“Biz vətənimizdə namaz qılmağa yer tapa bilmirik” – Müsahibə

biz-vetenimizde-namaz-qilmaga-yer-tapa-bilmirik-musahibe-
Oxunma sayı: 719






Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun “Qafqazinfo”ya müsahibəsi

- Rusiyadan yeni gəlibsiniz. Seçkilərin nəticəsində paytaxt Moskvada vəziyyət gərginləşib. Siz “ərəb baharı”nın Rusiyada olma ehtimalını necə qiymətləndirirsiniz?
- Hər bir cəmiyyətdə razılar və narazılar olduğu kimi, Rusiya da istisna deyil. Eyni zamanda, nəzərə alsaq ki, Rusiya böyük və iddialı olduğuna, son zamanlar beynəlxalq və regional məsələlərdə aktiv fəaliyyətə cəhd etdiyinə görə, dünyanın güc mərkəzlərinin hədəfinə çevrilib. Bu hədəf kütləvi informasiya və analitiklərin vasitəsiylə təlqin edilən, guya Rusiya inqilab astanasındadır fikirlərini bölüşmürəm.

- Bəs hətta parlamentə düşən səs çoxluğuna görə, ikinci olan Kommunist Partiyasının belə etirazlarını necə dəyərləndirmək olar?
- Onların nə dərəcədə saxta olub-olmadığını deyə bilmərəm. Hesab edirəm ki, onu iddia edənlərin əllərində əsasları olmalıdır. Amma bununla yanaşı, o da bəllidir ki, hakimiyyət uğrunda mübarizədə əfsuslar olsun ki, müxtəlif çirkin texnologiyalar istifadə olunur. Hətta inkişaf etmiş qərb dövlətlərindən belə bu yan keçməyib. Məsələn, oğul Buşla Albert Qorun prezidentlik uğrunda mübarizədə Florida ştatının səsləri, ümumiyyətlə, sayılmamışdı. Bununla yanaşı bir şeyi də qeyd etmək istəyirəm ki, beynəlxalq mətbuatın və analitiklərin inqilab kimi qələmə verdiyi hadisələr, əksinə Rusiyanın mövcud iqtidarının insanların azad toplaşma hüququna hörmətlə yanaşmasıdır və başqaları kimi bu etiraz edən insanların dağıdılmasına deyil, əksinə fikir bildirməsinə şərait yaratmaqla bu iddialar puça çıxır.
Eyni zamanda, etirazçıların və Rusiya əhalisinin sayını müqayisə etdikdə görünür ki, say nisbəti iddia edilən inqilab üçün nəinki yetərli deyil, hətta komik görsəndi. Xüsusi bir şey vurğulamaq istəyirəm, biz Şimalda ərəb inqilabı gözləməməliyik. Əksinə, aqressiv, öz hədəflərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməkdən çəkinməyən, iddialı bir qüvvənin mövcudluğunu nəzərə almalıyıq və bizim əleyhimizə olan hər bir siyasəti dəf etməyə hazır olmalıyıq. Bu həm də digər bölgələrdən olan təhdid və basqılara aiddir.

- Belə çıxır ki, dünyanın öndə gələn analitiklərinin iddia etdiyi proqnozlar əsassızdır?
- İnqilab üçün bir neçə əsas amillər var. O cümlədən, kütlənin qalxması və hakimiyyətin daxildən büdrəməsi. Bunun heç birini mən Rusiyada bu gün müşahidə etmirəm. Gördüyümüz Qərbə arxalanmış çevrələrin fəaliyyətidir.

- Rusiynın hər zaman öndə olan ziyalılarının etirazlarını da Qərbin dəstəyi ilə baş verdiyini iddia edirsiniz?
- Etiraz edənlər kimi, razı olanlar da vardır. Və bu heç də etiraz edən ziyalılardan nüfuz baxımından geridə galmayan ziyalılardır. Bir şeyi nəzərə almaq lazımdır ki, dövlətin inkişafında hər kəsin öz yanaşması mövcud ola bilər. Və burada anormal heç nə yoxdur. Sadəcə olaraq, kim millətin səsini alıb hakimiyyətə sahib çıxırsa onun siyasəti həyata keçir. Razı olub olmayanın mövqeyindən və qələbə qazananın siyasətinin uğurlu olub olmadığından asılı olmayaraq bu bir gerçəklikdir.


- Azərbaycanı necə, “ərəb inqilabı” ərəfəsində olduğunu deyənlərin fikirlərinə qatılırsınız?
- Bir gerçəklik var ki, Azərbaycanda dərin mənəvi, sosial uçurumlar mövcuddur. Eyni zamanda sosial qütbləşmə reallığını görürük. Bununla yanaşı inzibati özbaşınalıq-QANUNA istehza ilə yanaşma və ədalətsizlik görürük. Nəinki gənclərin, ümumiyyətlə, yaşından asılı olmayaraq insanların öz potensialını realizə etməsinə süni əngəllərin mövcudluğunu müşahidə edirik. Bunların hamısı Azərbaycanda fəlakətə yol açan amillərdir. Mən istəməzdim ki, Azərbaycanda hansısa inqilablar baş versin. Çünki yaxın tariximizdə, oxuduğumuz və müşahidə etdiyimiz inqilablar əsasən vətənimizin ziyanına olan hadisələrlə müşayiət edildi. Torpaqlar əldən getdi, mənəvi deqradasiyaya uğradıq, adət-ənənələrimiz tapdalandı. Əksinə, mövcud təhlükələrə görə, bizim önümüzdə əsas vəzifə Dövlətimizin varlığını qorumaqdır. Biz əminikmi növbəti inqilabı bizə sırımaq istəyənlər onun müqabilində Qarabağı və Azərbaycanın digər ərazilərini ermənilərə verməyəcək? Odur ki, inqilab deyil təkamüllə dəyişikliklərə nail olmaq lazımdır.

Bir neçə ay əvvəl partiyada vəziyyət dinamik oldu. Partiyada bir-birinə qarşı çıxanlar oldu.
Partiyada dinamik hallar çox olur, siz dediyiniz dinamik hal deyil. Mətbuata nəyinsə çıxması o demək deyil ki, partiyada dinamik hallar baş verir. Partiya qoyduğu hədəflərə doğru addımlar atanda ona dinamik deyirlər. Sadəcə olaraq, cüzi hadisə idi və mətbuata da məqsədyönlü şəkildə çıxarılmışdı. Kiminsə buna daxili ehtiyacı var idi.

- Ədalət Partiyasının bugünkü Azərbaycan siyasətində yerini necə görürsüz?
- Ədalət Partiyasının yeri dünən necə olub, bu gün də elədir. İqtidar partiyası deyil ki, Ədalət Partiyası müxalifətdə olan partiyadır.

- Axı belə görünmür.
- Əgər müxalifət görünüşü kiminsə ünvanına söyüş söyməkdən, düşmən elan etməkdən keçirsə, mən bu yanaşma tərzinə qatılmıram. Müxalifətin funksiyası istənilən cəmiyyətdə hakimiyyətdə bəyənmədiyi addımları tənqid etmək və tənqid etdiyi mahiyyətə alternativ layihələr ortaya çıxartmaq, xalqın dəstəyini qazanıb hakimiyyətə gəlməkdir. Bununla yanaşı, ümummilli təhlükələrdə hakimiyyətlə birgə dövlətin varlığını qorumaqdır.

- Siz xalqın düşündüyü kimi hərəkət edirsiz?
- Biz başqaları kimi haradansa qrant alıb, sinəmizə döymürük. Biz anlamalıyıq ki, siyasətdə önəmli məsələlər var. O önəmli məsələlər də İlham Əliyev, Ramiz Mehdiyevi yaxud da başqa məmuru söyməkdən ibarət deyil, o, bu gün Azərbaycanın varlığını qorumaqdan ibarətdir. Əgər kimsə özünü siyasi analitik hesab edirsə, kordurmu, görmürmü ki, ümumiyyətlə, onun dövləti məhv olmaq təhlükəsi qarşısındadır? Onu siyasilər görmürlərmi? Əgər bundan öz xeyirlərinə istifadə etmək istəyirlərsə, o zaman bunun mənəvi ağırlığını anlamırlar. Bəli, bugünki sosial vəziyyət, mənəvi-psixoloji uçurumlar, mövcud məmur təbəqəsinin yarıtmaz siyasətinin nəticəsidir. Amma indiki durumun mövcudluğunu mən tək prezidentin üzərinə qoymağın əleyhinəyəm. Çünki hesab edirəm ki, Azərbaycanda bu vəziyyətin mövcudluğunda maraqlı olan qüvvələr var. Həm iqtidarda, həm müxalifətdə. Məhz indiki vəziyyət onların varlıq səbəbidir.
Bir şeyi də etiraf etməliyik ki, siyasilər hər zaman, dərhal xalqın arzusunu ifadə edə bilmir. Buna zaman lazım olur.
Amma kürəsəl güc olan Birləşmiş Ştatlar, insan haqları və demokratiyanı əldə əsas götürən Avropa Azərbaycanda hakimiyyətin xalqın səsinə qulaq vermədiyini müxtəlif hesabatlarda, açıq bəyanatlarda dilə gətirir. Azərbaycanda siyasi məhbusların mövcudluğu, mətbuat azadlığına qoyulan dolaylı qadağalar Qərbin etirazına səbəb olan amillərdir.

- Sizin partiyanın Azərbaycanda insan haqlarına və mətbuat söz azadlığının vəziyyətinə münasibəti necədir? Nəzərə alsaq ki, partiyanın sədri İlyas İsmayılov peşəkar hüquqşünasdır.
- Azərbaycana dünyada Türkiyədən başqa təmənnasız dəstək verən heç bir dövlət yoxdur. Qalan dövlətlər hansısa marağı olan qüvvələrdir. Nə kürəsəl güc olan Amerika, nə də demokratiyanı əldə əsas tutan Avropanın Azərbaycanın təbii sərvətlərinə əl qoyduqları zaman bu xalq yadına düşüb, nə ərazi bütövlüyünə ədalətli mövqe tutub, nə Xocalı ilə yanaşı digər məntəqələrdə baş verən soyqırımlara hüquqi yanaşıb. Mən özlüyümdə hesab edirəm ki, bizim dəyərlər baxımından örnək götürəcəyimiz adət- ənənələrimiz və dinimizdir. Bir halı da yaddan çıxartmamalıyıq ki, dünyada müstəmləkələr uğrunda mübarizə gedir, millətlərarası və dinlərarası savaş mövcuddur. Bu prizmadan baxanda sadaladığımız “güclərin” heç də Azərbaycan üçün xoşniyyətli olduqlarını düşünmürəm. Məsələn, bu günlərdə Fransada qondarma erməni soyqırımını tanımayanlara təhdidedici qanun layihəsi gündəmə gətirilib. Yəni soyqırımı qəbul etməyən cinayətkardır. Bu hansı məntiqin, demokratiyanın təzahürüdür? Səlib yürüşü zamanı əcinnə ovuna bənzəyir. Azərbaycanın bugünkü sadaladığımız durumunda da Qərbin payı az deyil. O ki, qaldı partiyanın mövqeyinə, həqiqətən, azad, qrup maraqlarından kənarda olan mətbuat orqanları vasitəsi ilə dəfələrlə Azərbaycanda məmur özbaşınalığının hüquq-mühakimə sisteminin bir çox hallarda qanundankənar fəaliyyət göstərməsi faktlarını pisləyib və hakimiyyəti ciddi tədbir görməyə səsləyib.

- Müxalifət hakimiyyətdən mitinq keçirmək üçün yer istəyir, yer vermir, nə etməlidir? Yer dağın başında olmaz ki...
- Yer vermək məsələsi deyil, yer də verə bilərlər, o yer çoxlarını qane etməyə də bilər. Dağın başına da gedərik. Nə olsun ki? Elə dağın başına çəkilib, dağın başından Türkiyə yaratdılar. Bir-iki gün əvvəl hörmət etdiyim bir deputatla görüşdüm, ona dedim ki, mən minə yaxın oğul tanıyıram, heç bir qüvvə üzvü deyil, hər şeyə qadir olan oğlanlardır, onlar hesab edir ki, bizim əllimiz ölsün, iyirmimiz “Qobustan”da yatsın, amma əcdadlarımızın, indiki, gələcək nəslimizin qabağında vətəndaşlıq borcumuzu yerinə yetirək. Mənə deyirlər ki, nə edək? İş görə bilmirik, qabağımızı alırlar- monopoliyadır. Millət vəkili olmağa imkan vermirlər-siyahıyladır. Biz bu gənclərin qabağını almışıq, bunlar qalxsa sel kimi qalxacaq. Bunlar gedib “Azadlıq” qışqırmayacaq, hərəkət edəcək. Cəmiyyətdə millətin özünü təsdiq etmə imkanlarının olmaması var, bunları çatdırmaq lazımdır. Mən hesab edirəm ki, bu gün hər şeyi hakim ailənin üzərinə yıxmaq olmaz. Hakim ailənin adından istifadə edib bu dövləti eninə-boyuna dağıdan qüvvələr var, onlardan tələb etmək lazımdır. Millət bunu tələb etməlidir.

- Bəs hakim ailə özü hara baxır?
- Birinci millət tələb etməlidir. Siz özünüz sayta rəhbərlik edirsiniz, hər işi siz edə bilərsinizmi? Həll edə bilsəz müavinlərə ehtiyacınız olmaz. Deməli, bir adam, ancaq strateji nə isə düşünə bilər, sonra icraçılar var, onlardan çox şey asılıdır. Azərbaycanın indiki həm daxili, həm də xarici durumu o qədər çətindir ki, bir çox amillər istədin-istəmədin nəzərə alınmalıdır.

- Qeyd etdiniz ki, ölkənin çətin vaxtlarıdır. Bu nəticəyə qonşu ölkələrdə baş verənlərə əsasən gəlmisiniz?
- Əlbəttə, dünyada baş verənlərə, xüsusiylə İranla bağlı hadisələrə əsasən deyirəm. Heç kim deməsə də, dünyada dini müstəvidə müharibə gedir. Xristian-müsəlman davası gedir. Hətta Liviyaya hücum zamanı bunu Putin ağzından qaçırdı ki, “bu nədir növbəti səlib yürüşüdür”. Deməli, bu müstəvidə müzakirələr olub ki, bu bunu dilinə gətirib. Din və millətlərarası müharibələr, sərhədlərin dəyişdirilməsinə gətirib çıxarır.

- Rusiya ilə bağlı proqnozlar da var, siz necə düşünürsünüz?
- Mən hesab edirəm ki, orada heç nə dəyişilməyəcək, hər şey necə var, elə də qalacaq. Putin və Medvedyevin hakimiyyəti davam edəcək. Biz bir şeyi başa düşməliyik ki, Rusiya böyük dövlətdir. Onun çökdürülməsi üçün bütün dünya fəaliyyət göstərir, hərə öz adamlarını orada danışdırır, necə ki, Azərbaycanda bəzi politoloqlar kukla teatrındakı kimi danışdırırlar, Rusiyada da eləcə. Onlar hamısı təbii olan məsələlərdir.

- Azərbaycan da Rusiyanın təkrarı kimidir.
- Bizim proseslər bir az başqa cürdür. Heç kim Azərbaycan üçün demokratiya islahatları fikirləşmir, özümüzü aldatmayaq. İyirmi il ərzində qərb məmurların millətdən oğurladığı pullara həbs qoya bilərdi, niyə qoymadı? Mətbuatda yazılır ki, dörd məmurun Amerikada filan qədər parası var, amma həbs qoyulmur, niyə? Ona görə ki, o pullar onların banklarındadır, üstəlik o məmurlar ağızlarını açanda çox şey danışa bilərlər. Qərbə heç də Azərbaycanda demokratik islahatlar lazım deyil. Qərb nəinki Azərbaycana, bütün dünyaya müstəmləkə gözü ilə baxır, bu baxımdan idarə edir. Adicə bu gün dünyada qəbul olunub ki, qanunun gücü yoxdur, gücün qanunu var. Biz haqlı ola-ola Qarabağ məsələsində bizi təhdid edirlər. Ona görə də, Ədalət Partiyası bu gün dövlət başçısını müdafiə edir, çünki Azərbaycanın var olub-olmamaq məsələsi var. Basqılar olanda İlyas ismayılova, İsa Qəmbərə, Əli Kərimliyə ya da başqasına olmur. Prezidentə olur, çünki səlahiyyət onun əlindədir. Biz “Xural”a müsahibəmizdə də demişdik ki, prezident ətrafında olan qorxaq, məddah məmurlara güvənməsin, bilsin ki, onun xalqı var, onu təhdidlərdən həmişə müdafiə edəcək .

- Dövlət başçısının bu günkü fəaliyyətindən razısınız?
- Mən hesab edirəm ki, Qarabağın verilməməyi iki amillə bağlıdır. Biri Türkiyənin mövqeyi, digər isə prezidentin mövqeyi ilə. Əks halda Qarabağ rəsmən verilmişdi. Qarabağ faktiki olaraq əlimizdən alınıb, biz də onu geri qaytaracağıq. Bununla bağlı Ədalət Partiyası fikir də səsləndirmişdi, amma müxalifət partiyaları bunun üstündən sükunətlə keçdilər. Biz, torpaqların hərbi yolla qaytarılmasının tərəfdarıyıq, birmənalı olaraq, bütün danışıqlardan imtina etməyin tərəfdarıyıq. Qərbin təsirində olan “demokratik” qüvvələr deyirlər ki, istəmirik ki, qərbdə müharibə partiyaları kimi tanınaq, onlar yarınma siyasəti yürüdür. Bizim heç kimə yarınmaq istəyimiz yoxdur. Zamanında Ədalət Partiyası təklif etmişdi ki, Azərbaycanda unitar dövlət yaradılsın, yəni, Naxçıvan Muxtar Respublikası statusu ləğv olunsun. Ermənilər bu dövlətin içərisində yaşamaq istəyirlərsə, yaşasın, istəmirlərsə özləri bilər. Ona görə ki, biz onlara yüksək səviyyəli muxtariyyət versək, onda talış, ləzgi, avar qardaşlarımıza da verməliyik. O da Azərbaycanın məhv olması deməkdir. Ermənilər də barmaqla Naxçıvanı göstərirlər ki, bir dövlətin içində niyə başqa dövlət mövcud olur, amma ermənilər ikinci dövlətini yarada bilmir? Naxçıvanın statusunu götürmək barədə təklif səsləndirdik və onu yenidən gündəmə gətirmək fikrimiz də var.

- Atanız artıq ikinci dəfədir deputat seçilib, amma heç 2-3 dəfə danışmayıb. Niyə?
- Sizinlə razı deyiləm. Çıxış da edib, mövqe də nümayiş etdirib. Sadəcə Milli Məclisdə danışmaq üçün müraciət edirsən ki, sənə söz verilsin. Söz veriləndə danışırsan, söz verilməyəndə danışmırsan. Həm də, əhəmiyyətsiz, boş-boş danışmaqdansa real fəaliyyət göstərmək lazımdır. Ədalət Partiyası bir neçə qanun layihəsini işləyib Milli Məclisə təqdim etdi, o da orada qalır. Onlardan biri uşaqların dövlət hesabına cərrahi əməliyyatlar keçirməsidir. Elə xəstəliklər var ki, onların xaricdə müalicəsinə ehtiyac var. Digəri də ikili vətəndaşlıq haqqında qanun layihəsidir ki, bütün dünyada yaşayan azərbaycanlılar bilsin ki, Azərbaycan vətəndaşıdır, eyni zamanda, burda vergi ödəsinlər, başqa yerdə ödəməsinlər və s. Yenə təkrar edirəm, bizə internet, qəzet qəhrəmanları olmaq lazım deyil. Bizə lazımdır ki, biz Allahımız, vicdanımız qarşısında əlimizdən gələni edirik. Biz bunu kiməsə yarınmaq üçün etmirik. İmkanımız daxilində edirik. Biz heç bir qüvvə tərəfindən maliyyələşmirik, qrant almırıq, hər şeyi partiya üzvləri hesabına edirik.

- Partiyanın nə qədər üzvü var?
- Kifayət qədər.

- Neçə yaşınız var?
- 42.

- Yəqin ki, siyasi iddialarınız var?
- Mənim siyasi iddialarım yoxdur, başqa iddialarım var.

- Məsələn?
- Mənim iddialarım inandırıcı gəlməyə bilər. Mənim bu dünyada təkcə şəhidlərin qabağında dilim gödəkdir, başqa heç kimin. İddiam odur ki, şəhidlərimizin qanını alaq, təcavüz olunmuş qadınlarımızın cavabını verək. Torpaqlarımızı bərpa edək. Mənim bundan böyük iddiam yoxdur. Mən xaricdə olanda istəmirəm ki, hansısa məzlum dövlətin igid oğlu olum. Mən hesab edirəm ki, başı papaqlı oğlan öz vətənində çox şey etməlidir.

- Siz döyüşmək istəyirsiz...
- Biz istəyirik, ədalət hökm sürsün. Azərbaycanın tapdalanmış adət-ənənələri bərpa olunsun. Mən dünən şəhərdə namaz qılmağa məscid tap bilmədim. Dostumun ofisində qıldım. Mən çox təəssüfləndim ki, biz vətənimizdə namaz qılmağa yer tapa bilmirik.

- Hara baxırsan çadralı, saqqallı, şalvarı gödək var axı.
- Mən kiminsə çadralı, saqqallı, şalvarı gödək olmağına qiymət vermək istəmirəm. Hamısı Allahı qarşısında özü cavab verir. Əsas odur ki, hər biri sidq ürəkdən Allahın varlığını dərk edib qəbul etsin.

- Mən hicab məsələsinə münasibətinizi bilmək istəyirdim.
- Mən hesab edirəm ki, bu mövzu müzakirə belə ola bilməz. Kim çılpaq gəzmək istəyir, çılpaq gəzsin, kim bağlı gəzmək istəyir bağlı. Heç kim hicabın qabağını almalı deyil. Çünki, bu, Allahsızlıq, kafirliklə yanaşı, həm də ədalətsizlikdir. Birinin çılpaq gəzməyə haqqı var, o birinin haqqı tapdanır.

- Bizdə deyirlər ki, lüt gəzməliyik, Avropaya gedirik.
- Avropaya inteqrasiya edən partiyalar da məlumdur, Ədalət Partiyası onlardan deyil. Zamanında Avropa özü bir çox şeyi Şərqdən alıb. Bu gün biz də bəzi dəyərlərə sahib çıxa bilərik, amma onların həyat tərzini yaşaya bilmərik. Bəzi şeylər var ki, biz onu qəbul etmirik və rədd edirik.

- Bu il Azərbaycanda “Avroviziya” müsabiqəsi keçiriləcək. Sizcə bunu Azərbaycanın dünya miqyaslı uğuru kimi qəbul etmək olarmı?
- “Avroviziya” olanda mən qazamatda idim, qeyri-qanuni telefonum var idi. Hətta mən də Azərbaycanın adı üçün səs verdim ki, mənim də səsim getsin Azərbaycan bayrağına. Mən Azərbaycan bayrağına səs vermişəm, ifaçıları o qədər də tanımıram. Azərbaycan müğənnilərindən bir-ikisini tanıyıram, onlardan ən çox Azərinə hörmət edirəm. Hesab edirəm ki, Azərbaycan idmançıları, müğənniləri hansı sahə olursa olsun bir yer tutursa, o bizim üçün uğurdur. Bakıda belə müsabiqənin keçirilməsi də müsbət haldır. Çox gözəl olardı ki, “Avroviziya” Xankəndində keçirilərdi.

- Siz danışanda tez-tez Qarabağ probleminə toxunursuz. Son vaxtlar az müşahidə olunur bu.
- Ona görə ki, istəyirlər ki, bu, Azərbaycanın şüurundan çıxarılsın. Vəsaitləri xaricdə olan məmurlarımız istəyir ki, bu haqda heç kim düşünməsin. Çünki, onlar da qərbin sifarişlərini yerinə yetirir. Amma dövlət başçısı daima bəyanat verir ki, Qarabağı heç vaxt vermərik, lazım olsa müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik. Bu bəyanatı verməyin özü də kifayət qədər ciddi şəxsi keyfiyyətlər tələb edir. Siz təsəvvür edin ki, o, hansı təzyiqlərin altında qalır və onunla danışanda necə danışırlar. Onunla danışanda ona təzyiq də edirlər, təhdid də edirlər. Xaricdə çıxan məqalələr də onun bir hissəsidir. Bizim başıboşlar da onu burda çap edib niyə sevinirlər başa düşmürəm. Mən heç kimin yarıtmaz siyasətini müdafiə etmirəm. Mən deyirəm ki, prioritetlər var. Bu gün Azərbaycan xalqının çörəyi yoxdur və Qarabağ problemi var deyiləndə, Ədalət Partiyası Qarabağı seçir. Ona görə ki, Qarabağsız millətə heç çörək də lazım deyil. Biz belə düşünürük.

- İrəliləyiş varmı?
- Əlbəttə, biz partiyanı silkələyirik. Qurultayımız da nəzərdə tutulur. Biz qurultay naminə qurultay keçirməyin tərəfdarı deyilik. Üzvləri də təkrar nəzərdən keçiririk. Cəmiyyətdəki yeni qüvvələrlə münasibət qurmağı düşünürük. Eyni zamanda, blok çərçivəsində müttəfiqlərimizlə görüşlərimiz nəzərdə tutulur.

- Kimlərlə?
- Biz, Fazil bəylə və Qüdrət bəylə bir blokda təmsil olunuruq. Bu yaxınlarda görüşlərimiz olacaq və fikirləşirik ki, hansı istiqamətdə fəaliyyət qurmaq olar. Mən sizin kimi bədbin əhval-ruhiyyədə deyiləm. Mənə görə, Azərbaycan bəzi şeylərə nail olmalıdır. Bu torpaq bizim əcdadlarımızın qanı ilə sulanıb. Bu torpağı heç kim cehiz almayıb, nə də varisliklə qalmayıb. Heç kim də varını dövlətini aparmır öləndə, ağılları varsa adlarını millətin ürəyinə yazsınlar.

- Azərbaycanda varislik ənənəsi var. Gedən yerinə oğlunu qoyur. Sizdə də bu hal müşahidə oluna bilərmi? Ola bilərmi ki, partiyanın növbəti qurultaylarının birində siz partiya sədri olasınız?
- Ədalət Partiyasının sədri kürsüsü mənim iddiam üçün çox xırda yerdir. Mənim həyatım, səadətim üçün tramplinə ehtiyacım yoxdur. Mən öz varlığımı hansısa kürsüdə görmürəm. Mən daxilən azad insanam. Məni elə böyüdüblər, mən tamam başqa meyarlarla yaşayıram. Mənim bir yaşıdım var, o da ictimai-siyasi xadimdir, o dedi ki, Etimad elə partiyasız da Etimaddır. Bizim problemimiz odur ki, bizdə sözə inanan yoxdur. İçimiz o qədər çürüyüb ki, hər şeyə bir mız qoyuruq. Biz hər şeyi özümüzdən başlamalıyıq. Kökündən dəyişilməlidir. Kök dəyişilməsə baş necə dəyişə bilər? Böhrandan çıxmaq üçün onu dərk etmək də zəka tələb edir və ondan çıxmaq yolları da zaman tələb edir.

- Rusiyada avtoritet tanışlarınız var yəqin.
- Avtoritet kimə deyirsiz? Siz də avtoritet sayılırsınız. Öz peşəsində birinciliyə çalışan, söz sahibi olan adam həmişə hörmət sahibi olur. Siz kriminal aləmi nəzərdə tutursuz?

- Bəli. Orda axırına çıxıblar nüfuzlu adamların.
- Biz özümüz özümüzün axırına çıxmasaq Allah dan başqa heç kim axırımıza çıxa bilməz. Bizim millətin problemi odur ki, bizə evdə xoruz, çöldə toyuq oluruq. Biz özümüz özümüzü yeyirik.

- Mütaliə edirsiz?
- Əfsuslar olsun ki, son zamanlar yox.

- Axırıncı dəfə nə oxumusuz?
- Mən Quran oxuyuram.