“Biz ata, ana olmağa hazırlaşmışdıq, ölümə yox” - Həkim qurbanları XI

biz-ata-ana-olmaga-hazirlasmisdiq-olume-yox-hekim-qurbanlari-xi
Oxunma sayı: 4004

Bir neçə gün əvvəl daha bir gənc qadın həkim səhlənkarlığı üçbatından ana ola bilmədi. Dünyaya gələn övladını bir neçə dəfə qucağına alsa da, analıq hissinə tamarzı qaldı. Həmin o özünə həkim adı verən ağxalatlı ucbatından körpəsini torpağa verdi. Gənc qadın həkim məsləhəti və nəzarəti olmasına baxmayaraq, bele bir faciəni yaşadı.

Dəfələrlə bu mövzu işlənsə də, təəssüf ki, körpə ölümləri daha çox səhlənkarlıq və məsuliyyətsizlik üzündən artmaqda davam edir. Amma maraqlısı ondadır ki, bu vaxta qədər bir həkimin də boynuna almadığı səhvlər elə onların özləri tərəfindən “qismət deyilmiş”, “alın yazısı” təssəlliverici sözləriylə ört-basdır olunur.

Martın 21-də , Novruz bayramında Ələkbərovlar ailəsi daha bir bayram sevincini yaşadı. Onların ailəsinə xalq dili ilə desək, əli-ayağı düz olan bir balaca üzv də əlavə olundu. Amma Sabunçu rayon Doğum evində Aysel Ələkbəovanın (22 yaş) dünyaya gətirdiyi üç günlük körpənin vəziyyəti həkimləri qane etməyib. Uşaq sarılıq(kliniki diaqnoza görə, fetal hepatit) xəstəliyi ilə K.Y. Fərəcova adına Elmi –Tədqiqat Pediatriya İnstitutuna göndərilir. Doğuş zamanı anasının vəziyyətinin də pis olması səbəbindən körpə Ayselin qaynanası Tahirə xanım tərəfindən xəstəxanaya aparılır və körpə martın 30-da xəstəxanada ölür.

Tahirə xanım söhbət zamanı bunları deyir: “ Nəvəm xəstəxananın reanimasiya şöbəsinə qəbul olunan kimi dərhal müayinə olundu. Həkimlər onun da qanında anasının daşıdığı və təhlükəli olan mikrobların(sitomeqolavirus, herpes, toksoplazmoz) olduğunu aşkar etdilər. Onlar nəvəmin vəziyyətinin düzələcəyi barədə heç nə deməsələr də, normal görünən uşağın öləcəyini gözləməzdik. Biz özümüzü nəvə böyütməyə hazırlamışdıq, onun ölümünə yox. Ayselin qadın həkimi bizi aldatdı, ona çox inanmışdıq. O, yaxşı xəbərdar idi ki, gəlinim uzun müddətdir qanında mikrob olması səbəbindən ana ola bilmir. Bütün məsuliyyəti öz üzərinə götürüb bizə ümüd vermişdi. Onun vəziyyətinin hər dəfəsində yaxşı olduğunu deyirdi. Nəticədə də əziyyəti biz çəkirik.”

Maraqlıdır ki, tibbin inkişafı insan ölümünü maksimum azaltmaq məqsədini güdür. Bizdə isə ən sadə hallarda həkimin məsuliyyətsizliyi ölüm kimi ağır nəticəyə gətirib çıxarır. Yaxşı ginekoloq xalq dilində desək, qadının təmiz bədənə hamilə qalmasının tərəfdarıdır. Artıq hamilə qalmış qadının isə qanında hər hansı mikrob və ya xəstəliyin əlaməti aşkar olunursa, həkim hamilənin təcili müalicəsinə başlayır. Bu tədbir xarakterli müalicə gələcəkdə ana bətnindəki körpənin sağlamlığını qorumaq məqsədiylə aparılır. Yəni, xəstəliklərin anadan körpəsinə ötürülməsinin qarşısı alınır. Mütəxəsislərin fikrincə, ilk üç ayda həmin mikrobların qanda səviyyəsi heçə endirildikdən (ya da faizi azaldıldıqda) sonra hamiləlik davam etdirilə bilər. Əks təqdirdə hamiləliliyin pozulması vacib sayılır. Çünkü gələcək körpənin sağlamlığı təhlükə altında ola bilər, xüsusən də doğulan körpə gələcəkdə fiziki və ya əqli qüsurlu olar.

Yaxınlarının sözlərinə görə, Bülbülə qəsəbəsində yerləşən 24 saylı poliklinikanın ginekoloqu Nazilə Abdullayeva yuxarıda sadalananların əksini edib. Həmişə Ayselin yanında olan həyat yoldaşı Ruslanın sözlərinə görə, Nazilə həkim qan analizindən tutmuş, bütün müayinələrin yalnız filan klinikada onun məsləhət gördüyü adamlar tərəfindən edilməsini, deyirdi.

“Yoldaşımın müalicəsi müddətində həkimin dediklərinə əməl etməyə çalışmışıq. Qalaq-qalaq bahalı dərman siyahısından ibarət reseptlərini alırdıq və göstərişlərə əməl edirdik. Yalnız ultrasəs müayinəsinə öz tanışımızın yanına getmişdik.” Bir də ailə onu da iddia edir ki, bu həkim onların hesabına məsləhət gördüyü dərmanlardan (müasir səhiyyənin bəlası olan həkimlə- dərman firmasının iş birliyi) xeyli faiz götürüb. Bundan başqa müalicəsi dövründə Aysel həkimin yazdığı yalnış dərman və dozalara görə də şıkayətlənib.

Ginekoloq Nazilə Abdullayevayla da görüşdük. O, bildirir ki, pasiyentinin gətirdiyi o ultrasəs müayinəsinin(USM) cavabında dölün vəziyyətinin yaxşı olduğu göstərilirdi və buna görə də normal uşaq doğulmalı idi. “ Mən nə bilim ki, belə olacaq. Gərək mən məsləhət gördüyüm USM mütəxəsisinin yanına gedərdilər”,deyir. Belə bir sual meydana çıxır. USM dölün ümumi görüşünü təyin edir, yəni uşaqda hər hansı anormallıq müşahidə olunmasını xəbər verir. Ayselinsə, ölən oğlunun doğulanda normal çəkidə (3,3kq)olub və körpədə eybəcərlik görünməyib. Yəni, bir USM –lə uşağın qanındakı vəziyyəti necə bilmək olar? Axı uşağın ölümü haqqında Pedriatriya İnstitutunun verdiyi rəsmi məlumatda, epikrizində də körpənin qanında mikrobların(sitomeqalovirus, herpes, toksoplazmoz) olduğu, beyin ödemi, qan dövranının pozulması və diğər bətndaxili dəyişikliklər qeyd olunur, bu səbəbdən körpənin öldüyü bildirilir. Elə oranın həkimləri də ginekoloqu məsuliyyətsizlikdə, gənc hamilənin müalicəsini düz aparmamaqda ittiham edirlər. Bütün sadalananlarla Nazilə həkim razılaşmır, “mən əlimdən gələni etmişəm”, deyə özünü müdafiə edir. Bəs həkim əgər gənc qadının müalicəsini aparmışdısa, müalicənin nəticəsini yoxlamaq üçün pasiyentini niyə növbəti qan analizinə göndərməyib? Ən əsas məsələ isə, niyə Ayselin hamiləliyini 9-cu aya qədər mikrobla birlikdə davam etməsinə icazə verib? Bu suallara isə Nazilə həkim belə cavab verir və yenə USM səbəbini göstərir. “Mən bilsəydim vəziyyət belə olacaq, ən azı xəstəni 5-ci ayında sünü doğuşa göndərərdim.” Açıqlama maraq doğurur. Həkim 5 aylıq körpənin canını can hesab etmir. Hər halda onun sözündən belə çıxır. Həkimin cavabı xalq deyimi olan “tutar qatıq, tutmaz ayran” məsələsinə daha çox uyğun gəlir ki, bu məsəli xatırlatmaqsa, insan ölümü kimi məsələdə çirkin görünür.

Həkimin özünümüdafiə cəhdlərinə baxmayaraq, zərərçəkmiş ailə həkimin cəzalandırılması üçün Səhiyyə Nazirliyinə müraciət edəcəyini bəyan edir.
Hazırda bütün ailə xüsusən ata və analığa namizədlər körpənin ölümündən sonra daha çox pərişan olublar. Sözsüz ki, onlara maddi ziyandan çox mənəvi ziyan dəyib. Baxmayaraq ki, bizdə bütün ölüm hallarında insanların bu tərəfi heçə sayılır, psixoloji vəziyyəti gərgin olanlar uzun müddət özünə gələ bilmirlər, içındəki boşluqla təkbaşına qalırlar. Azərbaycanda isə belə hallarda psixoloji yardım xidmətinin yoxluğu yeni problemlərə yol açır.

P.S. Naşı, məsuliyyətsiz, səhlənkar “həkim”lərə qarşı həkim adını layiqincə daşıyanların da tənqidini, qınağını gözləyirik.

Raminə Eyvazqızı