“Bu, artıq antidövlət çıxışıdır”

bu-artiq-antidovlet-cixisidir
Oxunma sayı: 678

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib. S. Novruzov deyib ki, bəzi qüvvələr bu prosesə kölgə salmaqdan ötrü Azərbaycana marağı olub tələbi ödənməyən dövlətlər tərəfindən qızışdırılıb ortaya atılıblar: “Hansı ölkədə görünüb ki, "Eurovision" keçirilən ölkədə amnistiya tələb olunsun. Ondan təzyiq metodu kimi istifadə olunması tamamilə yanlışdır. Bu, artıq anti-Azərbaycan, antidövlət çıxışıdır, iqtidara deyil, xalqa və dövlətə qarşı çıxmaqdır və bunu anlamaq lazımdır. Bu cür addımlar yalnız düşmən mövqedə dayananların işdir. Dünya ölkələri də yaxşı bilir ki, bu metod deyil və bu üsulla hələ heç kim, heç nəyə nail olmayıb və nail olmayacaq da”.

S. Novruzov deyib ki, müxalifətin fəallaşması hava ilə əlaqədardır və mövsumi xarakter daşıyır: “Onların Azərbaycanda heç bir bazası, sosial dayaqları yoxdur. 20 ildən artıqdır ki, bunlar eyni funksiyanı yerinə yetirirlər... Birinin "komandası" cənubdan, digərininki şimaldan, birininki Avropadan, o birininki okeanın o tayından gəlir. Yəni, bu adamların Azərbaycan xalqı ilə, milli dövlətçilik maraqlarımız ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı şəxsi maraqlardan irəli gələn addımlar atırlar. Əgər mitinq keçirirsənsə, gəl düş qabağa ardınca adamları apar. Yoxsa uşaqları öyrədirsən, beynini pozursan, müəyyən adamları ortaya salırsan, əldə olunan vəsaitin böyük miqdarını isə özünün təminatına, istirahətinə istifadə edirsən. Bunlar çalışırlar ki, 1-2 mitinq keçirsinlər, ağalarından pul qopartsınlar ki, özlərinin birillik maddi gəlirlərini təmin etsinlər. Siyasətdə qalmaq üçün hər hansı bir vəsait sərf etməlisən. Bu vəsaitlər hardan gəlir, bunları hamımız bilirik. Təsəvvür edin, bunlar, hətta öz yoldaşlarına da kələk gəlirlər. Dəfələrlə bu barədə müzakirələr olub. Ayrı-ayrı siyasi partiyalarda rəhbər strukturlardan istefa verənlər səbəbsiz yerə bu addımı atmayıblar. Onlar tələb edirdilər ki belə bir məsələ var, gəlin çıxarın ortaya. Düzdür çox geniş müzakirə də aça bilmirdirlər. Çünki özləri də çox pis vəziyyətdə qalırdılar. Amma ortada bu faktlar var. Onlar müəyyən qədər vəsait alırlar ki, ortaya filan qədər adam çıxaracam. Sosial baza yoxdur, vəsaiti də sərf etmək istəmirlər ki, adam tutsunlar. Çünki pulla tutulan adamlar pulunu alır, gəlir iştirak edir və çıxır gedir. Ona görə də, onlar kütləvi aksiyaları şəhərin gur yerində keçirmək istəyirlər. Hansı ki, o ərazilər 10 min, 15 min insanın hərəkət etdiyi yerlərdir. Və ya özləri bilərəkdən elə yer deyirlər ki, hökumət onlara icazə verməsin. Çünki orada təhlükəsizliyi təmin etmək mümkün deyil. Sərbəst toplaşmaq azadlığı haqqında qanunda göstərilib ki, kütləvi aksiyaların keçirilməsi üçün elə yerlər müəyyənləşdirilir ki, orada insanların təhlükəsizliyini təmin etmək mümkün olsun. Bu səbəbdən də müvafiq yer ayrılır”.