Bizi kim, niyə və necə öldürür?

bizi-kim-niye-ve-nece-oldurur
Oxunma sayı: 647

Yazıçılar Birliyinin sayəsində Azərbaycanda kitab təqdimatı çox bayağılaşıb, düşükləşib. Beş-on mənasız, ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan, dostumuz Elmir Mirzoyevin təbirincə desək, aqrar təfəkkürlü adam yığışır AYB-nin Natəvan klubuna, ümumi, ürəkbulandırıcı, standart, şablon sözlərlə müəllifi tərifləyir, sonra da yığışıb gedirlər hansısa restorana, dana basdırmasından, Xan kababından yeyə-yeyə «Ədəbiyyat necə olmalıdır?» sualı ətrafında gövşəyirlər.

Əslində bu bədbəxtlərin xəbəri yoxdur ki, ədəbiyyat məhz onların arzuladığı, görmək istədiyi kimi olmamalıdır, hər şey bu qədər bəsitdir.
Əli Əkbərin yeni romanının təqdimatı isə sözün həqiqi mənasında bir ilk idi. Satış və müəllifin imzalamasının eyni ortamda gerçəkləşdiyi təqdimat mərasimə gənclər damğasını vurdular. Onların ən çox toplaşdığı məkanlardan birində – «HİSS klub»da baş tutan mərasimin ruhunu azadlıq , azadlıq, yenə də azadlıq təşkil edirdi. Məncə, «Sarı gəlin» öz missiyasını təqdimat mərasimində də davam etdirdi. Roman əslində kitabın özündə yox, bu tədbirdə başa çatdı, məncə.

Bu romanda indiki Azərbaycan cəmiyyətinin düçar olduğu xəstəliklərin, bəlaların diaqnozu çox dəqiq verilib. Mən hamıya ən qısa zamanda «Sarı gəlin»i oxumağı məsləhət görürəm. Siz onu «Akademiya» kitab mağazasından əldə edə bilərsiniz. Müəllif kitabın titul vərəqində onu oxumağı ürəyi və əsəbi zəif olanlara, hamilə qadınlara, «ana-bacı» söhbətindən ötrü sinov gedənlərə oxumağa məsləhət görmür. Bəziləri bu məsləhəti qeyri-ciddi qəbul edə bilər. Amma doğrudan da roman belələrinipn «yem»i deyil. Hazırlıqsız oxucu «Sarı gəlin»ə daraşıb sonra müəllifin baş-beynini xarab edəcəyinə getsin Az.TV-yə baxsın.

«Sarı gəlin»in təqdimat mərasiminə bu günlərdə qətlə yetirilən Rafiq Tağının ruhuna sayğı hakim idi. Çıxışların, iştirakçılar arasında ikili, üçlü söhbətlərin əsas mövzusunu da Rafiq bəyə xain, şərəfsiz saldırı təşkil edirdi, Bu tədbirin bir önəmi də onda oldu ki, Rafiq Tağını qətlə yetirməklə bizi ümidsizliyə, depressiyaya, qorxuya salmaq istəyənlərin xəyallarını alt-üst etdik. Rafiq Tağını qətlə yetirməklə bizi təslimiyyətə, ruh düşkünlüyünə, çarəsizliyə məcbur etmək istəyənlərin arzusunu gözündə qoyduq. Göstərdik ki, yıxılmamışıq, ayaqdayıq. Göstərdik ki, heç bir namussuzluq, terror bizi yazmağa davam etməkdən, bildiyimiz həqiqətləri söyləməkdən və yazmaqdan vaz keçirə bilməz.

Əli Əkbərin romanı onun özünün və başqa bir dostumuzun, istedadlı yazıçımız Seymur Baycanın qətli ilə başa çatır. Buna yaşadığımız indiki çətin, kədərli günlərdə nə ad istəsəniz verə bilərsiniz - yazıçı uzaqgörənliyi, yazıçı intuisiyası, yazıçı müdrikliyi, mistika və yaxud təsadüf. Amma ən vacibi odur ki, Əli Əkbər əslində romanında bizi kimlərin, niyə və necə öldürdüyünü göstərib. Rafiq Tağının qətlinin istintaqı onun öldürülməsinin gerçək səbəblərini ortaya çıxaracaq, ya yox – bilmirəm. Şəxsi fikrimi soruşsanız – mənim buna zərrəcə ümidim yoxdur.

Amma bu faktdır ki, Azərbaycanda fikir adamlarının, söz, qələm adamlarının artıq tədricən adiləşən ölümlərinin dərin mənəvi, psixoloji, siyasi və ictimai səbəbləri «Sarı gəlin» romanında bütün yanları ilə dəqiq, aydın izah olunub.

«Sarı gəlin» tərbiyəli yox, əxlaqlı oxucunun kitabıdır. Bu roman məhəllə və məişət təfəkkürü ilə yaşayanlara məkruhdur. Bu roman bütün varlığı ilə ictimailəşmiş, məsələlərə bəsit deyil, geniş, taleyüklü baxmağı bacaranların kitabıdır. Azərbaycanı əzmək, sümürmək üçün hansı mentallaşmış və metallaşmış dəyərlərin, klişelərin arxasında gizlənildiyinin ifşasıdır bu roman. Başqa Azərbaycan, fərqli Azərbaycan görmək istəyənlərin başına gətirilən faciələrin məcmusudur bu roman.

Yazının sərlöhvəsi şərtidir. Əgər doğrudan da bizi kimlərin, niyə və necə öldürdüyünə bilmək istəyənlər, bu suallara cavab tapmaq istəyənlər varsa, «Sarı gəlin»i diqqətlə oxusun. Oradakı açıq-saçıq səhnələrə, ifadələrə qapılmadan, soyuq başla, dərin ağılla, ağrıyan ürəklə və sızlayan vicdanla oxusun. Müəllifə münasibətini bir kənara qoyaraq oxusun. Reallıqlara söykənərək oxusun, vətəndaş yanğısı ilə oxusun.