“Biz həqiqətləri yaymaq üçün çalışırıq”

biz-heqiqetleri-yaymaq-ucun-calisiriq
Oxunma sayı: 691

Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) növbəti sessiyası keçirilir. Sessiyanın gündəliyində quruma yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət və İP-in fəaliyyəti barədə müzakirələr, həmçinin cari məsələlər nəzərdə tutulur. İştirakçıların səsverməsi ilə 21 nəfər İP sıralarına daxil olub.
Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli İctimai Palataya qarşı hakimiyyətin mübarizəsinin davam etdiyini bildirib: "Biz ötən müddət ərazində çalışmışıq ki, Azərbaycanın müxtəlif təbəqələrini İP-nın ətrafına toplayaq. Biz korrupsiya ilə bağlı faktları açıqlayandan sonra, bir çox sahələrdə dəyişiklik olub. Biz Kür daşqınlarından əziyyət çəkən insanlarımızın, siyasi məhbuslarımızın məsələsi ilə bağlı geniş tədbirlər keçirmişik. İctimai palata olaraq bu şərtlərlə bu ölkədə üzərimizə nə düşürsə onu da edəcəyik. Biz həqiqətləri yaymaq, ölkənin bütün demokratik qüvvələrini bir yerə toplamaq üçün çalışırıq. 2 Aprel siyasi məhbuslarının oyuncaq məhkəmə prosesləri keçirilir. Ciddi şəkildə məhkəmələrdə xeyirlə şərin mübarizəsi gedir. Məhkəmələr mübarizə meydanına çevrilib. Bu gün hər bir məhkəmənin qarşısı etiraz meydanıdır. ABŞ Konqresində aparılan dinləmələrdə Azərbaycan hakimiyyətinə əsl qiymət verildi. Orada bütün tələblərimiz səsləndirildi. Səbəb bizim mübarizəmiz, nəticə isə dünyanın verdiyi qiymətdir. Biz dünyanın dəyişən şərtlərinə görə ölkənin problemlərini həll edəcəyik. Bizlər Azərbaycan xalqına öz haqlarını tələb etməyə səfərbər etməyə çağırmayana kimi, bütün beynəlxalq təşkilatlar bu şər hakimiyyətə dəstək verəcəklər. Əsas ümid yerimiz ölkədə dəyişikliklərə imza atacaq Azərbaycan xalqıdır. Bizim mübarizəmiz dəyərlər, prinsiplər mübarizəsidir. Hesab edirik ki, dəyərlərin mübarizəsi həyat tərzi daha doğrudur”.

Daha sonra çıxış edən AXP lideri Pənah Hüseyn gündəlikdə duran məsələlərlə bağlı fikirlərini səsləndirib: “Birincisi siyasi motivlərlə həbs olunan yoldaşlarımız üçün İP növbəti aksiya barədə fikirləşməlidir. Ciddi bir şəkildə buna hazırlıq olmalıdır. Burada maliyyə ilə bağlı fikirlər səsləndirildi. Təklif edirəm ki, İP üzvləri maliyyə ilə bağlı bu iclasdan sonra müəyyən addımlar atsın”. Pənah bəy İP-nın fəaliyyəti ilə bağlı bir sıra tənqidi fikirlərini də səsləndirib.

İP üzvü, tanınmış siyasətçi İbrahim İbrahimli çıxışında Naxçıvandakı vəziyyətə toxunub: “Bu yaxınlarda Naxçıvandan qayıtmışam. Qarşılaşdığım mənzərə dəhşətli idi. Bütün küçələri kameralaşdırıblar. Orada alman jurnalistlərlə görüşdüm. Onlar mənə dedi ki, Şahbuza getmişik küçədə bir adam tapıb danışdıra bilməmişik. Təklif edirəm ki, gələcəkdə rayonlarda olacaq yığıncağlarımıza ilk olaraq Naxçıvandan başlayaq”.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ölkədə təhsil haqlarının qanunsuz olaraq qaldırılmasından danışıb: “Mən çıxışımda təhsil haqlarının qanunsuz olaraq qaldırılması ilə bağlı danışacam. Ölkə gəncliyinin demək olar ki, 17 faizi ali təhsillidir. Bu ciddi bir problemdir. Xüsusən gənclərin çox böyük problemləri var. Hər il Azərbaycan höküməti gənclərlə bağlı yeni proqlamlar qəbul etsə də, bunun heç bir effekti olmur. Bu proqlamlar ölkə gəncliyinin problemlərini həll etmir. Orada yalnızca təkliflər irəli sürülür. AXCP Gənclər Komitəsi dəfələrlə Gənclər və İdman Nazirliyinə informasiya sorğusu göndərib. Lakin onlar bizə cavab vermir. Elə buna görə bu yaxınlarda sözügedən nazirliyi məhkəməyə verəcəyik. Burda İP-nın üzvləri təkcə Müsavat və AXCP-nin üzvləri deyil. Biz istəyərik ki, onları da məhkəmənin qarşısında görək”.

Musavat.com