“Borc almamışıq”

<b>“Borc almamışıq” </b>
Oxunma sayı: 332

“Ölkəmizdə gedən geniş quruculuq, abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülüb”. Bunu prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın enerji potensialı xeyli dərəcədə artıb və indi nəinki özümüzü təmin edir, eyni zamanda, elektrik enerjisini ixrac edir: “Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan “Cənub” elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcək. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq”.

“Həm Bakıda, həm bölgələrdə müasir standartlara cavab verən yeni su xətləri insanların sağlamlığına da böyük dəstək olacaqdır. Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır”, - deyən prezidentin sözlərinə görə, Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilib və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılıb: “Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə 24 saat fasiləsiz su verilsin. Bu gün başladığımız layihə bu bölgənin su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaq. Bu yeni imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Nəzərə alsaq ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıbdır, 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir, bu layihələrin nə qədər böyük əhəmiyyəti olduğunu görmək mümkündür”. Dövlət başçısı deyib ki, əhalinin artımı nəzərə alınmaqla suyun verilmə həcmi 2035-ci ilə hesablanıb. Yeni xətlərin çəkilməsi, yeni texniki tədbirlərin görülməsi nəticəsində 2035-ci ildən sonra da bütün bu bölgələr su ilə təmin ediləcək.

İlham Əliyev məlumat verib ki, Azərbaycanın valyuta ehtiyatları artır, maddi imkanları genişlənir: “Mən çox şadam ki, Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyəti yerli şirkətlərdir. Hələ bir neçə il bundan əvvəl biz daha çox xarici şirkətlərə müraciət edirdik. Onların dəstəyinə ehtiyac var idi. Ancaq yeni kadrların hazırlanması, bu sahədə dövlət siyasətinin aparılması nəticəsində yeni şirkətlər, yəni Azərbaycan şirkətləri artıq bu işləri görür. Bunun çox böyük mənası var. Çünki birincisi, iş yerləri yaradılır, ikincisi, yerli şirkətlər böyüyür, daha çox vəsait əldə edir, vergilər ödəyir. Dövlət xətti ilə icra edilən layihələrə Azərbaycan şirkətlərinin cəlb edilməsi bu prosesi daha da stimullaşdırır. Dövlət tərəfindən özəl sektora göstərilən dəstək, eyni zamanda, maddi dəstək, yerli şirkətlərin Azərbaycanda icra edilən layihələrə cəlb edilməsi prosesi bütün bu yeni reallıqları təmin edir. Yəni, bizim texniki imkanlarımız, peşəkar kadrlarımız var. Dövlət şirkətlərində yeni, müasir standartlara keçid mərhələsi də çox uğurla gedir. Çünki bu da çox vacibdir. Bizim şirkətlərimiz, xüsusilə dövlət şirkətlərimiz dünya standartlarına cavab verməlidir”.

“Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir - bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməyib, əksinə onları artırıb”, - İlham Əliyev əlavə edib.

Azərbaycan prezidenti xatırladıb ki, indi Avropada hökm sürən və hələ sonu çatmayan iqtisadi və maliyyə böhranı davam edir: “Bu böhranın ikinci dalğası başlanıb. Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər - sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Bu böhranlı illərdə biz sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlamışıq. Yəni, bu, böyük layihədir, böyük iqtisadi və maliyyə resursları tələb edən layihədir. Bu böhranlı illərdə infrastruktur layihələrinə daha da böyük diqqət göstərilir. Dövlət büdcəsinin xərcləri daha da artırılır. Bizim ümumi xərclərimiz artır. Yəni, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. İndiki reallıqlarımızın başlıca səbəbi odur ki, biz öz hesabımıza yaşamışıq, borc almamışıq. Bizim dövlət borcumuz ümumi daxili məhsulda cəmi yeddi faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, hətta 100 faizi də keçir, 80 faiz olan yerlərdə hesab olunur ki, orada dövlət borcu yaxşı səviyyədədir. Bizdə isə yeddi faizdir. Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır - ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında. Ona görə biz özümüzü tam əmin və rahat hiss edirik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi