“Bizə sizin köməyiniz lazım deyil” – Müsahibə

bize-sizin-komeyiniz-lazim-deyil-musahibe
Oxunma sayı: 699


Rusiyanın populyar və çoxtirajlı nəşrlərindən biri, "Arqumentı i faktı" qəzetinin həftəlik versiyası olan "Arqumentı nedeli" qəzeti (570 000 tirajla çıxır) AXCP sədri Əli Kərimlidən geniş müsahibə alıb. Müsahibədə Avropa İnsan Haqları Məhkəməsinin Əli Kərimlinin xeyrinə çıxardığı qərar, eləcə də dünyada və regionda baş verən proseslər barədə danışılır. Müsahibəni təqdim edirik. Müsahibə qəzetin online səhifəsi "arqumentı.ru"dan götürlüb.


- Avropa Məhkəməsinin qərarını necə qarşıladınız?

- Əlbəttə, biz Mərkəzi Seçki Komissiyasının 2005-ci ildə bizi qanunsuz və əsassız olaraq deputat mandatından məhrum etməsini təsdiq edən bu qərardan razıyıq. Ancaq məsələn, ödənişin həcmi ilə razı deyiləm. Ümumi məbləğə alınmamış deputat maaşı, mənəvi zərər, məhkəmə xərcləri daxildir. Bütün bunlar məhkəmənin qərarına əsasən mənə verilməli olan 30 min avrodan xeyli çoxdur. Ancaq bizim haqlı olmağımızın etiraf edilməsi sevindirici haldır.

- Son vaxtlar dünyada bir sıra ölkələri silkələyən hadisələr baş verir. Onlar müxtəlif cür şərh edilir. Siz necə hesab edirsiniz, «Ərəb baharı», Liviya, Suriya, Rusiyada parlament seçkilərindən sonrakı siyasi böhran – bunlar bir zəncirin halqalarıdır?

- Şübhəsiz, bu, demokratikləşmə adlanan vahid qlobal prosesdir. Mən heç vaxt o fikri bölüşməmişəm ki, hansısa xalqlar demokratiya şəraitində yaşamağa layiqdir, hansılarsa yox, çünki onlar hələ buna hazır deyillər, yaxud onların ayrıca inkişaf yolu var. Demokratiya bütün insanlığa xas universal dəyərdi.

Hələ «Ərəb baharı»ndan xeyli əvvəl mən Latın Amerikası, İspaniya, Yunanıstan, Fillipinin demokratiya uğrunda dinc mübarizəsini diqqətlə tədqiq edirdim və belə qənaətə gəldim ki, bütün xalqlar nə vaxtsa mütləq demokratiya yolunu seçir və ona qeyri-zorakı yolla nail olmaq olar. Təəssüf ki, ərəb ölkələrində sərt diktatura idi və qan tökülməsindən qaçmaq mümkün olmadı. Ancaq Rusiyada vəziyyət xeyli fərqlidir. Burda da demokratiyaya doğru dəyişikliklər gedir, ancaq cəmiyyət daha çox dəyişikliklərə hazırdır, hakimiyyət isə görünür, yeni çağırışlara konstruktiv yanaşır. Ümid var ki, Rusiyadakı dəyişkiliklər zorakılıq və ciddi ictimai sarsıntılara gətirib çıxarmayacaq. Bizdə, Azərbaycanda da 2005-ci il seçkilərindən sonra böyük mitinqlər oldu, ancaq hakimiyyət tərəddüd etmədən müxalifətin susdurulması üçün bütün güc və vasitələrdən - qoşun, gözyaşardıcı qaz, suatanlar, rezin dəyənəklərdən istifadə etdi. Minlərlə insan döyüldü. Məni çox sevindirir ki, Rusiyada buna bənzər nəsə baş verməyib və İnşallah, baş verməz. Görünür, Rusiya elitası və hətta hakimiyyətin özü də anlayır ki, ölkəyə dəyişiklik lazımdır. Deməli, dinc prosesə ümid var. Tarix demokratiyaya qarşı nələrinsə qoyulması cəhdlərini çox görüb. Faşizm, kommunizm, hərbi diktatura. Ancaq heç vaxt alternativ yollar yaxşı nəyəsə gətirib çıxarmayıb. İndi artıq heç kim rəsmi səviyyədə demokratik dəyərələrə qarşı çıxmır. Lakin bəzi qeyd-şərtlərə əl atırlar. Demokratiyanın milli, suveren və digər variantları barədə daşımağa başlayıblar. Əlbəttə, hər ölkənin müəyyən özünəxas xüsusiyyətləri var. Ancaq demokratiyanın əlifbası var: seçkilər ədalətli olmalıdır, KİV azad olmalıdır, məhkəmələr müstəqil olmalıdır, hakimiyyətin qollara bölünməsi və azlıqların hüquqları təmin olunmalıdır. Bunsuz sadəcə olaraq, demokratiya ola bilməz.

- Demokratik dəyərlərdən və prosedurlardan kənara çıxmaq üçün həmişə bəhanə tapmaq olar. Məsələn, ölkənin parçalanmadan xilas edilməsi. Yaxud ölkəni zəiflədib onun təbii sərvətlərini ələ almaq istəyən xarici düşmənlərin hiylələrinə qarşı müqavimət. Güya, belə şəraitdə hakimiyyət demokratiyanı müəyyən qədər boğmağa məcburdu. Kimin üçünsə bu inandırıcı səslənir. Ən azı bizdə, Rusiyada.

- Belə izahlar yeni deyil. O cümlədən bizdə. Bir çox məsələləri bizim hakimiyyət indiyə qədər Ermənistanla faktiki müharibə şəraitində olması ilə izah edir və bildirir ki, bu səbəbdən özümüzə plüralizm və demokratik azadlıq imkanı verə bilmərik. Bu, orijinal deyil, bütün avtoritar rəhbərlər hakimiyyəti saxlamaq və rejimi sərtləşdirmək üçün xarici düşmən obrazından istifadə edir. Rusiyada indi vətəndaş cəmiyyəti oyanıb. Bir az əvvəl sizdə ciddi siyasi qüvvə kimi müxalifətin mövcudluğu etiarf olunmurdu. Əslində, müxalifət demək olar ki, görsənmirdi. Ancaq son mitinqlər göstərdi ki, Rusiyanın fəal siyasi həyatına kütləvi şəkildə nəinki ənənəvi müxalifət qüvvələri, hətta intellektual səviyyəsi çox yüksək olan, orta sinif adlanan tamamilə yeni adamlar qoşulub. Əlbəttə, hakimiyyətin bu prosesi hələ bir neçə illiyə təxirə salmağa, yaxud ləngitməyə gücü və imkanı var. Ancaq onda cəmiyyətin təzyiqi elə həddə çatacaq ki, ölkədə real inqilabi situasiya yarana bilər. Bu, kobud səhv olardı. Bizim gördüyümüz səbəb yox, nəticədir. İndi artıq Rusiya əhalisinin üçdə biri internet vasitəsilə rahat şəkildə informasiya əldə edə bilir. Hakimiyyətin informasiya üzərində inhisarı dağıdılıb. Bundan əlavə, Rusiya getdikcə daha çox dünya iqtisadiyyatına inteqrasiya olunur. Ölkəni artıq Qərblə sıx iqtisadi əlaqələr, texnologiya və investisiyalarsız qətiyyən təsəvvür etmək mümkün deyil. Onlarsız modernizasiya həyata keçirilə bilməz. Ancaq normal münasibətlərin inkişafı üçün hamı tərəfindən qəbul edilmiş qanun və normalarla yaşamaq, ümumi dəyərləri bölüşmək lazımdır. Ona görə mən əminəm ki, Rusiya islahatlar yolu ilə gedəcək. Bunu ölkənin maraqları diqtə edir.

Eyni zamanda böyük narahatçılıqla qeyd edirəm ki, sanki kimsə Rusiyanın yeni qızğın silahlanmasına təkan verir. Əgər Rusiya yenidən buna qarışsa böyük səhvə yol verəcək. Birincisi, bu, aşkar uduzulmuş yoldur. İkincisi, bunun üçün əbəs yerə xalqın real rifahı üçün xərclənə bilən böyük resurslar sərf ediləcək. Heç kim Rusiyanın təhdid edə bilməz. Heç kim onun təbii sərvətlərini əlindən almaq barədə düşünmür. Rusiya dünyaya yaxşı tərəfdaş kimi lazımdır. Rusiya nəhəng iqtisadi potensialı, təbii sərvətləri, insan resursları olan böyük ölkədir. Rus xalqı savadlı və istedadlıdır. Əgər Rusiya demokratiyanı seçsə, tezliklə dünyanı ən inkişaf etmiş və hörmətli ölkələrindən biri olacaq.

- İndi Azərbaycanda Rusiyaya münasibət necədir?

- Bizim rus xalqı ilə bağlı yaxşı xatirəmiz var. Biz rus tarixini, ədəbiyyatını, incəsənətini bilir və sevirik. Ümumiyyətlə, ruslara yaxşı yanaşırıq, Ancaq onu da yadda saxlamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında müharibənin fəal mərhələsində Rusiyadakı müəyyən siyasi dairələr Ermənistanın qələbəsi üçün çalışırdı. Bu onun üçün edilib ki, nəticədə Ermənistanın özü bu «qələbənin» əsirinə çevrilsin və Azərbaycan gələcəkdə ərazilərinin bir hissəsinin işğalı məsələsinin həll yollarını Rusiya vasitəsilə axtarsın. Bu, çox zərərli və son nəticədə faydasız siyasətdir. Bu, xalqlarımız arasında insani və mədəni səviyyədə gözəl münasibətlərə baxmayaraq, bir çox sadə azərbaycanlıları Rusiyadan uzaqlaşdırdı. Problemin həlli Rusiyanın və Azərbaycanın demokratikləşməsidir. Yeni adamlar və yeni yanaşmalar şübhəsiz ki, bütün bu problemləri həll edəcək. Rusiya bizim qonşumuzdur. Rusiya bizim dostumuz olub və olacaq.

- Bir daha «ərəb baharına» qayıdaq. Sizə elə gəlmir ki, Liviya ümumi kontekstdən xeyli kənarda qalır? Əgər Tunis və Misirdə bu ölkələrin vətəndaşları özləri öz talelərini həll edirdisə, Liviyada söhbət aşkar şəkildə xarici müdaxilədən gedirdi. Bu, bir çoxlarına nəsə bir «dünya gizlini», güya bütün bu xalq hərəkatlarını maliyyələşdirən və təşkil edən Dövlət Departamenti barədə danışmağa əsas verdi.

- Bizim dövlət təbliğatı da bütün bu prosesləri Qərbin müəyyən dairlərinin müdaxiləsi ilə izah edir. Onların izah edə bilmədiyi yeganə odur ki, Qərb real şəkildə həyatı ilə risk edən və şüurlu şəkildə güllənin üstünə gedən yüz minlərlə insanı küçələrə necə çıxara bilib? Bunu hansı pulla etmək olar? Suriyada artıq beş mindən artıq adam ölüb. Onların böyük əksəriyyəti real təhlükədən xəbəri olan, ancaq şüurlu şəkildə mitinqlərə çıxıb Əsəd rejiminin dəyişdirilməsini tələb edən dinc əhalidir. Siz demək istəyirsiniz ki, onlar bunu hansısa başqa ölkənin pulu ilə edirlər?! İnsan şüurlu şəkildə ancaq iki halda ölümə gedir. Ya vətən uğrunda, ya da öz şərəfi, azadlıq hüququ uğrunda. Liviyada ilk günlərdə Benqazidə tamamilə dinc nümayişlər keçirildi. Bəs Qəzzafi neylədi? O dərhal yerli qarnizona nümayişçilərə qarşı silah işlətmək əmri verdi. Ancaq ilk toqquşmadan sonra qarnizon nümayişçilərin tərəfinə keçdi. Beləcə Qəzzafinin tərəddüd etmədən öz xalqına qarşı tank və təyyarələrdən istifadə etdiyi vətəndaş müharibəsi başladı. Bütün dünya seçim qarşısında qaldı: tam adekvat olmayan tirana ölkəni dinc əhalinin qanına boyamağa imkan vermək, ya da yox. Və seçim edildi.

Yeri gəlmişkən, bu gün bir çoxları Suriyada qan tökülməsinin qarşısını almaq üçün heç bir konkret addım atmayan BMT-nin mövqeyindən narazıdır. Elə Rusiya kimi, rəsmi Azərbaycan da faktiki olaraq Bəşər Əsədi dəstəkləyir. Bunu anlamaq olar, ancaq bununla barışmaq çətindir. Nəyə görə Suriya xalqı sərbəst şəkildə öz hökumətini seçmək hüququna malik deyil? Nəyə görə Suriyada hazırki rejimi dəstəkləyənlər öz gələcəyini məhz Əsədlə assosiasiya edir?

Hər şeyin arxasında qəsd görəndə və hər şeyi konkret mənfəətlə qiymətləndirəndə ABŞ və ümumilikdə Qərbin Misirdə tamamilə Qərbyönlü, ABŞ və İsrailin sadiq dostu olan Mübarəkin devrilməsindən nə əldə etdiklərini anlamaq çətin olur. İndi orada hakimiyyətə yumşaq desək, Qərb təfəkküründən xeyli uzaq olan adamlar gəlir. Yaxud Liviyada, Qəzzafi ilə münasibətlər qurmaq daha asan idi, nəinki indiki rəhbərliklə. Bütün bunlar xalqın avtoritar rejimi devirmək səyi kimi izah oluna bilər. Bütün bu “ümumdünya sui-qəsd” nəzəriyyəsi soyuq müharibə dövrünün ritorikasından - hər şeyi xarici düşmənlərin hərəkəti ilə izah etməkdən başqa bir şey deyil.

- Bəs indi İranda nə baş verir? Siz yaxınsınız, bu ölkədəki situasiyanı daha yaxşı bilirsiniz. Elə təəssürat var ki, İran fəal və şüurlu şəkildə dünya birliyi ilə münaqişəyə gedir, baxmayaraq ki, bunun ilk növbədə özü üçün fəlakətli nəticələri ola bilər.

- Doğrusu, bizim üçün indi bu, əsas məsələdir. Ordan nə baş verir, əslində anlamaq çətindir. İran hakimiyətinin rəsmi mövqeyi, dünya birliyinin İrana hamımızın bildiyi iradları var. Hər yeni gün bizi yeni münaqişəyə yaxınlaşdırır. Bu bizi hamıdan çox narahat edir. Birincisi, İran, bizim müəyyən ümumi sərhəddimiz olan yaxın qonşumuzdur. İkincisi, orada on milyonlarla etnik azərbaycanlı yaşayır. Bizim çox güclü tarixi, mədəni və dini əlaqələrimiz var. Bir çox azərbaycanlılar İranda baş verənlərə laqeyd deyil. Təəssüf ki, bizdən az şey asılıdır. Yaxşı olardı, İran hakimiyyəti zavod və gizli obyektlərini açıb dünyaya göstərsin, sübut etsin ki, həqiqətən də nüvə silahı yaratmaq niyyəti yoxdur. Əgər elə deyilsə, onda dərk etməlidir ki, belə niyyət İranın maraqlarına ziddir. Çünki tamamilə aydındr ki, dünya İranın atom bombasına sahib olmasına imkan verməyəcək. İran xalqının xatirinə belə planlardan imtina etmək lazımdır. Üstəlik də İranda olan təkcə nüvə problemi deyil. Biz 2009-cu ildə İranda seçkilərin saxtalaşdırılmasının şahidi olmuşuq. Onda milyondan artıq insan kuçlərə etiraz mitinqlərinə çıxdı. Başqa tərəfdən İran çoxmillətli ölkədir. İndiki rejim onlar üçün bərabər imkanlar yaratmır. Ona görə də bir çoxları, o cümlədən azərbaycanlılar bərabər hüquq və azadlıqlar tələb edir. Bu da çox ciddi problemdir.

- Bizdə daima müxalifətin Dövlət Departamentinin və Qərbin hesabına dolanması ilə bağlı söhbətlər açılarkən ümumilikdə belə təəssürat yaranır ki, Qərb demokratik dəyərlərin müdafiəsindən çox keçmiş SSRİ respublikalarında stabilliyin olmamasında maraqlıdır. Siz xaricdən həmrəylik və dəstək hiss edirsiniz, yoxsa «suda boğulanın xilası onun öz əlindədir»?

- 2003-cü ildə bizdə kifayət qədər güclü müxalifət var idi. Biz seçkilərdə uğur və qələbəyə tam ümid edirdik. Ancaq o zaman, qəribə olsa da, Azərbaycanda marağı olan dünya liderləri (ABŞ, Rusiya, Türkiyə, Fransa) İlham Əliyevi dəstəklədilər. Ancaq onların dəstəyi ilə hakimiyyət irsən atasından ona keçə bilərdi. 2005-ci ildə bizim müxalifət bloku parlament seçkilərində inamlı qələbə qazandı. Ancaq seçkilər tamimilə saxtalaşdırıldı. Əvvəl Avropa Şurasının Parlament Assambleyası bizi dəstəklədi, dörd gün bu məsələ AŞ PA-da müzakirə olundu, ancaq sonda biz məğlub olduq. Onda hətta AŞ PA rəhbəri dedi ki, neft dollarları Avropa Şurasına yol tapdı. Qərb «stabilliyin» xatirinə tez-tez insan haqlarının pozulmasına, seçkilərin saxtalaşdırılmasına göz yumur. Bu mənim bəzi dostlarımı hiddətləndirir. Ancaq kim deyir ki, Qərbdə bütün rəhbərlər idealistdi? Siyasətçilər ilk növbədə praqmatikdirlər. Onlar üçün birinci yerdə öz dövlətlərinin maraqları dayanır. Ondan sonra ümumbəşəri dəyərlər, başqa ölkələrdə demokratiya və sair. Ancaq Qərb cəmiyyətləri azaddır, orada kifayət qədər idealist də var.

Başqa ölkələrdən əhəmiyyətli dəstək gözləmək səhv olardı. Biz heç gözləmirik də. Biz açıq şəkildə deyirik: bizə öz prinsiplərimizlə yaşayıb, öz dəyərlərimizi qorumaq vacibdir. Bizə sizin köməyiniz lazım deyil. Ancaq əgər haradasa saxtalaşdırma baş verirsə, deməyin ki, seçkilər düzgün və ədalətli keçirilib. Yalan danışmayın, bu, bizə kifayət edir. Yəqin artıq çoxdandır xaricdən dəstəklə bağlı illüziyalarımızın olmaması yaxşılığa doğrudur. Evimizdə demokratiya qurmaq ancaq bizim işimizdir. Bizdən başqa heç kim bunu etməyəcək.

- Sizin daxili duyğularınıza görə, bizim mürəkkəb və həyacanlı dünyamızdan nəyin qoxusu gəlir? Bahar və qızıl gül, yoxsa kükürd və barıt iyi?

- Hələlik bir şey aydındır: bu il çox çətin olacaq. Həm Azərbaycan, həm də Rusiya üçün. Ümid var ki, mütərəqqi tendensiyalar, vətəndaş fəallığı artacaq və hansısa nəticə əldə edə biləcək. Eyni zamanda ehtiyatlanma da var. Ancaq gəlin, yenə də nikbin olaq və gələcəyə ümidlə baxaq. Ümid edək ki, dünyanı idarə edən adamların barıtsız keçinmək üçün ağlı və məsuliyyəti kifayət edəcək.

azadliq.info