Bomju qurban vermək olarmı? - “Qarabağ silsiləsi”ndən

bomju-qurban-vermek-olarmi-qarabag-silsilesinden
Oxunma sayı: 1240

Azər Qaraçənli

Bomju qurban vermək olarmı?

Gözünüzün qabağına bir bomj gətirin. Qocadı, ailəsi, qohum-əqrəbası yoxdu, ağacların altında, skamyaların üstündə gecələyir, bütün günü zibillikdə eşələnir, araq içir, siqaret çəkir, səkilərdə oturub gəlib-gedəni anlaqsız vəziyyətdə seyr eləyir. Adamlar ondan gen gəzir, çünki cındırından cin ürkür, iyi başa vurur. Heç vaxt heç kimə bir yaxşılığı dəyməyib, əl tutmayıb, kömək eləməyib, cavanlığında da belə olub, qocalığında da belədi, az qala varlığıyla yoxluğu bilinməyən bir adamdı.
İndi gözünüzün qabağına belə bir fantastik situasiya gətirin ki, Qarabağın işğaldan azad olunması bu adamın həyatından, daha doğrusu, sizin bu adamın həyatıyla bağlı verəcəyiniz qərarınızdan asılıdı. Siz bu adamın ölümünə razılıq verən kimi Qarabağ işğaldan azad olacaq. Sizin eləcə onun ölümünə razılıq verməyiniz, bircə kəlmə “hə” deməyiniz bəs eləyir, o, bir göz qırpımında, ağrısız-filansız keçinəcək və elə həmin dəqiqədə, bir göz qırpımında Qarabağ müharibəsiz-filansız, qan-qadasız, ağrı-acısız işğaldan azad olacaq.
İxtiyarınızda belə bir imkan olsa, bomjun ölümünə razılıq verərsizmi? Bir daha gözünüzün qabağına gətirin: siz “hə” deyirsiz, bomj ölür, Qarabağ işğaldan azad olur. Və əksinə – “yox” deyirsiz, bomj yenə səkinin qırağında çömbəlib gəlib-gedənə key-key baxır, Qarabağın da azad olunması yenə sonraya qalır. Hansına razılaşarsız?
Sual oluna bilər ki, niyə bomj və niyə Qarabağ? Ona görə ki, məqsədimiz insanın dəyərini müəyyənləşdirməkdi və bundan ötrü biz ən yüksək dəyərimizi onunla toqquşdururuq – Qarabağın işğaldan azad olunmasını. Yəni insanın dəyərini müəyyənləşdirmək üçün bilərəkdən ən aşağı vəziyyətdə olan, tüfeyli, heç kimə xeyiri keçməyən, ömrünün çoxunu yaşamış adamı götürürük. Bu gün ən yüksək dəyəri Qarabağın işğaldan azad olunmasına verdiyimizə görə həmin insanı – bomju Qarabağla sınağa çəkirik.
Bizim sualımız Qarabağın işğaldan azad olunmasına dəyər verməyən insana verilə bilməz. Bizim sualımız Qarabağın işğaldan azad olunmasına orta həddə dəyər verən insana da verilə bilməz. Bizim sual Qarabağın işğaldan azad olunmasına yalnız həddindən artıq yüksək dəyər verən insana verilməlidi. Çünki yalnız bu cür adama “Bomju Qarabağa qurban vermək olarmı” kimi sualı verməklə onun insana nə qiymət verdiyini müəyyənləşdirmək olar.
Bu sualın məqsədi Qarabağın işğaldan azad olmasının dəyərini müəyyənləşdirmək deyil, insanın dəyərini müəyyənləşdirməkdi. Ona görə də Qarabağ burda əvvəlcədən yüksək dəyər kimi götürülür. Yəni onun dəyəri burda aksiomdu. Bu, “Qarabağı bomja qurban vermək olarmı” sualı deyil, “Bomju Qarabağa qurban vermək olarmı” sualıdı. Əgər biz Qarabağın dəyərini sınağa çəkmək istəsəydik, sualı ən azı belə qoyardıq: “Qarabağı 9 milyon adama qurban vermək olarmı?”
“Bomju Qarabağa qurban vermək olarmı” sualı Qarabağın işğaldan azad olunmasına ən yüksək dəyər verən insanın sualıdı. Amma o, insana da belə dəyər verirmi?
Bomju Qarabağa qurban vermək olarmı? “Hə”, yoxsa “yox”? Hansını seçirsiz?
Hər iki variantda adam o qədər sual qarşısında qalır ki, bu sualları hətta ümumiləşdirəndə də tam əhatə eləyib bir yerə yığmaq olmur. Hər iki variantda nə qədər sual versən də bir o qədər ondan artıq sual yaranır və nə qədər cavab versən də bir o qədər ona zidd cavab çıxır.
İnsanı qurban vermək olarmı?
Birinin xoşbəxtliyi başqasının bədbəxtliyi üstündə qurula bilərmi?
Başqasının bədbəxtliyi hesabına qurulan xoşbəxtlik ləyaqətli, dayanıqlı, etibarlı xoşbəxtlik ola bilərmi?
İnsanın insanı öldürməyə haqqı çatırmı?
İnsanın heç kimi öldürməyə hazırlaşmayan, heç kimə mane olmayan, heç bir təhlükə törətməyən insanı öldürməyə haqqı çatırmı?
Qarabağın təkcə işğal olunması yox, işğal altında qalması da insanların həyatını zəhərləyir, neçə-neçə adamı məhv eləyir, üstəlik, sabah müharibə başlasa yenə kütləvi qırğınlar olacaq, bütün bunlar bir bomju qurban verməyə əsas yaradırmı?
Adamlar onsuz da bədbəxt olurlarsa, onların xoşbəxtliyi naminə onlardan birini qurban vermək olarmı?
Hansı peyğəmbər o bomju Qarabağa qurban verərdi?
Hansı sərkərdə o bomju Qarabağa qurban verməzdi?
Bu suala Nizaminin, Nəsiminin, Füzulinin cavabı nə olardı?
Bəs Mirzə Fətəlinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Mirzə Cəlilin, Üzeyir bəyin, Cavid əfəndinin cavabı?
Bəs Babək, Şah İsmayıl, Cavad xan, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani, Məmmədəmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri bu suala nə cür cavab verərdi?
Bəs sən bu suala nə cavab verirsən? Mən, o, biz bu suala nə cavab veririk? Bizim bu suala cavabımız varmı? Prinsipimiz, meyarımız nədi? Bizim aramızda o bomjdan üstün olan varmı? Varsa kimdi, biz onun bomjdan üstün olduğunu hardan bilirik? İnsanlar bərabərdisə və hamının yaşamağa haqqı çatırsa, onda birinin o birinə qurban verilməsi nə deməkdi? Birini o birinə qurban verən adamın qazandığı nədi, itirdiyi nədi? O bomjun Qarabağa qurban getməkdən imtina eləməyə haqqı çatırmı? Çatırsa niyə, çatmırsa niyə? Çatırsa dünyadakı problemlər necə həll olsun? Çatmırsa dünyadakı problemlər niyə həll olsun?
Əgər bir nəfər qurban verilə bilərsə, onda hamı bir nəfər kimi qurban verilə bilərmi? Bir nəfər qurban verilə bilərsə, onda bu o demək deyilmi ki, hamı qurban verilə bilər? Əgər hamı qurban verilə bilərsə, onda bu o demək deyilmi ki, heç kimin dəyəri yoxdu? Hamının dəyəri varsa, onda bir nəfər nə cür qurban verilə bilər? Heç kimin dəyəri yoxdusa, onda qurban niyə verilməlidi?
Və nəhayət, bomjun Qarabağa qurban verilməsinə Tanrı nə cür baxa bilər? Bomju Qarabağa qurban verənə Tanrının münasibəti nə cür ola bilər? Ədalət nə deyir? Mərhəmət nə deyir? Vicdan nə deyir? “Tövrat” nə deyir, “İncil” nə deyir, “Quran” nə deyir? Uşaq nə deyir? Böyük nə deyir? Ağıllı nə deyir, dəli nə deyir? Qarabağda əsir düşən qız nə deyir? Xocalıda süngüyə keçirilmiş körpə nə deyir? Övladı cəbhə xəttində əsgərlikdə olan ana nə deyir? Bəs o bomju doğan ana nə deyir? Bəs o bomju yaradan Allah nə deyir?
Bomju Qarabağa qurban vermək olarmı?
Bu suala cavabı olmayan adamın prinsipi varmı? Cavabı olan adamın necə? Bu, təzə sualdımı? Hansı dahinin yaradıcılığında bu cür sualla rastlaşmaq mümkün deyil? Bu “bomj sualı” eynilə Russonun, Balzakın, Dostoyevskinin qoyduğu sual deyilmi?
Şəhidlər və qazilər! İtkinlər və əsirlər! Qaçqınlar və köçkünlər! Atalar və oğullar! Analar və bacılar! Döyüşənlər və döyüşməyənlər! Ön cəbhədə və arxa cəbhədə olanlar! Dünyaya gələnlər və dünyadan gedənlər! Keçmişdəkilər, indiki və gələcək nəsillər! Mən bomjun yaşamasına səs verirəm, nə deyirsiz? “Yaşasın bomj” demirəm, “bomj yaşasın” deyirəm. Qışqıra-qışqıra demirəm, pıçıltıyla deyirəm. Sevincək demirəm, kədərlə deyirəm. Birdən-birə demirəm, fikirləşib deyirəm. Döşümə döyüb demirəm, başıma döyüb deyirəm. Sizə baxıb demirəm, özümə baxıb demirəm, bomja baxıb deyirəm. Allaha baxıb deyirəm!