Bizim liderimiz kimdir?

bizim-liderimiz-kimdir
Oxunma sayı: 654

Nefçinin Partizanla oyununa baxıb futbol və ədəbiyyat haqqında xeyli düşündüm. Düşündüm ki, əslində ədəbiyayta ən yaxın idman növü futboldur. Ona görə də Azərbaycanın futbolu və ədəbiyyatını öz-özlüyümdə müqayisə etdim.

Bir müəllifin Azərbaycan millisi ilə bağlı fikri məni çox maraqlandırmışdı. Bəlkə də həmin ifadəni Azərbaycan ədəbiyyatına da şamil etmək olar. Sadəcə olaraq ordakı bəzi sözləri dəyişmək kifayətdir ki, oxşar bir vəziyyətin yarandığını görmək mümkün olsun.

Həmin ifadə bu cür idi: “Azərbaycan millisi futbol oynamır, adamın əsəbləri ilə oynayır”. İndi bu ifadəni bu şəkildə dəyişək: “Azərbaycan ədəbiyyatı ədəbiyyat yaratmır, adamın əsəblərini açır”.

Azərbaycan millisi, klubları nəyə görə Dünya Çempionatında iştirak edə bilmir?

Bu sualı eşitməkdən və ünvanlamaqdan artıq camaatda hey qalmayıb. Ancaq mən bunu bilirəm.

Milli ruh, əzm – bunlar yoxdusa, öldür heç vaxt Dünya Çempionatının qapısından içəri buraxmazlar.
Azərbaycan ədəbiyyatı nəyə görə Dünya ədəbiyyatına çıxa bilmir?
Bu sual da mətbuatda dolaşmaqdan artıq bezib, usanıb. Ancaq bunun da səbəbi var.
Azərbaycan ədəbiyyatı ən yaxşı yazıçısını heç yerdə tanıtmırsa, onu hansısa bir qrafomandan üstün tutursa əlbəttə, bu belə olacaq.
Bir şeyi unutmayaq ki, bizim ədəbiyyat dünyada az-çox tanınır, lakin yanlış yöndə tanınır.
Dünya ictimaiyyəti bizim mədəniyyətimiz, yazıçılarımız haqqında səhv düşüncəyə sahibdirlər.

Bu səhv düşüncəni, yanlışlığı reallaşdıran, gerçəkləşdirən elə həmin qrafoman, istedadsız, milli düşüncəyə yad insanlardır. Bax bu səbəbdən Azərbaycan dünya ədəbiyyatına çıxa bilmir və yaxud yaxşı yöndə tanınmır.

Mən həmişə belə düşünmüşəm ki, futbol maraqlıdırsa, demək yaxşı oyunçular da var.
Yox, futbol maraqsızdırsa, onda yaxşı oyunçular qəhətə çıxıb.
Məsələn, Maradona kimi lider olmasa Argentina millisi, Pele olmasa Braziliya yığması ola bilməzdi və maraqlı futbollar da yaranmazdı.
Qabriel Qarsiya Markes olmasa Kolumbiya, Murakami, Yasunari Kavabata olmasa Yaponiya, Orhan Pamuk, Fakir Baykur, Yaşar Kamal olmasa Türkiyə, Çingiz Aytmatov olmasa Qırğızıstan ədəbiyyatından danışmağa dəyməzdi. Ən azından onlar ədəbiyyatda yaxşı oyunçulardır və Pele, Maradona, Van Basten kimi onlar da tarixdə iz qoyub getdilər.

Futbolçular oynadıqları oyunlara görə, yazıçılar, şairlər isə qoyduqları əsərlərlə tarix qarşısında cavabdeh olmalıdırlar. Bunun başqa yolu yoxdur.

Hay-küy, özünü gözə soxma – nə futbolda, nə də ədəbiyyatda keçərli deyil.

Bizim futbolumuza və ədəbiyyatımıza lider lazımdır ki, hər iki tərəf oyunu apara bilsin…