Bir milyarda başa gələn muzey Heydər Əliyevə ehtiramı artırır?

bir-milyarda-basa-gelen-muzey-heyder-eliyeve-ehtirami-artirir
Oxunma sayı: 874

Lakin üstündən 20 il keçdikdən sonra biz acı təəssüflə qeyd etməliyik ki, həmin ümidlər özünü doğrultmadı və mövcud imkanlardan istifadə olunmadı. Bu gün Azərbaycanda bərqərar olmuş siyasi rejim öz mahiyyətinə görə Avropanın demokratik ölkələrini deyil, getdikcə daha artıq dərəcədə Yaxın Şərqin neft avtokratiyalarını xatırladır.

Bunun ən bariz nümunəsi isə ölkənin irili-xırdalı bütün rayonlarını bürümüş saysız-hesabsız Heydər Əliyev muzey və mərkəzləridir. Sonuncu belə mərkəzin açılışı bu günlərdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Şabranda keçirilmişdir. Hazırda ölkə ərazisində 100-dən artıq Heydər Əliyev muzeyi və mərkəzi fəaliyyət göstərir. Onların yaradılmasına sərf olunan vəsaitlərin həcmi açıqlanmasa da, mütəxəssislərin hesablamalarına görə, bir belə mərkəzin inşası orta hesabla 200-300 mindən 1 milyon manatadək başa gəlir. İl ərzində onların saxlanmasına, eksponat və avadanlıqlarla təchiz olunmasına sərf olunan xərcləri də buraya əlavə etsək, onda belə çıxır ki, Heydər Əliyev muzeyləri və mərkəzləri dövlətə on milyonlarla manata başa gəlir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, ən böyük və təmtəraqlı Heydər Əliyev mərkəzinin Bakıda tikintisi hələ də davam etməkdədir. Həmin mərkəzin layihəsinin ilkin smeta dəyəri 170 milyon manat təşkil edirdi. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda layihələrin reallaşdırılması gedişində onların dəyəri bir qayda olaraq dəfələrlə artır. Mərkəzin tikintisinin aparıldığı ərazidə məskunlaşmış çoxsaylı sakinlərin və müxtəlif müəssisələrin köçürülməsinə sərf olunmuş milyonlarla vəsaiti də buraya əlavə etsək, onda belə çıxır ki, Bakıdakı Heydər Əliyev mərkəzi Azərbaycan dövlətinə minimum 1 milyard manata başa gələcək. Müqayisə üçün deyək ki, 2010-cu ildə ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidənqurulması işləri üçün dövlət büdcəsindən ümumilikdə cəmi 20,65 milyon manat vəsait xərclənib.

Əlbəttə, bütün ölkə boyu geniş vüsət almış belə mərkəzlərin inşasını təkcə iqtidar mənsublarının Heydər Əliyev şəxsiyyətinə olan ehtiram və hörmətilə izah etmək düzgün olmazdı. Bu məsələdə məmurların şəxsi maraqları da az rol oynamır. Belə ki, onların tikintisinə ayrılmış vəsaitin xeyli hissəsi, heç şübhəsiz ki, məmurlar tərəfindən mənimsənilir. Bu baxımdan bu tip layihələrin həyata keçirilməsi yüksək çinli məmurların zənginləşməsinin mühüm kanallarından biri olub, son nəticədə ölkədəki korrupsiya şəbəkəsinin daha da möhkəmlənməsinə və çirkli pulların yuyulmasına xidmət edir. Təsadüfi deyil ki, həmin mərkəzlərin inşası məmurlarla əlaqəsi olan və yaxud onların birbaşa nəzarəti altında tikinti şirkətlərinə həvalə olunur.

Almaniyalı tədqiqatçılar Klaus Şubert və Martina Klyaynın 2006-cı ildə Bonnda nəşr olunmuş “Siyasi lüğət”ində göstərildiyi kimi, korrupsiya iqtisadi deyil, siyasi kateqoriya olub, şəxsi mənfəət naminə məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadəsi deməkdir. Bir qayda olaraq, həmin məmurlar hakim rejimin yüksək ranqlı nümayəndələri olurlar. Bugünki Azərbaycan reallıqları həmin qənaətin düzgünlüyünü bir daha təsdiqləyir.

Hərçənd ki, ölkə ərazisində irili-xırdalı çoxsaylı Heydər Əliyev mərkəzlərinin inşasının gedişində mənimsənilən vəsaitlər Azərbaycan məmurlarının iştahasını təmin etmək iqtidarında deyildir. Təsadüfi deyil ki, muzey və mərkəzlərlə bərabər bütün ölkə boyu məcburi qaydada Heydər Əliyevin abidələrinin qoyulması prosesi günü-gündən daha geniş vüsət alır. Bir belə abidə isə təxminən 100 min manat dəyərindədir. Hakimiyyət rəsmiləri Heydər Əliyevin “xatirəsinin əbədiləşdirilməsinə” yönəldilən vəsaitlərin mənbəyini açıqlamasalar da, heç bir şübhə yoxdur ki, onların əsas hissəsini neft gəlirləri təşkil edir.

Təhsil sistemi və səhiyyəsi bərbad vəziyyətdə olan bir ölkədə Heydər Əliyevin doğum və vəfatı günləri istisna olmaqla, ilin əksər hissəsində boş qalan bu cür mərkəz və muzeylərin inşasına milyonların xərclənməsi sadəcə olaraq təəssüf və təəccüb doğurur. Halbuki həmin vəsaiti ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən daha vacib layihələrin reallaşmasına, məsələn, yeni məktəb binalarının tikintisinə yönəltmək olardı. Rəsmi statistikaya görə, məktəb binalarının çatışmaması ucbatından Azərbaycanda şagirdlərin təqribən 50%-i iki və hətta üç növbədə təhsil almağa məcburdurlar.

Bu azmış kimi, təhsil naziri M.Mərdanovun etirafına görə, Azərbaycanda 600-dən çox məktəb qəzalı vəziyyətdədir. Əsaslı təmirə və yenidənqurmaya ehtiyacı olan uşaq bağçalarının və peşə məktəblərinin sayı isə bundan dəfələrlə çoxdur. Doğrudur, nazir vəd edir ki, 2013-cü ilin sonuna kimi ölkədə qəzalı vəziyyətdə olan təhsil müəssisələri qalmayacaq. Lakin son illərdə Azərbaycanda yeni məktəblərin istifadəyə verilməsi templəri təhsil nazirinin bu vədinə şübhə ilə yanaşmaq üçün ciddi əsas verir. Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti İdarəsi tərəfindən 2010-cu ildə cəmi 27 yeni məktəb, 1 məktəbdə isə 840 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib. 2011-ci ildə də isə cəmi 24 yeni tədris ocağının və 1 məktəbdə yeni korpusun tikintisi nəzərdə tutulur.

Hesablamaq çətin deyildir ki, bu templə Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb binalarını yenidən qurmaq üçün təxminən 20-25 il vaxt lazımdır. Özü də bir şərtlə ki, həmin müddətdə qəzalı vəziyyətdə olan məktəblərin siyahısı yeni təhsil müəssisələrinin hesabına genişlənməyəcək.

Külli miqdarda neft gəlirlərinin Heydər Əliyev muzeylərinin inşasına yönəldilməsi həm də ona görə ciddi təşviş doğurur ki, ölkə rəsmilərinin bütün nikbin bəyanatlarına və Neft Fondundan büdcəyə ayırmaların həcminin ildən-ilə artmasına baxmayaraq, Azərbaycanın iqtisadi inkişafında elə də ciddi uğurlar əldə etmək mümkün olmamışdır. Məsələn, 2009-cu ildə Neft fondundan dövlət büdcəsinə ayırmalar 4,9 milyard manat ( 6,1 milyard dollar) təşkil edirdisə, 2010-cu ildə bu rəqəm – 5,9 milyard manata (7,4 milyard dollar), 2011-ci ildə isə 6,5 milyard manata (8,2 milyard dollar) çatmışdır.

İqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM-nin) həcminə görə Azərbaycan hətta neftçıxaran ölkələr arasında belə Əlcəzair, Kamerun, Anqola, Nigeriya və digərləri ilə bərabər sonuncu yerləri bölüşdürür. Həmin göstəriciyə görə, Azərbaycan nəinki Avropanın inkişaf etmiş ölkələrindən, hətta Rusiya, Qazaxıstan, Qabon və Venesueladan xeyli geridədir.

Standard & Poor’s (S&P) Beynəlxalq reytinq agentliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda adambaşına ÜDM-in həcmi 5,76 milyard dollar təşkil etmişdir. Agentlik 2011-ci ildə bu rəqəmin 6,25 milyard, 2012-ci ildə isə 6,83 milyard dollara kimi artacağını proqnozlaşdırır. Halbuki bu göstəriciyə görə orta səviyyəli ölkələrin siyahısına düşmək üçün adambaşına ÜDM-in həcmi ən azı 10 milyard dollar təşkil etməlidir. Standard & Poor’s agentliyi yaxın və orta perspektivdə Azərbaycanın həmin nəticəyə yaxınlaşmasını qeyri-mümkün hesab edir. Uzaq perspektivdə isə həmin fərq daha da artacaq, çünki Azərbaycanın neft ehtiyatları bir çox neftçıxaran aparıcı ölkələrlə müqayisədə xeyli məhduddur.

Belə bir vəziyyətdə bəzi ölkə rəsmilərin Azərbaycanı və ilk növbədə Bakını ikinci Dubaya çevirmək planları boş xülyadan başqa bir şey deyildir. Çünki adambaşına düşən ÜDM-in həcminə görə Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən 4 dəfə, Qətərdən 8,5 dəfə, Səudiyyə Ərəbistanından 3,5 dəfə geri qalır.

Rəsmi Bakı neft gəlirlərinin hər qəpiyindən qənaətlə və səmərəli istifadə etmək əvəzinə, milyonlarla vəsaiti Azərbaycanın son bir əsrlik tarixindəki növbəti “ulu öndərin” xatirəsinin əbədiləşdirilməsinə xərcləyir. Reallıq isə ondan ibarətdir ki, dünyada “analoqu olmayan templərlə inkişaf edən” ölkənin xəstələri öz sağlamlıqlarını yerli həkimlərə etibar etməyərək xaricidə müalicə olunmağa üstünlük verirlər. Təhsil sisteminin acınacaqlı vəziyyəti isə azərbaycanlı gəncləri xaricdə təhsil almağa sövq edir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi