“Bu ağır nəticələrə gətirib çıxaracaq” – Müsahibə

bu-agir-neticelere-getirib-cixaracaq-musahibe
Oxunma sayı: 644

- Qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsinin Fransa parlamentinə qəbul edilməsi ilə bağlı göndərilən sənədi necə dəyərləndirirsiniz?
- Əvvəlcə onu vurğulamaq istəyirəm ki, bu yeni bir hadisə deyil. Fransa Milli Məclisi erməni soyqırımı ilə bağlı qanunu 2001-ci ildə qəbul edib. Bu soyqırımı tanımayanlar cəza tətbiq edilməsi ilə bağlı qərar layihəsi isə 2006-cı ildən müzakirələrə təqdim edilib. Amma həm Türkiyənin təzyiqləri, həm də Fransa Milli Məclisindəki sağlam qüvvələrin köməyi ilə qərar bu günə qədər keçməmişdi. Bu il yenə də gündəmə gətirilən bu layihə sabah parlamentdə səsverməyə çıxarılacaq. Amma bu dəfə qəbul edilməsi ehtimalı daha çoxdur. Çünki birbaşa prezident Sarkozinin bu məsələ ilə bağlı ciddi şərt irəli sürməsi ilə bağlı qeyri-rəsmi xəbərlər var. Erməni soyqırımını inkar edənlərə 1 il həbs qəti imkan tədbiri ilə 45 min avroluq bir cəza qəbul olunarsa bu Türkiyə- Fransa münasibətlərində çox böyük gərginliklərin başlanğıcı olacaq.

- Xüsusilə, Fransanın bu strategiyasının arxasında əsasən hansı siyasi maraqlar durur?

- Bütün dünyaya məlumdur ki, Fransada hər seçki öncəsi eyni proseslər baş verir. Siyasətçiləri ölkədə yaşayan böyük erməni icmasının səslərini almaq üçün yarışa girirlər. Nəzərə almalıyıq ki, ermənilərin bu ölkədə sayı təxminən 700 min nəfərə qədərdir və çoxları siyasi cəhətdən fəal insanlardır. Fransa erməniləri də bu ölkədə siyasi güclərinin böyüklüyünü dərk edirlər və bunu maksimum səviyyədə dəyərləndirərək tarixi saxtakarlıqlarına rəsmi don geyindirmək fürsətini əldən vermirlər. Erməni diasporu üçün Fransada bu qərarın qəbul edilməsi bütün dünyada soyqırımı iddialarının dəstək görməsi üçün çox əhəmiyyətli bir addımdır.

- Sizə elə gəlmir ki, bu gün Fransa erməni amilindən siyasi məqsədləri üçün istifadə edir. Ermənistan və ermənilər bu ölkənin umurunda belə deyil. Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, bu məsələdə fransızların öz məqsədləri, ermənilərin isə ayrı bir iddiası var. Bu məsələdə tələb təklifə uyğun gəlib. Yəni Erməni soyqırımını tanıması qarşılğında siyasətçilər-hal hazırkı şəraitdə hakim Xalq Hərəkatı birliyi 700 minə yaxın erməni vətəndaşın səsini udmaq üçün onların “könlünü almaq” yolunu seçib. Bilirsiniz ki, Sarkozinin partiyası olan Xalq Hərəkatı birliyinin son sorğularda xeyli səs itirdiyi üzə çıxmışdı. Nüfuzdan düşməsinin və sosialistlərin sürətlə önə çıxmasının qarşısını almaq üçün bu ən yaxşı variant idi. Bir güllə ilə iki quş. Həm ermənilərin səsini almaq, həm də Türkiyə ilə münasibətləri gərginləşdirmək yolu ilə gündəmdən düşməyərək itirilmiş səsləri geri qazanmaq. Birdə bunu da unutmamalıyıq ki, Fransa Türkiyənin ərəb ölkələrində, xüsusən də onun itirdiyi müstəmləkələrdə nüfuz olaraq önə çıxmasından çox narahatdır. Bu qərarla Sarkozi Türkiyədən həm də intiqam almış olacaq.

- Belə bir qanunun qəbul edilməsi Fransanın geosiyasi və regional siyasətdə roluna nə kimi təsir edə bilər?

- Erməni soyqırımını inkar edənlərə cəza tətbiq edilməsi haqda qərar Fransanın demokratik imicinə çox böyük zərbə vuracaq. Bəlkə qərarın qəbulu Suriya, Livan, İsrail, Amerika kimi erməni əhalisi çox olan ölkələrdə müsbət qarşılana bilər, onu da unutmaq olmaz ki, elə təkcə Afrikada 22 ölkə fransızca danışır, Fransanın təsiri altındadır. Amma məncə ümumi görüntü heç də xoş olmayacaq. İnsanların söz və ifadə azadlığı uğrunda mübarizədə bütün dünyaya örnək olmağa çalışan Avropanın göbəyində belə bir qərar heç bölgə ölkələri tərəfindən də dəstəklənməz.

- Qərarın qəbulu Türkiyə-Fransa münasibətlərinə necə təsir edəcək?

- Xatirinizdədirsə, İsraillə Türkiyə münasibətləri “Mavi Mərmərə” gəmisi basıldıqdan sonra fırtınalı bir dönəmə girmişdi. Məncə bu qərarın qəbulu bundan da ağır nəticələrə gətirib çıxaracaq. Bu gün Türkiyə prezidenti Gülün Fransa prezidenti Sarkoziyə zəng etməsi və ikincinin danışmaqdan imtina etməsi xəbəri rəsmi açıqlandı. Sabah qərarın səsverməsi zamanı Fransalı türklərin Milli Məclisə yürüşü gözlənilir. Türk Böyük Millət Məclisinin millət vəkilləri bir neçə qruplarda toplanmış halda Parisə gedib və görüşlər keçirirlər. Türkiyənin Fransadakı səfiri Ankaraya çağırılıb və qərarın qəbul olunması ehtimalında atılacaq addımlar planlaşdırılır. Məncə qərarın qəbul olunması təkcə Fransa-Türkiyə münasibətlərində deyil, bütün Avropada xeyli vaxt sürəcək gərginliklərlə müşayiət olunacaq. Sarkozinin isə hələ də geri addım atmaq üçün zamanı var.

Söhbətləşdi: Elnur Eltürk