“Biz bu cəzanı görməyəcəyik” – Müsahibə

biz-bu-cezani-gormeyeceyik-musahibe-
Oxunma sayı: 674


- 2012-ci ilin üç ayı - bir rüb artıq geridə qaldı. Üç ayın yekunlarını necə şərh etmək olar?

- Mən hələ ötən il verdiyim müsahibələrimdə bildirirdim ki, 2012-ci il 2011-ci illə müqayisədə daha sönük olacaq. 2011-ci il daha aktiv idi. Çünki 2011-ci ilin şərtləri başqa idi; ona görə də 2012-ci ilin hadisələrini proqnozlaşdırmaq çox asan idi. İlin üç ayında müxalifətin böyük bir qismi siyasi mübarizəsini ölkədə siyasi məhbus probleminin həllinə yönəltdi. Burada bir gözləmə mövqeyi də oldu, ümid də oldu ki, mart ayına qədər siyasi dustaqlar azadlığa çıxacaq. Lakin bu da baş vermədi. Qarşıdakı iki ay - aprel və may ayları “Eurovision” yarışmasına həsr olunacaq. Növbəti aylar isə yay fəslidir, adətən yayda müxalifət düşərgəsində, ümumiyyətlə ictimai-siyasi həyatda durğunluq olur. Bu il də belə olacaq. Sentyabr ayında isə müxalifətin toparlanması başlayacaq, bu təxminən oktyabrda başa çatacaq. Bundan sonra müəyyən tədbirlər keçiriləcək və bununla da 2012-ci il bitəcək. Bunu əvvəlcədən proqnozlaşdırmışdım. Çox təəssüf ki, bir çox dostlarımız 2012-ci il haqqında fərqli düşüncədə idilər, hesab edirdilər ki, bu il 2011-dən daha fərqli olacaq.

- Mümkün deyilmi? Axı il hələ təzə başlayıb?

- Ola bilərdi, əgər 2011-ci ildə buraxılan bir sıra səhvlər olmasaydı. Bu səhvlərə - hadisələrə, geosiyasi proseslərə doğru yanaşma olmadığına görə 2012-ci ildə böyük nəticələr gözləməyə dəyməz. Nəticələr 2013-cü ildə ortaya çıxa bilər, əgər 2012-ci ildə proseslərə doğru yanaşılsa. Mən çox ümidliyəm ki, Azərbaycanda vəziyyət dəyişəcək, demokratikləşməyə doğru ciddi addımlar atılacaq. Dünyada baş verən proseslərin fonunda hakimiyyət bir çox pozitiv istiqamətlər üzrə addımlayacaq. Bu, qarşısıalınmaz prosesdir.

- Yeri gəlmişkən, “Eurovision” Azərbaycana nə verəcək?

- Bu, böyük bir tədbirdir. Təsəvvür edin, eyni anda yüz milyonlarla insan Azərbaycandan yayımlanan musiqi yarışmasına tamaşa edəcək. İlk dəfədir ölkəmiz bu tipli tədbirdə iştirak edir. Bir çoxları “Eurovision”un əhəmiyyətini aşağı salmağa çalışır, amma nəzərə almaq lazımdır ki, bu yarışmadan dolayı Azərbaycanla, ölkənin ictimai-siyasi həyatı ilə bağlı dünya mətbuatında saysız-hesabsız məqalələr dərc olunur. Yarışmanın Bakıda keçirilməsi ölkəmizin dünyada tanıdılması imkanını verib. Təbii ki, bu zaman təkcə mədəniyyətə deyil, həm də iqtisadi-siyasi, hüquq və demokratiya məsələlərinə diqqət ayrılır, bizim zaman-zaman qaldırdığımız problemlər Avropa mətbuatında yer alır. Son üç ayda dünya mətbuatında Azərbaycanla bağlı çap olunan materiallar heç zaman dərc edilməyib. Digər tərəfdən ölkəmiz tanıdılır, Avropaya inteqrasiya istiqamətində düşüncələr təqdim edilir. Buna çox pozitiv yanaşmaq lazımdır. Hakimiyyətin bu istiqamətdə etmədikləri də təbii ki, çatdırılır, amma bir xalqı təkcə onun hakimiyyəti ilə ölçmürlər.

- Belə xəbərlər dolaşır ki, “Eurovision” başa çatdıqdan dərhal sonra iqtidar siyasi islahatlara başlayacaq...

- Hakimiyyətin islahatlara getməsi üçün ciddi zəmin mövcuddur. Çünki hazırda çox ciddi beynəlxalq təzyiqlər var. Bu, hakimiyyəti islahatlar aparmaq üçün ciddi düşünməyə vadar edir. İqtidar anlayır ki, ciddi islahatlar, ən azı özünün hakimiyyətdə davam etməsi üçün mümkün olmayacaq. Amma necə, nə zaman gedəcək, bunun üçün bir sıra şərtlər var. Azərbaycan müxalifətinin indiki mövqeyi hakimiyyəti islahatlara vadar edən səviyyədə deyil. Müxalifət bu barədə düşünməlidir. Amma hər bir halda iqtidarın üzərində bir sıra beynəlxalq öhdəliklər var və onlar yerinə yetirilməlidir. Bununla yanaşı, hakimiyyət onu da başa düşür ki, istənilən siyasi-iqtisadi islahatlar cəmiyyətdə yeni situasiya, yeni ab-hava yarada bilər və bu, ona müəyyən çətinliklər törədə bilər. Bu və əvvəl qeyd etdiyim şərtlərə görə hələlik hakimiyyət islahata getməyə meylli deyil. Bunun üçün müxalifətlə dialoqa ehtiyac var. Konsensusa gəlinməsə, bu işləri görmək çətin olacaq, atlan addımların effekti olmayacaq. Masa arxasında əyləşiləcək kifayət qədər ciddi siyasi qüvvələr var və onlarla təcili dialoq başlamalıdır. Bu, “Eurovision”dan dərhal sonra da, bir qədər gec də başlaya bilər, amma hökmən olacaq və olmalıdır.

- Quba hadisələrindən sonra hakimiyyətin kadr siyasətində dəyişiklik edəcəyi gözlənilirdi. Amma bu baş vermədi. Hətta hazırda Qubanın keçmiş icra başçısının müəyyən mənada duruya çıxarılması prosesi gedir. Ümumiyyətlə, icra başçılarının hazırkı özbaşınalıqları və onlarla bağlı ölçü götürülməməsi nə vəd edir?

- Qubanın keçmiş icra başçısı cəzalandırılacaq. Amma cəmiyyət bu cəzanın mahiyyətinin nə olduğunu bilməyəcək. Yəni hüquqi deyil, fərqli cəzalandırmalar - mülkünün, biznesinin, mövqelərinin əlindən alınması olacaq. Lakin bunu biz görməyəcəyik. Gördüyümüz o olacaq ki, bu üsyanda iştirak edən adamlar cəzalandırılacaq ki, digər rayonlarda aktivlik göstərmək istəyənlər ayağa qalxmasınlar. Mən Quba hadisələri ilə bağlı bir məqama diqqət çəkmək istəyirəm; rəsmi bəyanatda deyilirdi ki, Qubada dövlətçiliyin müdafiəsi ilə bağlı insanlar mitinq keçirib, sonradan onlara destruktiv qüvvələr qoşulub... Əcəba, Qubada dövlətçilik təhlükədə idimi? Orada nə baş vermişdi? Qubada dövlətçilik təhlükədədirsə, deyin, biz də ortaya çıxaq, biz də bu dövləti ən çox sevən insanlarıq. Bu cür absurd yanaşma gülüş doğurur. Ziddiyyətlər buradan başlayır. Əslində, bu hadisə həm də narazılığın pik həddə olmasının göstəricisidir, eyni zamanda ləyaqət, hissiyyat məsələsidir. Bu, hər bir rayon üçün xarakterik haldır. Hazırda hər bir rayonun ic
a başçısı az qala oranın prezidenti, baronu hesab edir. Bu şəkildə yanaşmalar bəlli nəticələri doğurur. Biz kataklizmlərin tərəfdarı deyilik, Qərb də tərəfdarı deyil. Demokratiyaya keçid üçün müzakirələr başlamalıdır. Azərbaycanın bunun üçün kifayət qədər potensialı var. Azərbaycanın Cənubi Qafqazda dominant olması üçün təbii mühit var və biz bundan yararlanmalıyıq. Təəssüf ki, proseslərdə gecikirik.

- Müzakirələrdən söz düşmüşkən, müxalifətin özünün birləşməsi, əməkdaşlığı da baş tutmur. Hazırda müxalifətin üç birliyi var: İctimai Palata- biz onu əsas qüvvə sayırıq; daha sonra Müqavimət Hərəkatı və “Qarabağ” bloku. Onların birliyi üçün imkanlar tükənibmi?

- Biz həm Ümid Partiyası, həm də “Qarabağ” bloku olaraq birliyin və əməkdaşlığın tərəfdarıyıq və buna hazırıq. Azərbaycan müxalifəti çox təəssüflər olsun ki, siyasi proseslərdə daha çox bizi ayıran cəhətləri masa üzərinə qoyur, birləşdirən məqamları yox. Bizi ayıran səbəblərdən biri kimi bu qoyulur ki, mən parlamentdəyəm, AXCP və Müsavat yox. Masa üzərinə çıxarılan budur. Amma bizim birgə demokratiya uğrunda mübarizəmiz, siyasi məhbus məsələsində yekdilliyimiz kimi məsələlərin isə bizi ayıran səbəblər ortadan qalxandan sonra müzakirə edilə biləcəyini deyirlər. Heç kəs fərqində deyil ki, əgər bizi ayıran səbəblər olmasaydı, elə hamımız bir partiyada birləşərdik. Deməli, bizi ayıran səbəblər var ki, fərqli təşkilatlardayıq. Ona görə də bizi birləşdirən cəhətləri masa üzərinə qoymalıyıq. İctimai Palata bu istiqamətdə düşünmək niyyətində deyil. Mən ilk dəfə olaraq bir məsələni açıqlamaq istəyirəm. 30 dekabr 2011-ci ildə mən və Sərdar Cəlaloğlu İsa Qəmbər və Əli Kərimli ilə görüşdük. Orada birgə fəaliyyət, hətta heç bir şərt irəli sürmədən İctimai Palatada təmsilçiliklə bağlı tam şəkildə razılığa gəldik. Bununla bağlı görüşüb, qərar verib, sənəd imzalama anında İP-dən belə təklif gəldi ki, İqbal Ağazadə parlamentdən istefa versin, ondan sonra əməkdaşlıq edək. İnsanlar vətən, millət üçün canlarından imtina edirlər. Parlamentdən də imtina etmək olar. Mübarizəmiz nəticəsində 2003-cü ildə parlamentdən imtina edib birbaşa həbsxanaya da getmişəm. Amma mən olduğum yerdən demokratiya uğrunda mübarizə apardığımı bəyan edirəmsə, mən olmadığım yerdə olanlar demokratiya uğrunda mübarizə apara bilməzmi? Bu yanlış yanaşmadır. Düzdür, İP-də olan xeyli insanlar mənim parlamentdən imtinamı bölüşmür, amma bunun müxalifətin birliyi üçün şərt kimi qoyulması absurddur. Bizə görə bu səbəb deyil, bəhanədir. Biz qeyd-şərtsiz birliyin tərəfdarıyıq.

- Hazırda İranla bağlı məsələdə Azərbaycan çox mürəkkəb bir durumdadır. Sanki ölkəmiz bu məsələdə Qərb və digər qüvvələr tərəfindən “qurbanlıq” verilir, İranın Azərbaycanın üzərinə qaldırılması prosesi müşahidə olunur. Azərbaycanın burada hədəfə çıxarılması bizə və regiona nə vəd edir?

- Əslində, Azərbaycanı hədəfə çıxaran Qərb və beynəlxalq təşkilatlar deyil, İrandır. İran ölkəmizə qarşı apardığı siyasətdə o qədər beynəlxalq hüquq normalarına zidd addımlar atıb ki, Azərbaycan buna cavab vermək zorunda qalıb, bu xəbərlər ictimaiyyətə açıqlanıb, nəticədə İranın anti-Azərbaycan siyasəti masa üzərində açıq görünməyə başlayıb. Yaranmış vəziyyətdə isə artıq beynəlxalq güclər öz mövqeyini ifadə etmək, öz maraqlarını qorumaq, habelə Azərbaycanı İranın cəngindən qurtarmaq barədə də düşünürlər. Hesab etmirəm ki, Amerika və İsrail Azərbaycanı İranın hədəfinə çeviriblər. Əgər Yaxın Şərq regionunda hədəf Azərbaycan yox İrandırsa, nədən ölkəmizi daha bir güclüyə göstərib onu zəiflətsinlər? Bu məsələdə hədəf olan İrandır. Sadəcə, ifadə olunan mövqelər onu göstərir ki, Azərbaycan bu məsələdə tək deyil, İsrail, Amerika onun müttəfiqidir. Bu, həm də piardır ki, İran Azərbaycana qarşı siyasətindən qismən də olsa geriyə çəkilə bilsin. Məsələnin mahiyyətini belə başa düşürəm. Yoxsa, hansısa məsələni gizli saxlamaq çətin iş deyil. Bir məqamı qeyd edim. Belə məlumatlar yayıldı ki, “Eurovision” tədbirlərini hansısa xarici ölkələrin xüsusi xidmət orqanları mühafizə edəcək. Bunun özü də bir təbliğatdır ki, Azərbaycan tək deyil. Yoxsa, Azərbaycanın özünün dövlət olaraq bu kimi tədbirlərin təhlükəsizliyini təmin etməyə gücü çatır. Sadəcə, bu kimi informasiyalar anti-Azərbaycan siyasətini durdurmağa yönəlib.

- Azərbaycanın hazırda xarici siyasətində qeyri-müəyyənlik hökm sürür. Gah Qərbmeylli, gah Rusiyameylli siyasət aparılır, gah da İsraillə əməkdaşlıq edilir. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

- Azərbaycan yolunu seçməlidir. Dünya artıq elə mərhələyə çatıb ki, avtoritar rejimlərlə demokratik rejimlərin mübarizəsi gedir. Böyük güclər demokratikləşməni öz maraqlarının təminatçısı kimi görürlər. 2003-cü ildən sonra Qərb bağlı belə siyasət aparırdı ki, güclü və mərkəzləşmiş Rusiyanın ətrafındakı ölkələrdən ibarət demokratik bir çevrə yaradılsın, bu yolla Rusiyanı sıxışdırmaq mümkündür. Amma bu planı ortaya qoyanlar sonradan başa düşdülər ki, güclü, avtoritar Rusiyanın ətrafında kiçik demokratik ölkələri saxlamaq mümkün deyil. Bundan sonra - 2007-ci ilin sonlarından belə bir siyasət ortaya qoyuldu ki, Rusiya zəiflədildikdən sonra onun ətrafında demokratik çevrə qurulsun. Bunun üçün də anti-Putin siyasəti başladı və prosesin birinci mərhələsi uğurla başa çatıb; bu gün Rusiyada güclü və legitim Putinin əvəzinə zəif və qeyri-legitim Putin var. İndi proses ətraf regionlarda başlayıb. Belə bir vaxtda Azərbaycan yerini və mövqeyini müəyyənləşdirməlidir. Bu gün artıq balanslaşdırma siyasətinə ehtiyac yoxdur, balans Qərbin, Qərb dəyərlərinin yanındadır. Onun yanında yer almayanda, balansı özün pozmuş olursan. Amma hələlik birmənalı olaraq Qərbin yanında dayana bilmir, region dövlətləri ilə də münasibətlər saxlamaq istəyir və dəngələr pozulur. Problem budur. Azərbaycan qətiyyətlə yerini müəyyənləşdirməlidir; onun da maraqlarını nəzərə alan gücün yanında dayanmalıdır.

- Bir neçə gün öncə növbəti əsgər qətliamı baş verdi. Bu, artıq son iki ildə dördüncü belə qətliamdır. Bu cür neqativləri orduda durdurmaq doğrudanmı mümkün deyil?

- Biz siyasətçilər üçün ordu haqqında geniş danışmaq çətindir, çünki burada həm də Azərbaycanın dövlət maraqlarından söhbət gedir. Amma müəyyən bir yerə qədər. Əgər orduda bu qədər problemlər varsa, bunu deməyə borcluyuq. Təəssüflər olsun ki, problemlər artıq ifrat həddə çatır. Bunu aradan qaldırmağın yolu köklü islahatlardan keçir. Mən peşəkar ordu tərəfdarıyam, amma müəyyən bir mərhələyə çatandan sonra. Bu gün heç cür 18 yaşlılarla 35 yaşlıların birgə qulluq etməsini qəbul edə bilmirəm. Bunun üçün ən azı psixoloji hazırlıq mərhələsi olmalıdır. Müdafiə Nazirliyinin başında dayananların bir qismi uğursuz hərbçilər, qeyri-peşəkar kadrlardır. Problemlər buradan qaynaqlanır.

“Yeni Müsavat”