Borcu olanlar ölkədən çıxa bilməyəcək

borcu-olanlar-olkeden-cixa-bilmeyecek
Oxunma sayı: 693

Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Respublikasının "İcra haqqında" 27 dekabr 2001-ci il tarixli Qanununa 18 iyun 2010-cu il tarixdə edilmiş əlavə və dəyişikliyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu vergi ödəyiciləri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti tərəfindən sözügedən Qanunun tələblərinin icrası ilə əlaqədar müsadirə borcu olan 50 fiziki şəxsin ölkədən getmək hüququ müvafiq qaydada məhdudlaşdırılması istiqamətində tədbirlər görülməkdədir. Müsadirə borcu olan 10 əcnəbi vətəndaşın və 40 Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı 17 avqust 2011-ci il tarixindən etibarən Vergilər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq şöbələrinə müraciətlər edilib.

Həmin müraciətlər əsasında icra məmurları tərəfindən məhkəmələrə artıq 8 fiziki şəxs üzrə əsaslandırılmış təqdimatlar verilib. Hazırda verilmiş təqdimatlar əsasında məhkəmə Qərardadı ilə bir Türkiyə Respublikası vətəndaşının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Eyni zamanda Departament tərəfindən 6 fiziki şəxs, o cümlədən 3 əcnəbi vətəndaş və 3 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat barədə borcluya məlumat verildikdən sonra həmin şəxslər tərəfindən müvafiq müsadirə məbləğləri dövlət büdcəsinə ödənilib.

Vergilər Nazirliyi bütün vergi ödəyicilərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklərini tam və vaxtında icra etməyə çağırır və bildirir ki, dövlət büdcəsi qarşısında öz vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyicilərinə qarşı qanunamüvafiq tədbirləri bundan sonra da davam etdirəcək.

Nigar Məmmədli