Bizi aparata satan Space

bizi-aparata-satan-space
Oxunma sayı: 863

Televiziyanın əzəldən 3 missiyası olub, camaatı yeniliklərdən xəbərdar etmək (informasiya vermək), maarifləndirmək (təbliğat işi) və əyləndirmək.

Bizim kanallar sonuncunu əlində bayraq edib, hamını əyləndirmək üçün yarışa girib. Səhər, günorta yemək haqqında dərslər (mətbəx proqramları), axşama doğru havayı yeməyə yer axtaran işsizlərin təqdimatı (guya ailə qurmaq sevdasında olanlar), axşamda (bəzən günün bir neçə saatında) bolluca serial.

Space-in efirində bir veriliş peyda olub. Soruşan olacaq onu da Mikayıl aparır. Ötən günlərin birində iki gəncin söhbətinin şahidi oldum. Biri o birinə dedi: “Mayklın kanalına təzə qızlar (aparıcılar) gəlib”. Məlumatıma görə, bizdə tv rəhbərlərindən bu adda olanı yoxdur. Elə gənclərdən o birisi də ürəyimdən keçənı söruşdu: “Maykl kimdi, ale”. “Aaaa Mikayıl da Space-dəki”. Qınalınası vəziyyət deyil. Gənc neyləsin son vaxtlar Space-də demək olar ki, verlişlərin çoxunu Mikayıl təqdim edir. Bu insana yerli toybiznesinin şərik tamadası desək daha düz olar . O, yeni veriliş adıyla bizə eyni sifətləri yenidən sırıyır, onların səviyyəsiz söhbətlərini vacib tarixi hadisə kimi təqdim edir. Özünün “olduğu kimi”.

Hə axı yeni peyda olan verilişdən söz açacağdım. “Yalan doğru”. Əslində bu veriliş adı, mənə bir vaxtlar BDU-nun sevimli müəllimələrindən olan mərhum filoloq Zinyət Əlizadənin mühazirə zamanı oksimaron (əsk mənalı sözlərdən əmələ gələn şərik ifadə, bədii təzad, misalçün, şirin duz..) ifadələrinin axtarışını xatırlatdı. Bizim qrup uzun müddət baş sındıraraq hər yerdə oksimaron axtarırdı.
“Yalan dogru” verilişində üzünü görməkdən bezdiyimiz qışqıran, özünü açıb tökən, sevgilisi olmaya–olmaya sevgidən dəm vuran, özünü şişirtmə üzrə usta edən şəxslərin yalan doğruları sübuta yetirilir. Özü də bu studiyada quraşdırılan xüsusi aparatla - yalan dedektoru ilə həyata keçırılır. İlk vaxtlar verilişin anonslarına baxanda mənə elə gəldi ki, efirdə camaata qoşulan bu aparat onların saglamlıqlarının vəziyyətini öyrənəcək. Sonradan başa düşdüm ki, bu Space-in çevir tatı - vur tatı tele proyektlərinin növbətisidi. Veriliş ərzində verilən suallara cavabın dögruluğunu bu aparatla yoxlamaqla bu kanal bizə nə demək istəyir. Sifətlərinin qanı getmiş bu kəslərin nə zaman yalan, və ya dögru deməklərini bu vaxta qədər guya biz çözməmışikmi? Ya da bu insanların səmimiyyət dozasına bələd deyilikmi? Bizim ağlımız kimə necə qiymət vermək kimi işdə bu qədərmi acizdi? Biz maskalanmış üzlərin yalan doğruluğunu yalnız o cansız kompyuterin köməyi iləmi sübuta yetirməliyik? Kimə lazimdı Hüseyin Dəryanın kimdən zəhləsi getməyi, N.Qaraçuxurlunun kimi sevdiyi ya kimlə barışdığının doğruluğu?

Bu öz dili ilə ifşasına yönəlmiş bir proyekdir ki, bu da ki yersiz alqışlanır. Əgər bu insanların yalançi və ya dürüst olması eksprom yoxlansaydı, bu bir az tamaşaçıda maraq yaradardı. Kim inanar ki, bu yalan, doğrular kanalın montaj süzgəcindən keçəndə qonağa sərf edilən kimi saxlanılmayıb.

Maraqlı bir məqam da var. Əgər belə bir aparat özünü bu qədər doğruldursa, elə bunu aparıb qoysunlar cinayətdə şüphəli bilinən şəxslərin qarşısında, birdəfəlik bilsinlər ki bu şəxs düzünü deyir yoxsa yalanını. Ya da efirə dəvət olunan dövlət məmurlarına bu prosedur edilsin, bilək ğörək bu məmuru söyməyə dəyər, yoxsa yox. Edə bilərsizmi bunu hörmətli Space?

Biz onsuzda özümüzə yalan doğrularımızdan ibarət bir həyat qurmuşuq. Məsəlçün, korrupsiya ilə mübarizə aparılır deyilir, amma hələ də sadə iynə belə vura bilməyən “həkimlər” “sehirli kagızlar”la işə götürülür, qadın poleklinikasının girişində hər xidmət pulsuzdur şüarı yazılıb, pul verməyənin qan analizinə baxılmadan zibil qutusuna atılır, marşrutda gediş qiyməti 20 qəpikdir deyirlər, sürücü 30 qəpik vermiyənin bütün nəslini söyür, məktəbdə pul yığılmayacaq andını verirlər, amma məktəblərdə süpürgə adıyla yığılan pula artıq “bir anbar süpürgə” aliblar...

Diqqət! Yenə Space-də “Yalan Dogru” gedir. Qonağıda ki, Rəqsanə. Mən dedim: “ Heyif o efir vaxtından...” Bir nəfərsə qışqırdı:“Onu tanımayana lənət..”