“Biz “döyüş hazırlığı” vəziyyətindəyik” - Açıqlama

biz-doyus-hazirligi-veziyyetindeyik-aciqlama
Oxunma sayı: 682

“Hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyibdir. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir. Bu ona görə baş verib ki, dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki diaspor deyil”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazir İbrahimov YAP-ın saytına müsahibəsində bildirib. Komitə sədri deyib ki, yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. O, artıq erməni lobbisinin əvvəlki kimi hər istədiyinə nail ola bilmədiyini vurğulayıb: “Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan əleyhinə təbliğatı daima aparılır. Ona görə də biz həmişə “döyüş hazırlığı” vəziyyətindəyik. Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır”.