“Biz bunu edəcəyik”

biz-bunu-edeceyik-
Oxunma sayı: 667

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, o, Avronest PA-nın Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsini böyük cəsarətli qərar kimi xarakterizə edib. “Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir”, - deyən İlham Əliyev bildirib ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək. Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan prezident əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini deyib.
Azərbaycan Prezidenti son 20 ildə ölkəmizdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, xalqımızın güclü iradəsi sayəsində ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirilmiş, möhkəm iqtisadi zəmin yaradılıb. Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumi daxili məhsul 300 dəfə artmış, yoxsulluğun səviyyəsi azalıb, 1 milyondan çox yeni iş yeri açılıb. Azərbaycan adambaşına düşən xarici sərmayələrə görə hazırda MDB-də ilk yerlərdədir. Bundan əlavə, ölkədə xarici sərmayələr üçün münbit şərait yaradılıb. İndi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir, ölkədə mindən artıq məktəb, çoxlu sayda tibb ocağı, olimpiya idman kompleksləri tikilib.

“Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik”, - deyən İlham Əliyev buna ölkədə mövcud olan aydın siyasi sistem, güclü iqtisadiyyat, sabit sosial siyasət, əlverişli coğrafi mövqe və digər mühüm amillər sayəsində nail olunacağını diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin yeganə problemi olduğunu deyib. Bildirib ki, 300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunub, məscidlər və qəbiristanlıqlar dağıdılıb və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapıb. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetiriblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar.

Dövlət başçısı Azərbaycanda çoxmillətli cəmiyyətin mövcud olduğunu, ölkəmizdə heç vaxt dini və etnik zəmində münaqişənin baş vermədiyini vurğuladı. Ölkəmizin müəllifi olduğu nəhəng enerji və nəqliyyat layihələrindən danışan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin formalaşmasında mühüm tərəfdaş kimi çıxış edir və bu siyasət milli maraqlara uyğun qurulur. “Biz müxtəlif neft-qaz dəhlizləri yaratmaqla Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirdik və bu infrastrukturdan qonşuların istifadəsi üçün imkanlar yaratdıq”, - deyən İlham Əliyev indi Azərbaycanın dünyada mühüm qaz təchizatçısına və Avropa üçün etibarlı tərəfdaşa çevrildiyini qeyd edib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrildiyini, ölkəmizin dünyada güclü dəstəyinin olduğunu deyib. Əlavə edib ki, bunu Azərbaycanın ötən ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə 155 ölkənin dəstəyini alması təsdiq edir.