“Biz sanki ciddiliyimizi itirmişik” - Etiraz

biz-sanki-ciddiliyimizi-itirmisik-etiraz
Oxunma sayı: 680

Jurnalistlərlə söhbətində “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Musiqi Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli belə deyib.

“Media forum” saytının məlumatına görə, Fərhad Bədəlbəyli ərazisinin 20 faizi işğal altında olan ölkədə hər gün çal-çağır olmasından gileylənib: “Səhərdən axşamacan çal-çağır, toydur. Televiziyalar gecə-gündüz ancaq ucuz və şit sou nümayəndələrini, şou verilişlərini, toy, evlənmə proqramlarını təbliğ edir. Bu yaxınlarda düz 6 telekanalda eyni vaxtda ulduz yarışmasının getdiyini gördüm. Bunlara baxıram, təəccüb edirəm, dəhşətə gəlirəm, elə bil Qarabağ boyda dərdimiz yoxdur. Görəsən, bu insanlar harada yaşayırlar, kosmosdan gəliblər? Bunlar dəhşətdir və tezliklə aradan qaldırılmalıdır, ölkədə müharibə ab-havası hiss olunmalıdır”.

“İşğal altındakı ərazilər azad edildikdən sonra insanların, xüsusilə gənc nəslin nümayəndələrinin Qarabağa dönməyə hazır olduğunu düşünürsünüzmü” sualını rektor belə cavablandırıb: “Mən də hər gün bu sualı öz-özümə verirəm ki, görəsən, insanlarımız həmin yerlərə qayıtmağa hazırdırlarmı? Çox təəssüf hissi və ürək ağrısı ilə qeyd etməliyəm ki, buna bir o qədər də müsbət cavab tapa bilmirəm. Bu məsələdə də ciddi təbliğata ehtiyac var. Bu gün hər bir yəhudinin evində İsrailin dövlət bayrağı var və onlar hər biri öz torpaqlarına qovuşacağı günü gözləyir. Onlar bəyəm pul qazanmaq istəmirlər? Qazanmaq istəyirlər və bunu da çox gözəl bacarırlar, amma hər bir yəhidi ailəsində ilk növbədə vətən, torpaq hissi aşılanır.

Bizdə də məhz belə olmalıdır. Bizim cəmiyyətdə də Qarabağ, müharibə ab-havası hiss olunmalıdır. Ancaq bu yoxdur. Biz mütləq bu muhiti dəyişdirməliyik, biganələyi aradan qaldırmalıyıq. Biz sanki ciddiliyimizi itirmişik, onu özümüzə qaytarmalıyıq. Hər gün atılıb-düşmək lazım deyil. Bu, marionetkalıqdır. Bunun özü də bir iblis siyasətdir, düşmənlərimiz də elə bunu istəyirlər ki, başımız gic-gic şeylərə qarışsın və Qarabağ yadan çıxsın.

Bir müddət öncə Şuşadan olan uşaqların musiqi gecəsi keçirilirdi. Mən həmin gecəyə getmədim, bəlkə də onların xətrinə dəydi, amma özlərinə dedim ki, siz musiqiyə yox, hərbi məktəbə, hərb sənətinə getməlisiniz”.