“Biz hələ də özümüzə türk deyə bilmirik”

biz-hele-de-ozumuze-turk-deye-bilmirik
Oxunma sayı: 664

16 fevral, Sənətçi Ahmet Şafak Bengü Türk televiziyasında 26 Fevral Xocalı soyqırımı ilə bağlı hazırlanan Murat Idenin təqdimatında verilişin qonağı olur. Əsas qayə böyük türk dünyasının paytaxtı və mərkəzi, türklərin min bir əziyyətlə iki imperatorluq, bir əzəmətli cümhuriyyət qurduqları İstanbulun İstiklal Caddesi - Taksim meydanında “hamımız erməniyik” deyən bir zehniyyətin, toplumun qarşısına çıxıb “Hamımız Xocalı, hamımız türkük” çağırışında səslənmək idi.

Ahmet Şafak proqram boyunca bir çox maraqlı məqamlara toxunur. Azərbaycanda ziyalılar arasındakı “qan yaddaşı” ifadəsinin niyə Türkiyədəki aydınlar arasında da işlənmədiyini deyir. Azərbaycana dırnaqarası deyil, 1918-ci ildə ilk Türk Cümhuriyyətinin qurulduğu məmləkət kimi baxılmasının vacibliyini önə çəkir. - Bir də, Azərbaycan 1920-ci ildə kommunizmə zorla TƏSLİM edildi, təslim olmadı ki... - deyir. Türkiyədəki topluma, insanlara səslənərək: - Baxın, dönə-dönə demək istəyirəm, biz Taksimdə olmalıyıq ki, dünya da bizim kiçik nöqtədən baxmadığımızı görsün və bir zamanlar türkün iki böyük aydını Ziya Gökalpla Əli bəy Hüseynzadənin bir araya gəlməsi mümkünlüyünün bu gün də gerçəkləşəcəyini bir daha sübut etməliyik. Azərbaycan Türkiyənin namını verməyən ölkə olduğunu beynəlxalq aləmdə də sübut edib. Amma nə yazıq ki, Türkiyədə bir sıra Mehmet Ali Birand və digər aydınlar bu məsələdə yanlış fikirlərlə dolu məqalələr yazdılar.

“Bir də ən utanc verici məsələ odur ki, Zori Balayan kimi erməni yazarları Xocalı soyqırımı haqqında ballandıra-ballandıra (bu sözü olduğu kimi sağlamağı lazım bildim – G.Ə) yazırlar və qarşımıza tam fərqli bir hekayə çıxır. Halbuki, orada körpə uşaqların, hamilə qadınların, yaşlıların vəhşicəsinə öldürülməsi insanlığa əsla sığmayan hərəkətdir. Hələ Balayanın fəxrlə qadının döşünü kəsərək körpəsinin ağzına vermə mənzərəsini danışmasından dəhşətə gəlirəm. Bir də, məsələlərə bax bu gözdən yanaşmaq lazımdır. Ona görə də 26 fevralda bir araya gəlib, insanlığın, bəşəriyyətin gözləri qarşısında törədilən vəhşiliyin necə baş verdiyini, nədən ibarət olduğunu göstərməliyik”.

Ahmet Şafak Türkiyədə MHP Iğdır millət vəkili Sinan Oğannın bu məsələlərdə bizim lehimizə çıxışı ilə bağlı Azərbaycanda yaxşı əks-səda yarandığını qeyd edir. Bununla digər millət vəkillərini də bu yöndə çalışmağa səsləyir.

“Bir də ən vacib məsələ budur ki, niyə ermənilər belə bir vəhşiliyi həyata keçirən zaman öldürdükləri insanlardan “hayes, türkes?”, yəni “ermənimisən, türkmüsən?” soruşduğu halda, biz hələ də özümüzə türk deyə bilmirik? Bunu da düşünmək lazımdır”.

Verlişin aparıcısı Murat İde niyə məhz bu hadisənin Xocalıda baş verməsini soruşanda, Ahmet Şafak izah edir ki, “Xocalının yerləşdiyi strateji mövqe də məsələyə çox böyük təsir etmişdi. Dolayısıyla, əsas maraq Qarabağı işğal etməklə iki türk dövləti arasında bir ayırım yaratmaq idi. Taksimdə bir araya gəlməklə Xocalıda bu soyqırımın hansı düşüncə üzərində gerçəkləşməsinin fərqinə varmaqdır əsas niyyətimiz. Və mən inanıram ki, on minlərlə insan orada bizimlə birlikdə olacaq” deyir.

Mən də burdan Taksimdə toplaşacaq insanlarımıza indidən səslənirəm ki, hamımız türkük və sizinləyik!

Günel Əhmədova