“Biz bütün məqsədlərə çatırıq”

biz-butun-meqsedlere-catiriq
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə bunu Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində ictimaiyyətlə görüşdə deyib. O əminliyini ifadə edib ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcək.

“Binalarda təmir gedir. Bu binalar gözəl olacaq. Həm binaların xarici görünüşü gözəlləşəcək, eyni zamanda, daxilində də təmir işləri aparılacaq. Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm”, - dövlət başçısı deyib. Prezident bəyan edib ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır: “Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar var. Ancaq mən hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi demək olar ki, başlayır. Birinci mərhələdə yəqin ki, onun uzunluğu hesab edirəm ki, bir kilometr olacaq. Sonra biz onun uzunluğunu ən azı 2-3 kilometr artıracağıq. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaq”.

Dövlət başçısı yol çəkilişindən də danışıb: “Bildiyiniz kimi, Bakıdan Sumqayıta gələn yeni yolun çəkilişi də aparılır. Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkiləcək. Hesab edirəm ki, bu yol da şəhərin inkişafına çox müsbət təsir göstərəcəkdir. Bu yol bulvarın yanından keçəcək ki, həm gediş-gəliş rahat olsun, həm də ümumiyyətlə, yol infrastrukturu genişlənsin və müasirləşsin”.

İlham Əliyev bildirib ki, şəhərdə geniş abadlıq işləri görüləcək. Onun sözlərinə görə, Sumqayıt Bakıya çox yaxındır. Sumqayıtlıların bəziləri Bakıda, Bakıda yaşayanların bəziləri Sumqayıtda işləyirlər: “Yəni, Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq. Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Ondan sonra dövlət büdcəsində dürüstləşmə zamanı əlavə vəsaitin ayrılması nəzərdə tutulub. İlin sonuna qədər biz bu işin sürətinə baxacağıq. Əgər işlər sürətlə getsə, əlavə vəsait də ayrılacaq. Şəhərdə bütün infrastruktur layihələri icra edilir. İndi elektrik enerjisi, qaz, su ilə təchizat böyük dərəcədə yaxşılaşdırılmışdır. Demək olar ki, bu sahədə əsas problemlər öz həllini tapıb. Yeni kanalizasiya sisteminin yaradılması üçün mənə bu yaxınlarda əlavə təkliflər verilib. Mən o təklifləri bəyəndim və yaxın zamanlarda Sumqayıtın kanalizasiya sisteminin tamamilə yeniləşdirilməsi üçün əlavə addımlar atılacaq”.

Prezident bildirib ki, Sumqayıt ölkəmizin sənaye mərkəzinə çevrilməlidir. Onun fikrincə, bunu etmək üçün imkanlar var: “Sumqayıt sənaye şəhəri kimyaçılar şəhəri kimi yaranıb. Ancaq indi Sumqayıt gərək müasir sənaye şəhəri kimi inkişaf etsin. Bunun üçün bizim konkret planlarımız var. Birinci növbədə, hər bir şəhərin sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələri icra edilməlidir. Onların bir hissəsi reallaşıb. Bir müddət bundan əvvəl böyük elektrik stansiyası tikilib. İndi elektriklə problem tamamilə yoxdur və o stansiyanın gücü gələcəyə də hesablanıb. Sumqayıtın kimya kompleksində yenidənqurma işləri aparılır. Biz o kompleksi müasir standartlara çatdırmalıyıq. O kompleks dünya səviyyəsində işləməlidir. Eyni zamanda, kimya müəssisələrində istehsal olunan məhsulların təkrar emalı üçün yeni müəssisələr də yaradılmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilib. Ümid edirəm ki, yaxın zamanlarda Sumqayıtda bəlkə də yüzlərlə yeni özəl kiçik və orta şirkət yaradılacaq”.

Prezident İlham Əliyev deyib ki, hökumət Sumqayıtın inkişafına kompleks şəkildə yanaşır: “Şəhərin inkişafı üçün master plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq”.

Dövlət başçısı sumqayıtlıları bu işlərdə fəal olmağa çağırıb. Onun fikrincə, yerli əhali iştirak etməsə, işlərimiz yarımçıq qalacaq.