“Bizə prezident icazə verir, polis yox!” - Qarpız satan

bize-prezident-icaze-verir-polis-yox-qarpiz-satan
Oxunma sayı: 647

Bakıdakı səyyar qarpız satışı nöqtələrinin sahiblərinə “bazar”larını bağlamaq tapşırığı verilib. Həmin satış nöqtələrindən birinin sahibi Rafət Şıxəliyev “Qafqazinfo”ya bildirib ki, əllərində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentindən satışa icazə verilməsi ilə bağlı sənəd olmasına baxmayaraq, Nəsimi rayon Polis İdarəsindən satışı dayandırmaq tapşırığı alıblar: “Nəsimi rayonu ərazisində bir neçə yerdə satış nöqtələrimiz var. Qanuni şəkildə bizə yer ayrılıb.
Rüsumumuzu da qabaqcadan ödəmişik. Bir neçə gündür ki, Nəsimi Rayonu Polis İdarəsinin, 19-cu polis bölməsinin əməkdaşları gəlib deyirlər ki, satışı dayandırmalısınız. Səbəbini də soruşanda deyirlər ki, rəisin tapşırığıdır”.

R Şıxəliyevin sözlərinə görə, üç tona yaxın qarpızları qalıb satış yerlərində ağzı bağlı, sata da bilmirlər: “Bilmirik nə edək?
Pulumuzu ödəyib, sənəd almışıq. Əlimizdə prezidentin mövsümü bostan məhsullarının səyyar satışı ilə bağlı Sərəncamı, ticarət Departamentinin icazəsi var. Bizə prezident icazə verir, amma polis yox! Binəqədi rayonunda da eyni hadisə ilə üzləşmişdik. Xəzər televiziyasından gəlib çəkiliş apardılar, ondan sonra icazə verdilər”.

Nigar Məmmədli