Biz heç zad ola bilmirik

biz-hec-zad-ola-bilmirik
Oxunma sayı: 789

Mən hər dəfə demişəm, indi də deyirəm bu ölkənin vətəndaşları, nə daş kimi daş olub ona qarşı çıxanların topuğuna dəyə bilir, nə də bir az pafoslu desəm görkəmli şairimiz yazdığı kimi vətəninin qayasında bitəcək mamır kimi kökləri birləşib daşlara möhkəm-möhkəm sarıla bilir. Əlqərəz romantikadan kənarlaşıb mustafam budur ki, vətəndaş funksiyasından kənarlaşdırılmış insanlarıq . Bu vəzifəmizi üstümüzdən çoxdan götürüblər, indi hər şey kağız üzərində olduğu kimi elə Azərbaycan vətəndaşı sözünün də məsuliyyətini təkcə kağız üzərində hiss edirik.

Biz heç zad ola bilmirik. Sadəcə bu zadların içində ola biləcəyimiz ən yaxşı zad bizim ciddi cəhdlə Avropaya inteqrasiya edən başı bəlalı Azərbaycanımızdır ki, onunda başından qara buludlar əskik olmur. Bu qara auranın gətirdiyi neqativ, insanları süstlüyə məhkum edir.

Situasiyanın yaratdığı görüntü, mənim gözümdə xalqı soyuducunun buzxanasında donmuş ətə bənzədir.

İndi bir yaxşı qolu zorbalı kənd kişisi lazımdır ki, bu ətin buzunu açsın. Oda ki, çətin məsələdir, bu zamanədə. Çörəyindən tutmuş , ətinə kimi hibritləşən yerdə, kənd kişisini haradan tapacaqsan.

Bu sözlər mənim deyil qonşumuz Sona xalanındır. Sona xala deyir ki, indi cəmiyyətdə mənəvi aşınma gedir. Bütün bunların kökündə qidaların keyfiyyətsiz olması dayanır. Qonşumuz Sona xalaya da, onun fikirlərinə də hörmətim var. Nəinki hörmətim var, onun fikirlərinə qarşı çıxmaq mənim hüququmda deyil. Amma hüquqları hər addımda pozulan ölkə vətəndaşları özünü nəinki haqlıda olsa müdafiə edir, heç bu iqtidara sahib çıxmağı da bacarmır.

Biz o qədər də bacarıqsız xalq deyilik. “Əsrin müqaviləsi” bunu sübut etməyə qadirdir. Mən uzaq keçmişə getmək istəmədim, düşünə bilərsiniz ki Azərbaycanın tarixi qədimdir niyə məhz 1994-cü il? Cavab verməkdə o qədər də çətinlik çəkməyəcəm, düşünürəm ki, xalqın yaddaşı 1993-cü ildən bu yana itidir.
Daha doğrusu onun 93-cü ilə kimi yaddaşını silməyə ciddi cəhdlə çalışan qüvvələr, TV-lər var. 24 saat təlqinlə, yüngül şou proqramla millətin beynini dumanlandıran bu insanlar qarşılarına qoyduqları məqsədin niyə bu qədər çirkli və ürəkbulandırıcı olması məni çox düşündürür sözün açığı. Axı bu xalq sizə nə edib ki, ona belə ittiham aktı kəsirsiz?

Hansısa şou proqramdan ötrü 350 manata onların dəyərini satın alırsınız? Bu məbləğin müqabilində yeniyetmə oğlan özünü tamaşaçılara orientasiyasının dəyişildiyini, cəmiyyətə özünü gey kimi təqdim edir. Axı niyə siz seksual azlıqları gündəmə gətirməklə şou yaradıb, həm də bunu çox normal bir şey kimi göstərməyə can atırsınız? Həmdə gənclərə pul təklif etməklə. Bəyəm Azərbaycan gəncliyi mənəviyyatdan bu qədər yoxsuldur ki , onun mənəviyyatını 350 manata soyundurub lüt qoymaq sizə bu qədər asan gəlir?