi gənclər arasında belə bir fikir formalaşıb ki, sanki lider olaraq Əli Kərimlini seçiblər. Sizcə prezident seçkilərində müxalifətin vahid namizədi Əli Kərimli ola bilərmi?

- Əlbəttə ki, Əli Kərimli ola bilər, Yusif Bağırzadə, İsa Qəmbər, Sərdar Cəlaloğlu, Mirmahmud Fəttayev də ola bilər. Amma əsas vahid namizəd deyil, əsas olan vahid ideyanın ətrafında birləşməkdir. Bu gün siyasi partiyalar arasında qütbləşmə yaranıb. AMİP üçün 4-5 partiyanı birləşdirib bir birlik, hərəkat yaratmaq çətin iş deyil. İdeyamız Azərbaycanda hüququ və siyasi islahatların getməsi, Azərbaycanın parlamentili dövlətin yaradılması, qanunun aliliyinin təmin olunması olmalıdır. Biz Qırğızıstan modelini seçməliyik. Mən təklif edirəm ki, öncə vahid ideya ətrafında birləşmək, vahid platforma seçmək və sonda vahid namizədimiz müəyyənləşdirmək lazımdı. O, iki illik prezident seçilməlidi. Bu müddət də biz hüquqi reformlar etməli, Seçki Məcəlləsində dəyişikliklər və digər islahatlar etməliyik. İki ildən sonra beynəlxalq təşkilatların nəzarəti altında prezident seçkiləri keçirə bilərik. Nə qədər ki, Azərbaycanda vahid ideya və platforma olmayacaq müxalifət məğlubiyyətə məhkumdur. Çünki qarşı tərəf seçkiyə vahid namizədlə gedir. Əlbəttə ki, qondarma namizədlər yenə olacaq. Amma inandırım sizi 2003-cü ildə, 2005-ci və 2008-ci ildə istifadə olunan yalançı namizədlər modeli bu dəfə keçməyəcək. Dünya artıq dəyişib. İstəsələr də, istəməsələr də beynəlxalq təşkilatlar Azərbaycanda mövcud olan beş partiyanı tanıyırlar. AMİP-i, Müsavatı, ADP-ni, AXCP-ni və KXCP-ni qəbul edirlər.