Biz də Qarabağı təhrif edirik! -Fotolar

biz-de-qarabagi-tehrif-edirik-fotolar
Oxunma sayı: 668

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov redaksiyaya göndərdiyi açıqlamada deyib. O, bildirib ki, abidə amilindən istifadə edən Ermənistan, Qarabağda turizmi genişləndirib inkişaf etdirməklə, iflasa uğrayan iqtisadiyyatını digər ölkələrin asılılığından qurtarmaq istəyir. “Daşınmaz tarix və mədəniyyət abidələri hər bir ölkənin tarixinin və mədəniyyətinin əyani sübutudur. Bu abidələrin mühafizə edilməsi və qorunması nəinki ölkənin tarixinin və mədəniyyətinin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir, eyni zamanda bu abidələr məxsus olduğu ölkə büdcəsinin gəlir mənbəyinə çevrilir. Dünyanın bir çox ölkələrində tarix və mədəniyyət abidələrinin nümayişindən gələn gəlir ölkə büdcəsinin əsasını təşkil edir”.

F. İsmayılov deyir: “Azərbaycan torpaqlarının 20%-nin erməni işğalında olması bu ərazilərdə olan milli-mədəni dəyərlərimizin bütünlüklə erməni vandalizminin qurbanlarına çevirib. Burada ermənilərin əsas məqsədlərindən biri Cənubi Qafqazda özlərini qədim tarixə malik köklü bir millət kimi göstərməkdirsə, digər bir tərəfdən isə Azərbaycanın milli-mədəni dəyərlərindən gəlir mənbəyi kimi istifadə etmək və erməni milli irsini zənginləşdirməkdən və iqtisadiyyatını yüksəltməkdən ibarətdir.

Dünya xalqlarının Qarabağın tanınmasına diqqətini çəkmək istəyən Ermənistan hökuməti bu abidələri ziyarət etmək üçün dünya ermənilərini və digər xalqları bu əraziyə turist səfərlərini təşkil edir, onlara Qarabağda istirahət etmək üçün yüksək şərait yaradırlar. Bu cür turist səfərlərini mütəmadi şəkildə davam etdirən ermənilər Qarabağ abidələrinin coğrafi xəritəsini hazırlayaraq bir çox reklam şitlərində yerləşdiriblər.

Qarabağda turizmi genişləndirmək istəyən Ermənistan hökuməti Dağlıq Qarabağ və ətraf rayonlarda daşınmaz tarix və mədəniyyət abidələrinin aşkar edilərək qeydiyyata alınması işini yüksək səviyyədə həll edib.

Erməni mənbələrinin verdiyi məlumata əsasən, Ermənistanın Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları Dağlıq Qarabağ və ona bitişik ərazilərdə 1992-2011-ci illər ərzində 2500 tarix və mədəniyyət abidəsi qeydiyyata alaraq rəsmləşdirilib və bu abidələrin bir çoxunun üzərində təmir-bərpa işlərinə başlanıb.

Ermənilər Əsgəran qalasının, Şahbulaq qəsrinin, Dədəvəng, Arzu xatun monastrlarının, Şuşa qalasının adlarını Mayberd, anaberd, tiqrankert, didvanik, şoşu kimi adlarla əvəzləyərək bu abidələrin məlum tarixlərini təhrif edib, eramızdan əvvəl I-II minilliyə aid etməklə bu abidələr haqqında bir çox əsası olmayan nağıllar, əfsanələr uyduraraq Qarabağda erməni mifini inkişaf etdirirlər.

Erməni mətbuatından alınan məlumatlara görə, ümumiyyətlə ermənilər inandırmağa çalışırlar ki, işğal altında saxladıqları Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərdə azərbaycan türkləri tarixən mövcud olmamış, bu ərazilərdəki məscidlər isə Nadir şahın sifarişi və təkidi ilə tikilmiş, bu məscid və türbələrin varlığı azərbaycanlılara deyil farslara məxsusdur.

Erməni mətbuatında piaritet məsələlərdən biri də Qarabağda arxeoloji abidələr üzərində qazıntı işlərinin aparılmasının işıqlandırılmasıdır. Ermənilər ildən- ilə bu sahəyə daha çox vəsait ayırır və Qarabağ ərazilərindəki arxeoloji abidələrin qazıntısının şəbəkəsini daha da genişləndirirlər. Xüsusi ilə Xocalı kurqanlarının və eləcədə Ağdam ərazisində poliolit dövrünə aid olan Çalağantəpə və Üzərliktəpə yaşaayış yerlərində və Şahbulaq qəsri ətrafında apardıqları qazıntılar mütəmadi xarakter alıb.

İstər mətbu orqanlarda, istərsə də rəsmi dövlət idarələrində işğal olunmuş ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin sayları barədə fərqli rəqəmlərin kimlər tərəfindən yayılması isə məlum deyildir. Bu işə cavabdeh olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ərazisi işğal olunmuş rayonların İcra Hakimiyyəti orqanları isə bu işlərin sanki onlara aidiyyatı yoxdur”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi Laçın rayonunda eksperiment aparıb. 2 illik axtarışdan sonra Laçın rayonu ərazisindəki abidələrin sayı 73—dən 275-ə qalxıb. Dəqiqləşdirilməyə bir az da ciddi yanaşılsa buradakı abidələrin sayı 400-ə yaxın olacağı güman edilir.

İşğal olunmuş ərazilərimizdəki tarixi dəyərlərimiz üzərində sahiblik hüququmuzu bərpa etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tezliklə işğal altındakı milli-mədəni dəyərlərimizin daşınmaz tarix və mədəniyyət abidələrimizin qeydiyyatının aparılmasına və sənədləşdirilməsi işlərinə start verməlidir.

Gülnar