“Bizdə Belarusdan 3 dəfə artıq siyasi məbhus var”

bizde-belarusdan-3-defe-artiq-siyasi-mebhus-var
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına ictimai hərəkatın üzvləri, gənc cəbhəçilər Cabbara həsr olunmuş tədbirdə təbrik açıqcaları yazıb vicdan məhbusunun saxlandığı cəzaçəkmə müəssisəsinə göndərilməsini təşkil etdilər.

İlk öncə İnsan Haqları Uğrunda” İctimai Hərəkatının rəhbəri Eynulla Fətullayev çıxış etdi. O bilirdi ki, Cabbar Savalanlı günahsız yerə həbs olunub: “ Cabbar mətin, mübariz bir gəncdir. O qondarma ittihamla şərlənərək həbs olunub. Bildiyiniz kimi, Belarus prezidenti Lukaşenko siyasi məhbusları azad edəcəyinə söz verdi. Bu sevindiricidir. Ancaq bizdə çox təssüf ki, Belarusdan 3 dəfə artıq siyasi məbhus var. Mənm görürəm ki, bizdə yalnız ictimai fəallar siyasi məhbusların həbsdən azad olunmamasına etiraz edir. Biz hesab edirik ki, Cabbar qeyd-şərtsiz tezliklə azadlığa buraxılmalıdır”. E.Fətullayev qeyd etdi ki, sistemin bu cür mübariz gəncləri əzməsinə imkan verilməməlidir: “Arzu edirik ki, Cabbar təhsilini davam etdirsin. Onun səsi Avropanın məşhur universitetlərindən gəlsin. Biz onu azadlıqda görəcəyik. Mən özüm də uzun və mənalı həbs həyatı yaşamışam. Cabbar güclü və səmimidir, mərddir. Biz bu cür insanlara dəstək verməliyik. İmkan verməməliyik ki, sistem bunların üstünə getsin. Bizim dəstəyimiz bu cür gənclərə güc verir. Bütün dünya Cabbara dəstək verir”. Daha sonra gənc məhbusa 20 yaşı münasibəti ilə tort hədiyyə olundu.

Tədbirdə çıxış edən gənc məhbusun anası Təravət xanım hamıya təşəkkür etdi.

“Norveç İnsan Haqları” evinin rəhbəri Vüqar Qocayev C.Savalanı təbrik etdi.
AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı C.Savalanla tanışlıq tariindən danışdı: “ Biz Cabbarla ötən il tanış olduq. Sıralarımızda özünəməxsus yer tutdu. O həmişə bizimlə olub. Onun şəkli M.Ə.Rəsulzadə ilə bir yerdədir. M.Ə.Rəsulzadə də 17 yaşından başlayıb mübarizəyə. Cabbar da gənc yaşında mübarizəyə başlayıb. Bu gün Cabbar kimi gənclər onun yolunu davam etdirir. Cabbarı inanırıq ki, tezliklə azadlıqda görəcəyik. Onun kimi mərd gənclər bizə qoşulmaqdadır. Cabbar Azərbaycanın gələcəyində özünü görən gəncdir. O tarixi zərurəti dərk edərək mübarizəyə qoşulur”.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirdi ki, həbsxana kişilər üçündür: “ Eynulla həbsdən yazdığı məktubları oxuyanda güc alırdıq. İndi bu məktublar da Cabbara güc verəcək. Onu təbrik edirik, 21 yaşını azadlıqda keçirməsini arzulayırıq”.

C.Savalanın dayısı Təmkin bəy də gənc məhbusa dəstək verən hər kəsə təşəkkür etdi: “Bəzilərinin qohumları qorxur yaxınlarının siyasi məhbus olduğunu deməyə. Amma mən Cabbarla fəxr edirəm. Görünür, Cabbar kimi vətənini sevənlərə bu ölkədə yer yoxdur. Arzu edirəm dostları ailəsi ilə birgə 21 yaşını öz evində qeyd etsin”.

Vicdan məhbusunun vəkili Anar Qasımlı az öncə onunla görüşdüyünü söylədi: “ Cabbar salamlarını və təşəkkürünü çatdırdı: Səhhəti normaldır, əhvalı yaxşıdı. Həbsdə olan əqidə yoldaşlarına da məktub göndərib”.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 5-dən həbsdə olan gənc narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinib. İyulun 26-sı Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bu işdən Ali Məhkəməyə şikayət verilib.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Cabbar Savalanlının həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu iddia edir. “Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Gənc fəal Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.