Biz dəliyik

biz-deliyik
Oxunma sayı: 663

O qədər dələduzlar vətən, vətənpərvərlik mövzusundan "xaltura" edir, adam artıq utanır ki, desin vətən anadır, onu sevmək lazımdır. Avropaya getmək imkanları olub, amma orda yaşaya bilmərəm. Yəqin ki, getsəm, Ukraynaya gedəcəyəm..."

Ola bilməz. Ay Rey, bu sözləri sən deyirsən? Boje moy... Çaşdığımdan rus dilində yazdım. Tanrım mənim, əziz qardaşım Rey Kərimoğlunun qəlbindən şeytanları çıxart. O, əzizimiz, canımız-ciyərimiz vətəni başqa vətənlərə dəyişmək istəyir. Bu qorxunc fikirlərini "Yeni Müsavat" qəzeti vasitəsi ilə ictimaiyyətə də açıqlayır. Hardasız, vətənsevərlər sinfində xor kapellasının "canım-gözüm Azərbaycan" nəqarətini mahircəsinə təkrar edənləri, məscidlərə gedib, nəzir verin, cadu yazdırın, ölkəmizin xristian dinindən olanlarına şamlar alıb verin, kilsələrdə yandırsınlar, dualar oxusunlar... Ki, arxasını vətənə çevirmək istəyən adam səhv yolda olduğunu anlasın.

Azərbaycan, Bakı, Gəncə, Qazax, Şəki, Zaqatala, Sabirabad, Salyan, Kürdəmir... cənnət məkan, insanlarımız müdrik, binalarımız hündür, parklarımız mərmər, "vicdan" "namus", "mənəviyyat" kəlmələri dilimizdə əzbər, televiziyalarımız qəşəng qızlarla, bazarlarımız, ətli-canlı qazlarla dolu. Ye qaz ətini, bil ləzzətini, qızların özünə tamaşa elə, səslərindən feyziyab ol, meyxana de, Qabilin şeirlərini əzbərlə, mağazaların qapısı açıqdır, gir içəri, yığışdır malları apar evə...

- Adın nədir?

- Rey.

- Soyadınızı da deyərdiz...

- Kərimoğlu.

- Deyəsən məhəllədə təzəsiz...

- Hardan bildiz?

- Məndən mal götürənlərin adını dəftərə yazıram, əllərinə pul düşəndə beş-beş, on-on qaytarırlar.

- Məni də o siyahıya yazın.

- Yazım e, amma onlar balalarının canına and içirlər ki pulu verəcəklər.

- And içməliyəm?

- Bəli.

- ...

Duruxma keçmiş döyüşçü, and iç. And içməsən balan ac qalacaq. And iç. Onsuz da Allah bizim andlara ciddi yanaşmır. Başını buraxıb da bu məmləkətin. Nəyi pisdir ki? Kim necə istəyir yaşayır. Hara getsən belə ölkə tapa bilməzsən. Şəhərin küçələri gül-çicək içində. Elə güllərdi ki, hər gün solur, hər gün yerinə yenisini əkirlər. Gündə dörd dəfə asfalt döşəməni dəyişirlər ki, bəli, sən rahat yeriyəsən. Axı müharibədə ayağından yaralanmısan. Caaaan, yaxşı ki atəşi kəsdilər. Başından, ürəyindən yaralansaydın, Azərbaycanımızı necə dərk edə, necə duya bilərdin?.. Lap mən, o, o biri... Müharibə davam etsəydi, biz necə qabaqdakıları mədh edərdik? Axı biz onlara it kimi hürərdik, qurbağa kimi quruldayardıq, donuz kimi mırıldayardıq.

Payanar, əynindəki sehirli xalatı çıxar, "ayrebani, ayrebani candrikə, kintamano, kintamano işvara"- deyib, gələcəyə düşəcəyini zənn etmə. Gələcək burdadı. Görmürsən, heç yerdə baş verməyən hadisələr burda yaşanır?! Maşınlar adamların yolu olan səkidə dayanır, ona görə ki, adamlar uçmağı öyrənsin. Marşrutlar sərnişinləri üst-üstə yığır, ona görə ki, əzilməyə vərdiş etsinlər. Qusmaq istəyən yeni mahnılarımıza qulaq assın, mədəsini ağrılardan təmizləsin. Məktəblərə süpürgə, xəkəndaz pulu verən valideynlər təhsilin silib, süpürülməsinin tərəfdarı olduqlarını göstərirlər. Yəni təmizlənməsinin... Bizdə təhsildə təmizləmə əməliyyatı belə qavranılır. Orijinal xalqıq. Gələcəyə getmirik, gələcək gözləmirik, özümüz gələcəyik. Kinoteatrlar karaokelərə, kitabxanalar kababxanalara ona görə çevrildi ki, gənclərimiz, filmə baxıb, kitab oxuyub dərin düşüncələrə qərq olmasınlar. Belədə hambala oxşayacaqlar. Azərbaycanlı təfəkkürü: kim dərindən düşünürsə, ya hambaldı, ya hambal olacaq. Poetik təfəkkürünü Səməd Vurğun formalaşdıran xalq "oturmuş palanın üstündə hambal, dərin fikirlərə qərq olmuş yazıq..." təqdimatındakı insanın məhz düşündüyü üçün yazıqlaşdığını dərk etməkdə haqlıdır. Eşitmisən də deyirik: "Nə xoşbəxtdir, əli çalıb, ayağı oynayır". Belə bilirik: çalıb oynamaq xoşbəxtlikdi.

Hamımız xoşbəxtik, Rey. Getmə. Qal. Yaşa. And iç yerinə yetirmə, meyxana de, harada dolu marşrut gördün, dürt özünü ora. Uşağına dərsə gedəndə pərdə pulu, bulka pulu ver, amma kitabxanaya üzv yazılmağı tapşırma. Qoy qarnı tox olsun, günəş üzünü yandırmasın. Görənlər desin: "Ay allah nə totuq uşaqdı". Daha deməsinlər, uşaq oxumaqdan əriyib çöpə dönüb.

Əsəbisən, qardaş. Get dəniz kənarına. Ona-buna paylanmaq üçün maviləşsin deyə, Xəzərin maviliyini canına hopduran, qara dənizə, mavi neftə tamaşa elə. Qürur duy barımızdan, bərəkətimizdən...

Aha, səni görürəm, saçlarına sığal çəkirsən, sinəni qabağa verib bir siqaret yandırırsan, tüstü yaman gur çıxır. Hə, dərindən qüllab alırsan. Dayan-dayan, tüstü sözlər əmələ gətirir ki... Oxuyuram... Axırıncı söz nədi? Yox...yox... Ay camaat, kömək edin... Polis... Hanı dalğıclar?.. Eşitmirsiz?

Müharibə. Qazançı uğrunda döyüşlər gedir. Hardansa mina partlamasının dəhşətli səsi eşıdilir. Çığırtı, ardından inilti... Komandir bağırır:

- Hanı Rey? Qarşıdakı səngərə baxın. O birinə də. Böyürtkan kolunu eşələyin. Reyyyyyy... Reyyy... hardasaaaaan?..

Doğrudan, Rey Kərimoğlu hara yoxa çıxdı? Axı indicə dənizə baxırdı. Ola bilməz... Necə ola bilər axı?... Onda adamlar bura yığışardı. Hərə bir versiya irəli sürərdi. Hər kəs gəzməyindədi. Heç mənim dəli kimi ora-bura qaçmağıma da əhəmiyyət verən yoxdur.

Yaşlı qadın. Qolumdan tutub, deyir:

- Bala, onlar artıq belə şeylərə - küçədə dəli kimi ora-bura qaçanları görməyə öyrəşiblər. Dəniz qalxıb üstümüzə gəlsə belə, eyni reaksiyanı göstərəcəklər.

Qadın uzaqlaşır. Dilimdə bir söz bitir - "dəli kimi". Biz dəlilərik. Və bu vəziyyətimizdən razıyıq. Babamız Koroğludan öyrənmişik: dəlilər igidlərdi.

Axı niyə getdin, Rey, bu igidlər oylağından. Burda uzun müddət yaşamağı bacardığın üçün dəli biləcəklər orda səni. Mənası igidlik verməyən dəli.

P.S. 2 il keçib, dəliliyimiz davam edir. Daha sürətlə.

15.05.2010