Birinci xanım xalqımızın ən gözəl xüsusiyyətlərini açıqladı

birinci-xanim-xalqimizin-en-gozel-xususiyyetlerini-aciqladi-
Oxunma sayı: 679

Onun sözlərinə görə, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynayıb: “Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçib. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri biz bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri var. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də dini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir”.

Mehriban Əliyeva 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığını xatırladıb: “Həmin dövrdə ölkəmizdə demokratiya institutları formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli parlament fəaliyyətə başlamışdı, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdı, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin ilk opera və baleti yazılmışdı. Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz böyük imperiyaların siyasi maraqlarının qurbanı oldu. Bir çox amillərin arasında Bakı neftinə artan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə Azərbaycanda sovet rejimi quruldu”.

Onun sözlərinə görə, sovet dövründə bütün çətinliklərə baxmayaraq, Azərbaycanın siyasi potensialı formalaşıb, savadsızlıq tamamilə ləğv olunub, təhsil sistemi qurulub, Milli Elmlər Akademiyası fəaliyyətə başlayıb. Mehriban Əliyeva bildirib ki, 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik və demokratiya ideyaları unudulmayıb və nəhayət 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edib, Azərbaycan xalqı öz taleyinin, öz torpağının sahibi olub.

Azərbaycanın birinci xanımı Dağlıq Qarabağ münaqişəsinə də tounub: “Müstəqilliyimizin ilk illərində biz çoxlu problem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də həllini tapmayıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümidvarıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər bir məcburi köçkün öz doğma torpağına qayıdacaq”.

Mehriban Əliyva bəyan edib ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir: “Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə sosial problemlər həllini tapır. Son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb tikilib”.

“Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və Avratlantik qurumlara inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və bütün xarici dövlətlərlə qarşılıqlı maraqlar və dostluq əsasında münasibətlər qurmaqdır. Ölkəmiz beynəlxalq sülh və sabitliyin qorunmasına yönəldilmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qazla təminatına öz töhfəsini verməyə hazırdır”, - Mehriban Əliyeva bildirib.

Birinci xanımın fikrincə, bu ilin oktyabrında Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də ölkəmizin beynəlxalq arenada ildən-ilə artan nüfuzunun sübutudur.