“Bircə mənim yurdum kimsəsiz qalıb”- Şeir

birce-menim-yurdum-kimsesiz-qalib-seir-
Oxunma sayı: 725





Bayaqdan gözlərim zillənib mənim
Saralmış kitabda bir xəritəyə.
Qırmızı zolaqlar gözümü çəkdi,
Mən elə baxmazdım hər xəritəyə.

Heç vaxt bəyənmədim xəritələri,
Böyük dövlətlərin yalanlarıdır.
Miqyası kiçiltmək, zolaqlar çəkmək
Zorlu dövlətlərin planlarıdır.

Bütün dövlətlərin himayədarı
Düzülüb yan-yana xəritələrdə.
Ulu millətlərin sərhədləri də
Boyanıb al qana xəritələrdə.

Bircə mənim yurdum kimsəsiz qalıb,
Şimalda ayısı, cənubda qurdu.
Şərqində dənizdir hayana getsin,
Qərbində çaqqalllar dövlətin qurdu.

Baxanda qorxursan xəritələrdən,
Elə bil dünyanın gəlibdir sonu.
Böyüklər nə kiçik görünür orda,
Elə bil dövrəyə alıblar onu.

Ən düzgün xəritə həqiqətlərdir,
Onu əyri əllər çəkə də bilmir.
Bölünmüş sərhəddə məftillər çəkən
Orda bircə ağac əkə də bilmir.