“Bir milyarddan çox insanın dini günahkar çıxarılır” - Etiraz

bir-milyarddan-cox-insanin-dini-gunahkar-cixarilir-etiraz-
Oxunma sayı: 634

Bunu “Qafqazinfo”ya açıqlamasında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib. O, bildirib ki, bu istiqamətdə müstəqil mütəxəssis tədqiqatçı kimi apardığı tədqiqatlar hətta İran və İslam faktoru üzərində köklənsə belə, bəzi faktlara əsaslanaraq, yalnız mümkün versiyalardan birisi kimi irəli sürülüb: “Hətta, bu versiya öz təsdiqini tapmış olsa belə, məntiqlə, qətldə qətiyyən İran və İslam bütövlükdə günahlandırıla bilməz. Bu versiya yalnız İranın və İslamın adından çıxış və sui-istifadə edən, öz təqdir edilməz həyat və düşüncə tərzlərinə uyğun qanundan və dövlətdənkənar hökm və fətvalar çıxaran ifrat ekstremist təbiətli fərdlər və qrupların üzərinə yönələ bilər.

Bəyanatda qətl barədəki rəsmi istintaq və aidiyyətli mütəxəssis-tədqiqatçılar kənara qoyularaq xeyli qabağa gedilir və bir milyarddan çox insanın sayıb, seçib hörmət etdiyi İslam dini ümumi hədəf kimi günahkar çıxarılır. Halbuki həmin məntiqsiz və əsassız bəyanatla heç adicə bir fərdi belə təqsirli çıxarmaq olmaz. Nəticədə biz, bu gün din və islamdan sui-istifadə ilə paralel, dünyəvilik və demokratiyadan sui-istifadə ilə də qarşılaşmış oluruq.

Təəssüf doğuran odur ki, bəyanata imza atanların əksəriyyəti Azərbaycanın tanınmış və ictimai fikri yönəltməyə qadir simalarıdır. Təəccüb doğuran isə, odur ki, bu sırada həmişə öz fəaliyyətlərini dərin elmi və ictimai əsaslar, fakt və sübutlar üzərində quran hörmətli tədqiqatçı alimlərimiz, araşdırmaçı jurnalistlərimiz də var.

Niyə ziyanlıdır bu bəyanat? İlk növbədə bəyanat Rafiq Tağının qətlinin obyektiv araşdırılması, cinayətin həqiqi sifarişçi, təşkilatçı və icraçılarının aşkarlanıb cəzalandırılması istiqamətində görülən rəsmi və müstəqil araşdırma işlərinə mane olur. Nəticə etibarı ilə əks-effekt verir.

Bəyanatın birdən-birə irəli gedib araşdırma, ittiham və hökm kimi mərhələləri özündə cəmləşdirərək, İslam dini və onun nümayəndələrini yazıçının qətlində qəti təqsirkar elan etməsi həm qətlin digər versiyalarının üstündən xətt çəkməklə sifarişli görünür. Həm də bu qətlin İran və İslam versiyası üzərində mütləq dayanması ilə kifayət qədər qərəzli görünür.

Beləliklə, bir tərəfdən Rafiq Tağının qətlinin qeyri İran-İslam versiyaları ortadan çıxaraq, rahat nəfəs ala bilirlər. Digər tərəfdən isə, qətlin İran-İslam tərəfi də belə bir əsaslandırılmamış qərəzli ictimai faktı əsas tutub rahat nəfəs ala bilir. İran tərəfinin ideoloji-təbliğat şəbəkələri İslam üzərinə qətldən sui-istifadə etməklə edilən bu yersiz yürüşün özündən səmərəli sui-istifadə etməyə çalışacaq.

Sadaladığım bu faktorlar:

- əsaslandırılmamış, çox qərəzli görsənən, spontan ictimai bəyanat;

- bəyanatın ölkə daxilində, cəmiyyətdə ciddi narazılıq və mübahisələrə səbəb olması

- və sonra isə, imzalardan publik (ictimai-aşkar) imtinalar məsələnin həddən artıq siyasiləşməsinə gətirib çıxarır. Bu halda isə, gələcəkdə dövlət istintaqının kələfi İran tərəfə gedib çıxarsa belə, bu ictimai fakt rəsmi Azərbaycan tərəfini bir qədər başağrılı vəziyyətə sala bilər.

Bəyanatın qarışdırıcı, çaşdırıcı və təfriqi mahiyyətli ictimai, dini, əxlaqi, tarixi, siyasi tərəfləri barədə isə aidiyyətli bilgili insanlarımız öz sözlərini artıq deyirlər”.